Azərbaycan İdeyası

ƏN ŞƏRƏFLİ PEŞƏNİN ƏN YAXŞI MÜSAFİRLƏRİNDƏN BİRİ

Tarix:12-10-2016, 15:45
Baxış Sayı:496

“Hər birimizə təhsil, bilik verən, bu səviyyəyə qaldıran məktəbdir və məktəbdə təhsil verən də müəllimdir” - Ulu öndərimiz Heydər Əliyevin müəllim əməyinə verdiyi bu dahiyanə qiymətdə böyük bir hikmət vardır. Nədənsə orta və ali məktəbdə oxuyarkən, yəni bizə elmin sirlərini öyrətməklə yanaşı, həm də həyat dərsi öyrədən insanlarla hər gün təmasda olanda onların sözün əsl mənasında böyüklüyünün fərqinə varmırıq. Amma aradan illər ötdükcə onlar gözümüzdə daha da böyüyür, ucalır, ululaşır. Əslində insanın ömür yolu özü bir məktəbdir və hər kəs beşikdən ta qəbir evinəcən öyrənə-öyrənə gedir. Bəzən hətta həyatda çox cüzi zaman çərçivəsində təmasda olduğun adamdan da çox şey öyrənir və bütün ömür boyu onu minnətdarlıqla xatırlayırsan. Haqqında söz açdığımız Şəhla müəllimə də şagirdlərinin qəlbində özünə möhtəşəm heykəl qurub.
Mürsəlova Şəhla Miradil qızı M. F. Axundov adına Azərbaycan Pedaqoji İnstitutunun məzunudur. 30 il Göytəpə şəhər V. Hüseynov adına 2 saylı tam orta məktəbdə müəllim kimi təqdirəlayiq fəaliyyət göstərmiş, 2 il tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 6 ildir ki, həmin məktəbin direktoru vəzifəsində işləyir.
Məktəbdə ciddi səliqə-sahman, nizam-intizam, davamiyyət ilk növbədə müşahidəçinin diqqətini cəlb edir. Ona görə ki, direktor həmişə iş başındadır. Hər il Cəlilabad rayonunda keçirilən bilik yarışları və viktorinalarda, Təhsil Nazirliyinin xətti ilə keçirilən fənn olimpiadalarında, inşa müsabiqələrində Şəhla müəllimənin direktorluq etdiyi məktəbin şagirdləri həvəslə iştirak edir və uğur qazanırlar. Hər bir şagirdin qazandığı uğur müəllimənin ürəyini qürur hissi ilə doldurur. Məktəbin şagirdlərinin sorağı respublikanın müxtəlif ali məktəblərindən gəlir. Təsadüfi deyildir ki, Şəhla Mürsəlovanın fəaliyyəti Təhsil Nazirliyi, rayon rəhbərliyi, ictimaiyyət tərəfindən təqdir olunur. Müxtəlif dövlət qurumları və ictimai təşkilatlar tərəfindən ona verilmiş fəxri diplomlar da bu həqiqəti təsdiqləyir.
Görüşümüz 5 oktyabr - Müəllim Gününə təsadüf etdiyindən, Şəhla müəlliməni və onunla çiyin-çiyinə çalışan pedaqoji kollektiv üzvlərini peşə bayramları münasibətilə təbrik etdik. Buna görə təşəkkürünü bildirən xanım direktor öz növbəsində qəzetimizin tribunasından istifadə etmək fürsətini dəyərləndirərək, bu günlərdə ölkəmizdə təhsilin inkişafındakı xidmətlərinə görə Prezident tərəfindən Azərbaycan Respublikasının fəxri adları verilən təhsil işçilərinə təbrik nidalarını çatdırdı, hər il müəllimləri sevindirən bu gözəl ənənənin dövlətimizin təhsil işçilərinə diqqət və qayğısının ən bariz nümunəsi olduğunu vurğuladı, Azərbaycanın böyük ictimai və dövlət xadimlərinin təhsilin vacibliyi haqda, onun inkişaf etdirilməsi barədə söylədiyi fikirləri, bu sahəyə diqqət yetirilməsinin zəruriliyini xalqa çatdırdıqlarını xatırladı: "Nərimanov deyirdi ki, millətin tərəqqi qapısı məktəbdir. Təhsilin cəmiyyətdə rolunu çox gözəl qiymətləndirən Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə təhsilə və təhsil işçilərinə həmişə böyük diqqət və qayğı göstərmiş, sahənin inkişafı üçün əlindən gələni əsirgəməmişdir. Ümummilli lider Heydər Əliyevin təhsil siyasəti indi ölkəmizin başçısı möhtərəm İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu səbəbdən ölkəmizdə hər il büdcənin böyük bir hissəsi təhsilə ayrılır. Təhsilin bütün pillələrində islahatlar aparılır, maddi-texniki baza möhkəmləndirilir. Məktəb tikintisi vüsət alır, şagirdlər pulsuz dərsliklərlə təmin olunur, təhsilə müasir informasiya texnologiyaları gətirilir, təhsilin konkret sahələrinin inkişafı üçün məqsədli proqramlar həyata keçirilir. Ancaq etiraf olunmalıdır ki, təhsilin, maarifin dəstəklənməsi təkcə dövlət tərəfindən deyil, bütün cəmiyyət, ictimaiyyət tərəfindən həyata keçirilməlidir. İctimaiyyətlə əlaqənin gərəkli formalarından və təhsilin gücünü artıran amillərdən olan hami təşkilatlarla əlaqə,onların köməyindən istifadə arzuolunan səviyyədə olsa, bu, təhsil müəssisələrinə maddi fayda ilə yanaşı, həm də böyük mənəvi xeyir verər. Müəllim, tələbə və şagird kollektivləri cəmiyyətdə onların fəaliyyətinə diqqət yetirildiyini görür və daha əzmlə çalışırlar".
