Son iki gündə ölkə əhalisi təbii qaza həsrət qalıb. Əhaliyə verilən qazın təzyiqində kəskin problemlər yaşanır. Qaz çox aşağı təzyiqlə verilir ki, bu da evlərdə istifadə olunan kombi və bəzi qızdırıcı sistemlərin avtomatik sönməsi ilə nəticələnir. Əslində bu problem bütün qış uzunu da davam etdi. Əgər müxtəlif ərazilərdə qazın verilişi ilə bağlı məhdudiyyətlər yaranırdısa, indi qazın verilişi ilə bağlı bütün ərazilərdə vəziyyət daha da ağırlaşıb. Qazın olmaması ilə bağlı şikayətlənənlərin sayı çoxalıb. Quruma müraciət edən abonentlərə problem yaranan ərazilərə baxış keçiriləcəyinə dair vədlər verilsə də, məsələ ilə nəinki maraqlanan, hətta şikayətləri qeydə alan yoxdur.
Bu günlərdə yoxlama zamanı “Azəriqaz”da ciddi nöqsanların tapılması bu sahədə də yeyintilərin olmamasına rəvac verdi. Hesablama Palatası “Azəriqaz” İB-də apardığı yoxlamalar nəticəsində müəyyən edib ki, Dövlət Proqramları çərçivəsində aparılan qazlaşdırma prosesində dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri tərtib edilməyib. Qazlaşdırma tədbirlərinin intensiv olaraq həyata keçirilməsinə, o cümlədən, qaz təsərrüfatı şəbəkəsinin əsaslı surətdə yenilənməsinə, əsasən əhali istehlakçı qrupu üzrə qaz şəbəkəsinin yenidən qurulmasına vəsait qoyulsa da, Birlik üzrə normadan artıq itki 2014-cü ildə 12,4%, 2015-ci ildə isə 14% təşkil edib.
Bir sıra hallarda dövlət büdcəsinin vəsaiti hesabına nizamnamə kapitalının artırılmasına aid edilmiş məbləğ üzrə ƏDV məbləği əvəzləşdirilməsi hallarına yol verilib, Dövlət Neft Şirkətinin Baş ofisi tərəfindən Birliyə qaytarılmaq şərti ilə ayrılmış maliyyə yardımlarının sonradan borc kimi geri alınması ayrıca sənədlə rəsmiləşdirilməyib. Bundan əlavə, qazın topdan alışı, nəqli və pərakəndə satışı prosesində bəzi hallarda mərkəzləşdirilmiş qaydada iqtisadi nəticəliliyi tam əsaslandırılmayan idarəetmə qərarlarının qəbul edilməsi halları, o cümlədən, nəqliyyat xidmətlərinə olan tələbatın təsərrüfatdaxili əsaslarla deyil, sifarişçilər əsasında (icarəyə götürülməklə) reallaşdırılması, təbii qazın topdanalışı və nəqli prosesində iştirakçı qismində üçüncü hüquqi şəxsin cəlb edilməsi, Birliyin balansında olan əsas vəsaitlərin əvəzsiz olaraq digər hüquqi şəxslərin balansına köçürülməsi, və digər bu kimi hallar “Azəriqaz” İB-nin fəaliyyətinin (auditlə əhatə olunan dövrdə) zərərlə başa vurması ilə nəticələnib.
“Ernst and Young” audit şirkəti isə apardığı monitorinqə görə 2015-ci ildə ümumi qaz itkiləri 700.8mln. m3 təşkil edir. 691 mindən çox abunəçinin borclu olduğu halda, 80 faizinə qaz verilişi dayandırılmır. Debutor borcların illik ortalama həcmi 200 milyon manat ətrafındadır. Dövlət satınalmalarında tender qaydalarının şəffaf olmaması, təklif edilən qiymətlərin orta bazar qiymətlərindən 20 faiz baha olması aşkar edilib.
