“İlk dəfə mülki şəhidləri 20 Yanvar 1990-cı ildə gördük.
Nə əllərində silahları var idi, nə də döyüşərək həlak olmuşdular.
Aralarında:
Qadınlar da vardı...
Qocalar və uşaqlar da...
Ölkəmizdə yaşayan bir sıra millətin nümayəndələri də...
Bütün dinlərə sitayiş edənlər birlikdə qətlə yetirilmişdilər...
Azadlıq hayqırtısı ilə küçəyə çıxanları da, təsadüfən yol keçənləri də, avtobusla evinə gedənləri də, pəncərədən baxanları da hədəfə çevirmişdilər.
Bunu sovet ordusu etmişdi.
Bunu "qızıl ordu" deyərək şəninə tərifli sözlər söylədiyimiz əlisilahlılar etmişdilər.
Bunu tərkibində çoxsaylı ermənilərin olduğu, bizə "qulaqburması vermək" üçün Moskvadan göndərilən "xilaskar ordu"muz etmişdi.
Qarabağa göz dikənlərə, onlara havadarlıq edənlərə etirazımızı açıq şəkildə bildirdiyimizə görə etmişdi.
Azadlıq eşqinə düşərək bu istəyimizi açıq şəkildə bildirdiyimizə görə etmişdi.
Rəhbərsiz, arxasız, köməksiz qaldığımıza görə edə bilmişdi.
Bu cəzalandırma əməliyyatı zamanı əzildik, qırıldıq, qanımıza qəltan olduq.
Amma qorxmadıq, sınmadıq, geri durmadıq.
Əksinə - bərkidik, cürətləndik, birləşdik, daha cəsarətli olduq.
Bütün bunlar Qarabağ müharibələrində karımıza gəldi!
Təəssüf ki, mülki şəhidlik təkcə 20 Yanvarla bitmədi!
I Qarabağ müharibəsi bizi qəflətən yaxaladı...”
(“Azərbaycan” qəzeti, 03 oktyabr 2024-cü il.)
Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi terror aktları nəticəsində 94 mülki şəxs həlak olmuş, onlara rəsmi olaraq şəhid statusu verilmişdir. Həmin döyüşlərdə yaralanan mülki vətəndaşların ailə üzvlərinə dövlət tərəfindən müvafiq sosial ödənişlər təyin olunmuşdur. Müharibənin ilk günü — 2020-ci il sentyabrın 27-də Ermənistanın Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndinə atdığı top mərmisi nəticəsində Elbrus Qurbanov və onun ailə üzvləri həlak olub. Gəncə, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Füzuli və Goranboy rayonları da daxil olmaqla, döyüş bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrinin ağır artilleriya və raket atəşinə tutulması nəticəsində onlarla dinc sakin həyatını itirib.
Bəs Birinci Qarabağ müharibəsi zaman düşmən təcavüzü nəticəsində həlak olan insanlarımızın hamısına şəhid statusu verilibmi? – Yox! Bəllidir ki, hətta döyüşənlərin arasında belə indiyədək veteran statusu almayanlar vardır.
Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu park – 2 yaşayış massivində qeydiyyatda olan Qurbanova Nailə Paşa qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək bildirmişdir ki, atası Quliyev Paşa Qoca oğlu 03.10.1992-ci il tarixdə Ağdam rayonunun Un Zavodunda döş qəfəsindən aldığı qəlpə yarasından dünyasını dəyişmişdir. Nailə xanım xahiş edir ki, redaksiya məsələni mediada işıqlandırmaqla, atasına ölümündən sonra şəhid statusu verilməsi üçün ictimaiyyətin dəstəyini səfərbər etsin.
Nailə xanımın redaksiyaya təqdim etdiyi atasının ölümü haqqında şəhadətnamədə də ölümün qəlpə yarasından baş verdiyi göstərilmişdir.
Cənab Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsində şücaət göstərmiş İbad Hüseynova məhz İkinci Qarabağ savaşından sonra Milli Qəhrəman adı verməklə, göstərdi ki, nəticələrindən asılı olmnayaraq hər iki müharibənin iştirakçıları da, qəhrəmanları da, şəhidləri də, qaziləri də, mülki itkiləri də statusca bərabərdirlər. Bu nöqteyi-nəzərdən, Nailə xanım da atasına şəhid statusu verilməsinə nail olacağına ümidini itirməməlidir.
X.Ə.Quliyeva, baş redaktor