Yazda hava şəraitinin normal olmaması və məhsulların Rusiyaya daşınması bahalıq yaradıb
Bazarlarda bir çox mövsüm meyvələrinin qiyməti nübar dövründə olduğu həddən aşağı düşmür. Əsasən də ərik, gilas və göycə alçanın qiyməti 5-8 manat civarındadır. Hətta növündən asılı olaraq 9-10 manata alma, 10-11 manata gilas, 6 manata ərik də var. Meyvələrin bu həddə olması əhalini də narazı salır. Çünki sözügedən mövsüm meyvələrinin əsas yeyilmə dövrü indidir, bir müddət sonra gilas və əriyin yığımı bitəcək. Lakin qiymətlər insanların kifayət qədər bəhrələnməsinə imkan vermir. Qışlıq konservlərin bağlanması üçün isə ümumiyyətlə bu qiymətlər sərfəli deyil.
“Yeni Müsavat”ın müxbiri yeni məhsulların, mövsüm meyvə və tərəvəzlərinin qiymətləri ilə bağlı durumu öyrənmək üçün paytaxtın “8-ci kilometr” bazarına baş çəkib. Qeyd edək ki, alıcılar kimi satıcılar da qiymətlərin bu həddə olmasından narahatdır. Çünki yüksək qiymətlər alıcılığı azaldır, tələbat böyük olsa da insanlar məhdud həcmdə bazarlıq edirlər.
Satıcı Vüqar Məmmədovun sözlərinə görə, ötən illə müqayisədə bu il bahalıqdır: “Bunun səbəbi isə bu ilin aprel ayında regionlarda qarın yağması oldu. Bu isə ən çox meyvə ağaclarını vurdu. Biz özümüz də etiraf edirik ki, çox bahadır. Ötən il bu vaxtı çiyələyi 50 qəpikdən almaq mümkün idi, bu il isə kiloqramı 3 manatdır. Ötən illə bu ilin arasında 2.50 manat fərq var. Səbəbi də dəqiq bilinmir”.
Digər satıcılar da bildirdilər ki, ötənilki qiymətlərlə müqayisədə 1-2 manat artım müşahidə olunur. Bu da mövsümün pis keçməsi ilə əlaqədardır.
Rusiya ilə sərhədin açılması və məhsulların daha çox bu ölkəyə daşınması da daxili bazarda qıtlıq yaradır ki, bahalaşma həm də onunla əlaqədardır. Gilas, ərik, şaftalı, alça Xaçmazdan birbaşa Rusiyaya aparılır. Xiyar, pomidor, badımcan isə ötən illə müqayisədə daha ucuzdur.
Digər bir piştaxtada isə qarpız düzülüb. Hələ qarpızın normal yetişmə dövrü olmasa da artıq qiyməti düşməyə başlayıb. Satıcı bildirdi ki, topdansatışda qarpızın kiloqramı 32-35 qəpikdir, bazarda isə 40 qəpikdir: “Ötən il bu vaxt isə 50-55 qəpik idi. Ucuzluğun səbəbi bostanlarda məhsulun bol olmasıdır. Digər bir səbəb də qarpızla bağlı fikirlərdir ki, zəhərlənməyə səbəb olur, ziyan verir və sair. İnsanlar bu səbəbdən qorxur və almırlar.
Ancaq bu il həddindən artıq çox əkilib. Artıq indidən sahələrdə 28-30 qəpiyə alırıq. Bu isə bəzi fermerlərə sərf eləmir, heç yerdən toplanmasının, fəhlənin pulunu ödəmir”.
Qeyd edək ki, bazarda şaftalının kiloqramı 8-10 manata, əriyin kiloqramı 2-6 manat arasında, gilas 3 manatdan 5 manata qədər, vişnənin kiloqramı 2 manata satılır. Daha yaxşı gilas növləri də var ki, qiyməti 8 manatadır.
Tərəvəzlərə gəlincə, pomidor topdansatışda 25 qəpiyə, pərakəndə satışı isə 50-90 qəpiyə, xiyarın kiloqramı 30 qəpiyə, badımcan 70 qəpiyə, yaşıl lobyanın kiloqramı 1.20 manata, kartof 70 qəpik-1 manat arasında, soğan 60 qəpiyə, sütül qarğıdalının 1 ədədi 40 qəpiyə satılır.
Ərik, şaftalı, gilas və alçanın yüksək qiymətə satılmasının səbəblərini isə kənd təsərrüfatı sahəsində ekspert Nicat Nəsirli “Yeni Müsavat”a danışarkən açıqladı. Onun sözlərinə görə, hazırda əhalini əsasən 3 məhsulun qiyməti narahat edir: “İnsanları narahat edən alça, ərik və gilasın qiymətidir. Digərlərinin qiyməti bazar qiymətlərinə ya yaxındır, ya da çox ciddi fərq etmir. O baxımdan bu 3 meyvənin qiymətinin yüksək olmasını dəyərləndirmək istərdim. Birinci səbəb, ilkin yaz dövründə bu meyvə ağacları çiçəklədikdən sonra yağışların yağması, dolu düşməsi bu 3 meyvənin məhsuldarlığına təsir edib. Əgər keçən il 1 hektar gilas bağından 8-12 ton arası məhsul yığılırdısa, bu il bu göstərici 4-5 tondur. Əgər keçən il şimal bölgəsində 1 hektardan 6-7 ton ərik yığa bilirdisə, indi 2-3 tona düşüb. Səbəb çiçəklənmə dövründə iki həftəlik hava şəraitinin pisləşməsi ilə mayalanmanın uğurlu getməməsidir. Ağac çiçək açsa belə, maya tutmadan sovrulub gedib, bar verməyib. İkinci faktor tələbatın çox olmasıdır. Gilas və ərik bu mövsümdə prioritetdir, insanların tələbatı böyükdür. Ev təsərrüfatında mürəbbə və kompotlar bişirilir. Heç ötən il də bu məhsullar ucuz olmayıb. Üçüncü faktor isə odur ki, bu məhsullar qonşu Rusiya bazarlarına çox ixrac olunur. Hətta Şimal bölgəsində iri ərik və gilas bağları var ki, onun məhsulundan 1 kiloqram da daxili bazara gəlmir”.
Ekspert onu da vurğuladı ki, bu 3 meyvənin qiymət artımında monopoliya və sair faktı yoxdur: “Ötənilki rəqəmlərə baxsaq, 360 min ton gilas, 269 min ton ərik, 249 min ton alça, albalı cəmi 102 ton olub. Ötənilki göstəricilər belə çox da yüksək deyil. Bu il daha da az olacaq. Adını çəkdiyimiz 3 məhsul iyul ayının ilk günlərinə kimi davam edəcək. Bir qədər sonra gilasın ”Romonov” sortu da yetişir və onun bazara çıxması ilə gilasın qiymətində bir qədər ucuzlaşma olacaq. Bu bir qədər gec yetişən sortdur. Hazırda “öküz ürəyi” deyilən gilasın kiloqramı 4-5 manatdırsa, “Romonov” sortu daha ucuz məhsul kimi bazara girəcək. Ərik hər zaman baha olub, çünki tələbat daha çoxdur. Mən hesab edirəm ki, bu günlərdə bizim iş adamları İrandan bu meyvələri, əsasən də əriyi idxal etməyə başlayacaqlar”.