Əkbər Hacıyev dalana dirənib…
Maraqlı məqamlardan biri aşkar olunan qaz itkisi ilıə bağlı “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin sərsəm açıqlaması olub. Qurum rəhbərinin dediyinə görə dövlət qurumları tərəfindən yoxlama aparılırsa, bu, aidiyyatı qurumlarla “Azəriqaz” arasında olan məsələdir. Bunun ictimaiyyətə hər hansı bir aidiyyəti yoxdur.
Görünür, Əkbər Hacıyev və onun komandası artıq dalana dirənib. Əlbirliyilə satılan və ya yoxa çıxarılan qazın əhalinin belinə necə yazılması və hesabatlardan silinməsinin açıqlanmasından ehtiyatlanan “qaz verənlər” indi bunu necə təlafiyə edəcəklərindən qorxuya düşüblər. 5 ildir ki, qazın kimlərə və ya hara satıldığı üzə çıxarılmasa da, ictimaiyyətə bu məlumatlar bəzi mənbələrdən açıqlanıb. Əkbər Hacıyevin aqressiv mövqe nümayiş etdirməsi məhz bununla bağlıdır. Qurum rəhbəri anlayır ki, özü və komandası əhalinin boğazından kəsdiyi qaz hesabına varlandıqları üçün artıq onlara yaşıl işıq qapanır. Beləcə, “Azəriqaz”ın səriştəsiz və özünə uğurlu fəaliyyəti sona yetir.
Qaz necə itkiyə gedir?
“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban “Cümhuriyət” qəzetinə açıqlamasında qazın necə itkiyə getməsindən danışıb. O, deyib ki, qaz itkiyə bir neçə səbəbdən gedə bilər: “Bu boru kəmərlərində sıxılma nəticəsində, daha sonra ötürmələrdə itkiyə gedə bilər. Azərbaycan reallığında ən böyük itki odur ki, istifadəçi fiziki şəxs yox, ümumiyyətlə, şəxsdir. O, qaz istifadə edir, amma pulunu ödəmir. Bunun özü də itkidir. İtki bunun hesabına yaranır. O demək deyil ki, kranı açasan və qaz uçub getsin. Əsas məsələ odur ki, sistemə qaz daxil olur, istifadə edilir və onun vəsaiti ödənilmir. Bu da sənədlərində itki kimi qeyd olunur. Həmişə “Azəriqaz”ın ictimaiyyət üçün açıqladığı hesabatlarda qeyd edirlər ki, əhali üçün nə qədər qaz veriblər. Bu hesabatlarda istilikxanaları, sənaye və dövlət obyektlərini biz ayrıca görmürük. Ola bilər ki, bəzilərinin hökumətlə əlaqələri var, mən onları deyə bilmərəm. Fakt faktlığında qalır. Amma ən böyük itki ödəməməkdən gəlir. Yoxsa ki, sızmadan milyonlarla kubmetr itki yaranmır”.
Qazın xaricə satılması məsələsinə toxunan ekspert bunun mümkünsüzlüyünü deyib: “Qazın xaricə satılması gülüncdür. Xaricin öz statistikası var. Kim nə alır və qəpiyinə qədər ödəyir. İstixanalara qazın satılması məsələsi isə araşdırılmalıdır. İstixana kimə məxsusdur? İstixana Həsənə, Məmmədə və ya kasıb-kusuba məxsus deyil. İstixanalar həddən artıq bahalı bir obyektlərdir. İnternetdə icarə edilən istixanalar 900 min 1 milyon manat arasındadır.
Bu obyekt çox gəlir gətirən bir müəssisədir. Kiminsə belə bir istixanası olsa, onun qiymətini bir mövsümə çıxarır. Onun sahibləri yüksək kapital qoyuluşuna malikdirsə və yüksək gəlir götürürsə, pomidor, xiyarın “od tutan” qiymətlərini görürüksə, hansı rəqabətdən danışmaq olar? Şəffaflıq o demək deyil ki, bu qədər qaz, neft satdım və bunlar necə bölüşdürüldü. Rəqabət mühiti şəffaf qurulunda bütün ölkə bundan səmərəli bəhrə əldə edir. Əsas məsələ bundadır”.
Cebhe.info