Azərbaycan İdeyası

Aşura bizə lazımdırmı?

Tarix:26-10-2015, 13:44
Baxış Sayı:465

İlqar Altay

"Korrupsiya və Qanun" qəzetinin aldığı məlumata görə Bakı və regionları əhatə edən Aşura-2015 göstərdi ki, aşuranı əlində siyasi silaha çevirmiş İran molla rejimi son 1-2 ildə Azərbaycanda nə qədər "irəliləyiş" edə bilib. Dövlətimizin başının Qərb-Rusiya arası dartışmalardan törənən təsir və təzyiqlərə qarışdığı vaxt, ölkəmizdəki 5-ci kalonunu necə "effektlə" nizama sala bilib.
Qonşu islam şiə dövləti deyəsən, həm də, başımızın sūnni probleminə: xəyali İŞİD təhlükəsi, vahabi yuvalarının aşkarlanması, Suriyaya "xidmətə" gedənlərimizin axtarışı kimi işlərə qarışması fürsətindən də yararlanıb.
Cənub qonşunun ideologiya ixracı artıq, təsir dairəsinə görə Bakı və cənub regionunu aşır. Ölkənin qərbini, Gəncə-Qazax və sair zonalarını da əhatə etməkdədir. Neçə-neçə gəncimizin beyni yuyulmaqda və millət, vətən, xalq dəyərlərindən uzaqlaşdırılmaqda, əvəzində dini-fanatizm mücərrədlikləri ilə doldurulub uyuşdurulmaqdadır.
Hiss olunur ki, Rusiya ilə daha sıx müttəfiqləşən və ürəklənib Yəmən, İraq və Suriyada aktiv hərəkətə keçən İran islam rejimi son zamanlar Azərbaycanda da aktivlik göstərməkdə xeyli cürətlənib. Ölkəmizdəki yerli nümayəndələri hətta, milli-dövlət təhlükəsizliyimizi qoruyan nazirliyi açıq-açığına "çayxana" adlandırmaqdan belə, çəkinmirlər. Ciddi təhlükədir, dövlətçiliyimiz üçün.
Hiss olunur ki, bu məsləyə birbaşa cavabdeh olan dövlət orqanımız Milli Təhlükəsizlik Nazirliyi (MTN), başının illərlə "biznesə" qarışdığı dövrdə başdansovdu, görüntü xatirinə "dini ekstremizmlə mübarizə" adlı əməliyyatlar keçirməklə, çox "effektli" işləyib. Bu defekt düzəlməlidir.
Dini Qurumlarla iş uzrə Dövlət komitəsi var, onun bazası və səlahiyyətləri tam artırılmalıdır ki, bu sahədə təsir və tənzim imkanı güclənsin. Bütün dini tədbir və mərasinlərin bizim milli mentalitetimizə, eləcə də dövlətçilik prinsiplərimizə uygun aparılmasını nəzarətdə saxlasın.
Qafqaz Müsəlmanları İdarəsi də, bu məsələdə öz qəti sözünü deməlidir, əgər Azərbaycan dövlətçiliyi bu qurum üçün hər şeydən öndədirsə. Guya qan vermək aksiyası adı ilə şaxsey-vaxseyi, sinə döyüb, zəncir vurub baş yarmanı əvəzləyib kompensasiya etməklə, "aşura səhnəsi" quran radikal dini təşkilatçıların başını tumarlamamalı, onları ərköyünləşdirməməlidir.
Qol damarından çıxan qan təbliğatı baş yarmadan çıxan qan ifratçılığı qarşısını çətin alsın. Bunun üçün Kərbala müsibəti şəhidlərinin ruhunun müsəlman kişisinə yaraşmayan ifrat yalançı hay-küylü və ekstravaqant qançıxarma səhnə-şousu ilə yox, əsl islama yaraşan daxili alicənablıq, təmkin və səbrlə yad edilməsi savab və üstünlüyünü izah etmək lazımdır.
