Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir müddət əvvəl nazirliyin bir neçə rayon şöbələrinin müdirlərini vəzifədən kənarlaşdırıb, bəzilərinə isə töhmət verib.
Nazirliyin şöbə müdirlərinin vəzifədən uzaqlaşdırılması işdə ciddi nöqsanlara yol vermələri, kadrların yerləşdirilməsində qanunsuzluq törətmələri ilə izah olunur. Şöbə müdirlərinin işdən çıxarılmasına səbəb olan nöqsanlar isə çox ilgincdir. Belə ki, şöbə müdirlərinin dövlət büdcəsindən ayrılan vəsaitlərin necə silinməsini əks etdirən sənədlər üzə çıxıb.
Musavat.com-un əldə etdiyi sənədlərdə aydın görünür ki, nazirliyin rayon şöbələrində büdcədən ayrılan vəsaitlər qanunsuz olaraq necə xərclənir, aparılan saxta sənədləşmələr sayəsində dövlətdən ayrılan vəsaitlər rayon şöbələrinin rəhbərlərinin cibinə gedir.
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin əmri ilə işdən çıxarılanlardan biri də Yevlax Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlqar Əhmədovdur.
İlqar Əhmədov Hesablama Palatasının apardığı audit yoxlamaları zamanı ortaya çıxan nöqsanlara görə vəzifədən uzaqlaşdırılıb. Hesablama Palatasının dövlət büdcəsinin yerli xərclərindən Yevlax Şəhər Mədəniyyət və Turizm Şöbəsinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin aparılması nəticəsində aşkar etdiyi nöqsanlar çox ilgincdir.
Audit zamanı məlum olub ki, Yevlax Şəhər Mədəniyyət və Turizm Şöbəsi tərəfindən büdcə illərində xərc maddələri üzrə proqnoz layihələri tərtib olunarkən büdcə qanunvericiliyinin tələbləri gözlənilməyərək şöbənin maliyyə təsərrüfat fəaliyyətinin nəticəsi düzgün qiymətləndirilməyib, büdcədənkənar daxilolmaların icrası istiqamətində müvafiq işlər aparılmamış və nəticədə külli miqdarda vəsaitin təyinatı dəyişdirilərək xərc edilib. Şöbədə dövlətdən ayrılan vəsaitlər müxtəlif istiqamətlər üzrə büdcədən silinirmiş.
Məsələn, işçilərin ezamiyyə günlərinin sayı düzgün hesablanmayaraq büdcədən külli miqdarda vəsait mənimsənilib. Mərkəzləşdirilmiş kitabxana sisteminin kompleksləşdirilmə və kitabişləmə şöbəsində, tarix-diyarşünaslıq muzeyində, musiqi məktəbində, mədəniyyət evlərində, klublarda, saraylarda ştatdan kənar işçilər saxlanılaraq 9 min manata yaxın əlavə əmək haqqı ödənilib.
Mühasibat uçotunun “Əməyin ödənişi üzrə işçi heyətinə borclar” paraqrafı üzrə yaranmış 40347 manat məbləğində kreditor borc həmin hesabda uçota götürülməyib, işçilərin əmək haqları gecikdirilib. 7 nəfər işçinin əmək haqqından 3 min manata yaxın gəlir vergisi az tutulub.
Müdirə yaxın olan bəzi işçilərin adına kirayə haqqı olaraq 960 manat pul ayrılıb, bəzi işçilərin əmək haqlarından onların razılığı olmadan müxtəlif fondlara tutulmalar aparılıb. Bir neçə işçinin əmək haqqı 41717 manat azaldılaraq digər işçilərin plastik kartlarına köçürülərək mənimsənilib.
Malların satın alınması zamanı 60971 manat vəsait satınalma proseduru olmadan xərc edilib. Bunlar azmış kimi, nazirlik tərəfindən şöbəyə əvəzsiz olaraq verilmiş 13889 manat dəyərində inventar və avadanlıqlar mühasibatlıqda uçota alınmayıb.
Digər ilginc bir məqam isə Yevlax Elektrik Şəbəkəsi tərəfindən 2013-cü ilin dekabr ayında tərtib edilmiş aktda şöbənin nəzdində fəaliyyət göstərən sarayda elektrik sayğacı işlək vəziyyətdə olduğu halda sərfiyyat sayğacsız göstərilərək əvvəlki ayların müvafiq göstəricilərindən 3 min manata yaxın artıq büdcə vəsaiti ödənilərək həmin məbləğ sarayın qarşısında olan parkın işıqlandırılmasına yönləndirilib.
Məhz Hesablama Palatası tərəfindən aparılan audit zamanı ortaya çıxan nöqsanlar şöbə müdirinin vəzifədən uzaqlaşdırılmasına səbəb olub. Bu fakt bir daha onu göstərir ki, dövlət büdcəsindən ayrılan vəsaitlərin böyük hissəsi məhz məmurların cibini doldurur.
Əldə etdiyimiz məlumata görə, Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İsa Allahverdiyevin də işdən çıxarılmasına səbəb yuxarıda qeyd etdiyimiz nöqsanlara yol verməsidir. Həmçinin Ağdam Rayon Mədəniyyət və Turizm Şöbəsində də aparılan yoxlamalarda bu cür nöqsanlar üzə çıxıb.