Şəhla müəllimə bu fikirdədir ki, Təhsil Nazirliyinin ən etibarlı tərəf müqabili Heydər Əliyev Fondudur: “Fondun rəhbəri, Azərbaycanın Birinci xanımı, millət vəkili kimi Mehriban xanım Əliyevanın həyatımızın bütün sahələrində, o cümlədən, təhsil sahəsində gördüyü xeyirxah təşəbbüslər, həyata keçirdiyi mühüm əhəmiyyətli layihələr, birmənalı olaraq bütün Azərbaycan təhsili, eləcə də, ölkəmizin tərəqqipərvər təhsil ictimaiyyəti tərəfindən alqışlanır”.
Şəhla müəllimə deyir ki, iş fəaliyyətindəki hər kiçik irəliləyişinə görə öz valideynlərinə, müəllimlərinə, işlədiyi məktəbin bütün kollektivinə, o cümlədən Rayon Təhsil Şöbəsinin əməkdaşlarına minnətdardır. Çünki qazandığı uğurlar onların diqqəti, qayğısı və tələbkarlığı sayəsində olmuşdur.
Ş. Mürsəlovanın fikrincə, müəllimin tərbiyəvi fəaliyyəti çox mühüm əhəmiyyət kəsb edir: "Buraya ilk növbədə şagirdlərdə vətənpərvərlik tərbiyəsinin inkişafı daxildir. Dövlət rəmzlərinin və atributlarının öyrənilməsi tədris etdiyi fənnin növündən asılı olmayaraq hər bir müəllimin borcudur. Bir halda ki, söhbət şəxsiyyət formalaşdırmaqdan gedir, vətənpərvərlik tərbiyəsi öndə durur. Əbədiyaşar, ümummilli liderimiz cənab Heydər Əliyev deyərdi ki, “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətənə, torpağa, millətə sədaqət, vətən yolunda, şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir. Ola bilər ki, gənc nəsil əla oxumasın, lakin o, vətənini sevməyi, torpağını qorumağı bilməli, hər an buna hazır olmalıdır, bütövlükdə yaxşı vətəndaş kimi yetişməlidir”.
Şəhla müəllimə bu qənaətdədir ki, milli adət və ənənələrimizə hörmət etmək, onu qoruyub saxlamaq, milli musiqimizin, şifahi xalq ədəbiyyatımızın incilərini bilmək, Azərbaycanın görkəmli şəxsiyyətini tanımaq, qədim tarixi abidə və əraziləri öyrənmək ruhunda şagirdləri tərbiyə etmək müəllimin borcudur: "Müəllim öz geyimi, davranışı, nəzakəti, yüksək intellekti ilə şagirdə şəxsi nümunə olmalıdır. Belə olduqda şagird müəlliminə oxşamağa çalışır, müəllimi ideallaşdırır. Müəllim etikası yüksəkdirsə, müəllimdə ətrafdakı əşyalara düzgün qiymət vermək, gözəllikləri görmək qabiliyyəti yüksəkdirsə, bu, mütləq şagirdə təsir edir, onun seçimi, etik və estetik tərbiyəsi inkişaf edir. Məktəbdə keçirilən sinifdənxaric tədbirlər şagirdlərin bu sahədə inkişafına çox təsir göstərir".