İctimai təhlükəsizliyə cavabdeh orqanlarımız da düşünməlidirlər ki, tək siyasi-radikal ekstremizmi islah etməklə iş bitmir. Dini ekstremizmin də üstünə düşmək lazımdır axı. Tarix və yaxındakı "ərəb baharı" da dəfələrlə sübut etdi ki, siyasilərin başı bir-biriylə mübarizəyə, dartışmaya qarışanda hakimiyyət radikal dini ekstremist qüvvələrin əlinə keçir.
Bu məsələdə vətəndaş cəmiyyəti də diqqətsizlik edir, açığı. İctimai xadimlər və təşkilatlar, QHT-lər, media orqanları bu saatda hər şeyi buraxıb, xūsusi ehtirasla məmur ovuna, bu sahədəki "vurulmalar" sensasiyası tamaşasına cıxıblar. Halbuki, bu saatkı məmur islahları nə ölkənin, nə ictimaiyyətin diqqətini būtūnlūklə zəbt etməyə layiq deyil. Niyə?
Məmurların özbaşınalıq və ziyankarlıqları artıq çoxdan sərhəddi aşıb.Artıq onlar xalqdan və cəmiyyətdən də keçib, təmsil etdikləri dövləti zədələyib, sökūb sarsıtmağa başlayıblar. Dövlətçilik mənafeyinə ciddi zərbələr vurublar, ziyankarlıqlar ediblər. Onlarla artıq, dövlətin rəhbərliyi özü ciddi məşğul olur. Onları cəmiyyətin gözlədiyi və istədiyindən az olmayaraq araşdırır, ortaya çıxarır və sərt cəzalandırır.
Bizə vacib lazımdır ki, ölkədaxili ziddiyyətlərə aludə olub, xaricdən gələn təhlükəni diqqətdən buraxmayaq. Bu barədə yazaq, çıxışlar edək, tədbirlər keçirək. Əsl dini, humanist məramlı imanlilarımizla siyasi, təriqət, maddi və s. mənafe güdən fırıldaqçıları fərq edək, qətiyyətlə ortaya çıxaraq. Tarixçi alimlərimiz, dinşünaslarımız aşura şousunun nə dərəcədə islama, şiə təriqətinə, bəşəri prinsiplərə uygun və bizə lazım olduğunu ortaya qoysunlar.
Daxili İşlər Nazirliyi (DİN) tabeliyindəki strukturlar da ölkədə islam ekstremizmi itaətsizliyinin qəti qarşısının alınması və ictimai sabitliyin qorunması istiqamətində daha aktiv olsunlar. Bu istiqamətdə ictimaiyyətlə əlaqələrini qurub, güclü ictimai dəstək qazansınlar.
Bir də, bu problemin qarşısının alınmasında daha ixtisaslı, aidiyyətli dövlət strukturu olan MTN-də tezliklə sağlamlaşma getsin.Gecikmədən bütün gücü və imkanları ilə xaricdən süzülüb gələn pozucu dini fəaliyyətə, qüvvə və cərəyanlara qarşı effektiv mübarizə aparsın. Çünki, inanın ki, bu saat hətta, həyəcan təbili çalınma dərəcəsində ciddi proseslər gedir Azərbaycana qarşı.
Bu gözəl ölkə, bu dövlət bir tarixi şansdır, vergidir bizim xalq üçün.Gəlin, bir qədər geniş və sağlam düşünək. Özünəqapanma və biganəlikdən ayılıb, arxayınçılıq hissini kənara qoyub, bu misilsiz neməti itirə biləcəyimizdən narahat olaq. Birlik və qətiyyət göstərib, xarici basqıları, separatizmi, dini təfriqələri qətiyyətlə ifşa edib rədd edək. Heyfdir vallah, bu ölkə, bu dövlət!
Mən, məsələn, bir tədqiqatçı kimi açıq və qətiyyətlə deyirəm ki, bu günkü aşura tədbirlərinin tərkibində İran rejiminin Azərbaycan dövlətçiliyinə qarşı ideoloji proqramı durur. Bu, birmənalıdır!
Rədd olsun, ifrat islam sünnilik və şiəliyi, yəhudi sionizmi, xristian şovinizmi Azərbaycandan! Əl çəkin, rahat buraxın bu ölkəni!

OXŞAR XƏBƏRLƏR
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025