Məktəbdə zərərli vərdişlərə qarşı mübarizə mövzusunda tədbirlər keçirilir. Ş. Mürsəlova bu fikirdədir ki, problemin qarşısının alınmasında maarifləndirmə işinin rolu böyükdür. Deyir ki, böyüməkdə olan gənc nəsil iradəli və möhkəm olmalıdır: "Bu gün hər bir Azərbaycan məktəblisi və gənci pis vərdişlərə meyil göstərməməlidir. Onlar yüksək səviyyədə tərbiyə olunmalı və savadlı yetişməlidirlər. Hər birimiz unutmamalıyıq ki, vətənimizin olduqca hiyləgər düşmənləri var. O düşmənlər torpaqlarımızın 20 faizdən çoxunu işğal ediblər. Bu gün qarşımızda duran ən mühüm vəzifə vətənimizin ərazi bütövlüyünü bərpa etməkdir”.
Direktor öz fəaliyyətini Azərbaycan Respublikasının təhsil sahəsindəki dövlət siyasəti, dövlət proqramı əsasında həyata keçirir. O, öz işinin təşkilində dövlət proqramından irəli gələn prinsipləri əsas götürür. Məktəbdə standartlar hazırlanarkən və bu standartların həyata keçirilmə prosesində dövlət proqramından irəli gələn prinsiplər daim nəzərdə saxlanılır. Şəhla müəllimə yetərincə təcrübəyə malik olmasına baxayaraq, vaxtaşırı təhsil sahəsinə aid hüquqi və normativ sənədlərdə aparılan dəyişiklikləri öyrənir və öz işlərini bu prinsiplərə uygun təşkil edir. Rəhbərlik etdiyi kollektivi ölkəmizdə gedən təhsil islahatları prosesi ilə yaxından tanış edir, təhsil islahatlarının mahiyyətlərini açıqlayır, müəllimləri köhnə metod və ənənələrdən əl çəkməyə sövq edir, onları yeni düşüncə tərzinə alışdırır, bir sözlə, kollektivdə yenilik ab-havası yaratmaga nail olur. Bu məqsədlə məktəbin fəal və bu işə yaxından bələd olan təcrübəli müəllimlərinin köməyi ilə məktəbdaxili treninqlər, kurslar təşkil edir. Odur ki, kollektivin üzvlərinin hamısı yeni təlim üsullarına yaxından bələddir.
Şəhla müəllimə onunla çiyin-çiyinə çalışan həmkarlarına dərsi şagirdlərə uyğun aparmağı tövsiyə edir, sinif daxilində müsbət mühitin, əhval-ruhiyənin yaradılmasını təmi etməyi məsləhət görür. Tapşırır ki, şagirdlərin əldə etdikləri nailiyyətləri düzgün qiymətləndirsinlər, valideynləri şagirdlərin nailiyyətləri barədə məlumatlandırsınlar, yoldaşalrından geri qalan və ya onları ötüb keçən şagirdləri, həmçinin, təhsildə xüsusi diqqətə ehtiyacı olan şagirdləri müəyyən edərək dəstəkləsinlər, onlarda özünənəzarət prinsiplərini inkişaf etdirsinlər.
Həyatda alnı açıq, başı uca yaşamağı, hər bir kəsin gözünə dik baxmağı dünya malından üstün tutmaq, dostluqda sədaqətli olmaq Şəhla müəllimənin həyat fəlsəfəsidir. Ən çox nifrət etdiyi riyakarlıq, yaltaqlıq, nəyinsə xatirinə kiməsə layiq olmadığı tərifli sözləri deməkdir və eyni maraq naminə təqdirə layiq olanı görməmək, tənqid eləmək, kiməsə yarınmaq üçün həmin şəxsin opponentlərinə şər və böhtan atmaqdır. Şəhla Miradil qızı həmişə belə intriqalardan kənarda olmuş, ancaq müşahidəçi mövqeyində qalmayaraq haqqı müdafiə etmişdir. Onun kimilərin əməlləri başqalarının həyatına mayak kimi nur saçır. Təkcə özü üçün, doğmaları üçün yaşamır Şəhla müəllimə. Vətəni üçün, xalqı üçün, bəşəriyyət üçün xidmət edir.
Şəhla müəllimənin fəaliyyətində olan bütün vacib keyfiyyətləri nəzərə alaraq əminliklə deyə bilərik: “Müəllim ilk növbədə yaxşı tərbiyəçi olmalıdır, əks təqdirdə təlim fəaliyyəti lazımi səmərə verməyəcəkdir”.
Şəhla müəlliməyə yetişməkdə olan nəslin təlim-tərbiyəsi işində yeni-yeni müvəffəqiyyətlər arzulayırıq. İnanırıq ki, onun təhsilimizin işıqlı sabahı ilə bağlı arzuları həyata keçəcəkdir.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq