"AKULA AKİF"İN TİKİNTİ MAQNATLARININ ŞƏRLƏDİYİ İŞ ADAMI BƏRAƏT İSTƏYİR
Bakı şəhəri Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev-69, mənzil-15-də yaşayan vətəndaş Süleymanova Sevda Fətəli qızı redaksiyamıza müraciət edərək, artıq neçə müddətdir ki, özünün və həyat yoldaşı Süleymanov Qüvvətəlinin bir qrup mülki şəxs və onlarla cinayət əlaqəsinə girmiş hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları tərəfindən haqsızlığa, qanunsuzluqlara məruz qaldıqlarından şikayətlənmişdir. Eyni zamanda ölkə başçısına, birinci lediyə, Prezident Administrrasiyasının rəhbərinə, baş prokurora, ədliyyə və daxili işlər nazirlərinə, ombudsmana, Milli Məclisin hüquq siyasəti komissiyasının üzvü olan deputatlara da ünvanladığı müraciətnamənin preambulasında S. Süleymanova yazıb: "Ermənistan bizim ölkəmizi hansı duruma salıbsa, həmin şəxslər də mənim ailəmi o vəziyyətə gətiriblər".
Sevda Süleymanova məlumat verir ki, həyat yoldaşı Qüvvətəli Süleymanov 2006-cı ildən "Afina" MMC-də tikinti üzrə iş icraçısı, 2010-cu ildən "Omaks" MTK-da icra payçısı işləmişdir. Onun vəzifə səlahiyyətlərinə yalnız tikinti işlərinin idarə edilməsi, podratçılar tərəfindən yerinə yetirilən tikinti-quraşdırma işlərinə bilavasitə nəzarət etmək, müstəsna hallarda cəmiyyətin rəhbərliyi ilə razılaşdırılmaqla podrat müqavilələrinin, tikinti materiallarının alınmasına dair şifahi və yazılı alqı-satqı müqavilələrinin bağlanılması daxil olmuşdur. Göründüyü kimi, bu səlahiyyətlər sırasına inşa olunan binalardan mənzillər satmaq səlahiyyəti daxil deyildir. 2011-2012-ci illərdə tikintiyə qoyduğu sərmayəni geri tələb edəndə bir qrup şəxslər - əsasən "Afina" MMC-də payçı olan Nail Şahverdiyev, keçmiş MTN əməkdaşı, Eldar Mahmudovun yaxını "Akula" ləqəbli Akif Mustafayev, Yasin Cabbarov, Emin Namazov, onun atası Tapdıq Namazov, Qurban Mahmudov, Naibə Tağızadə, Etibar Qarayev, Lətifə Hüseynova, onun qardaşı Mübariz Məmmədov və başqaları tərəfindən şərlənərək həbs olunmuşdur:
İşin içində intihar da var
"Bu qrupun üzvləri sırasından ilk zərbəni Yasin Cabbarov tərəfindən aldıq. Bizə məxsus qeyri-yaşayış sahəsi olan mənzili zəbt etdi. Yasin Cabbarovun cangüdəni Əli adlı şəxs, Yasamal rayon Polis İdarəsinin əməkdaşı İlyas, biunanın komendantı, sonradan bu işlərə görə intihar edən Natiq Rəfiyev 2013-cü il yanvarın 18-də əllərində heç bir rəsmi sənəd olmadan qapımı sındıraraq, məni döyərək əmlakımı zəbt etdilər. Həmin vaxt "102" qaynar xəttinə zəng etdim, polislər gəldilər, heç nəyə müdaxilə etmədilər. Mən deyəndə ki, onların əlində heç bir rəsmi sənəd yoxdur, dedilər tapşırıq yuxarıdan gəlib, biz qarışa bilmərik. Haralara şikayət etsəm də, mənə cavab gəlmədi. Bildim ki, onların dediyi kimi arxalarında güclü fiqurlar durub. Belə ki, Yasin Cabbarov komendant Natiq Rəfiyevlə və Aqil Əhmədzadə ilə əlaqəyə girərək, Bakı şəhər İcra Hakimiyyətinin 328 saylı 12.07.2007-ci il tarixli sərəncamı ilə yoldaşımın adına rəsmiləşmiş və bizim birgə əmlakımız olan qeyri-yaşayış sahəsi 2013-cü ilin fevral ayında öz adına keçirdi. Ona görə 2013-cü ilin sentyabr - oktyabr aylarında Bakı şəhər Yasamal rayon məhkəməsinə müraciət edib mülki iddia qaldırdım. Bunu bilən Yasin Cabbarov öz çirkin əməllərini ört-basdır eləmək üçün Korrupsiyaya Qarşı Mübrizə İdarəsindəki havadarlarının əli ilə yoldaşımı şərləyərək həbs etdirdi. Bir həftə deyildi ki, yoldaşım həbs olunmuşdu, onların dəstəsində olan Emin Namazov bu işlərə görə Natiq Rəfiyevin intihar etdiyini bildirdi. Dəhşətli burasıdır ki, mənzillər "Cahangir" MTK tərəfindən tikilib satılmasına baxmayaraq, onlar izi itirmək üçün MTK-nın adını dəyişərək ATRİUM qoymuşlar. Qeyd edim ki, həmin qeyri-yaşayış sahəsi adddan-ada keçirilmiş, eyni zamanda həm Aqil Əhmədzadə, həm də Yasin Cabbarov tərəfindən banklara qoyularaq pul götürülmüşdür. Halbuki həmin bina istifadıyə verilməmişdir. Bu işlərə görə hüquq-mühafizə orqanlarına istintaqa çağırılan Natiq Rəfiyev təzyiqlərə duruş gətirməyərək, Emin Namazovun sözlərinə görə özünə qəsd etmişdir. Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsində Tikintisi təhvil verilməyən binanın bizə məxsus olan eyni mənzili həm A. Əhmədzadəyə, həm Y. Cabbarova qeyri-qanuni satan MTK-nın nümayəndəsinin məhkəməyə niyə çağırılmadığı barədə sual verdiyimdə hakim Şərafət Məmmədovanın cavabı bu oldu: "Mən həmin işi apardıqda bunların eyni mənzil olduğunu bilməmişəm". Sonradan Bakı Apellyasiya Məhkəməsinin hakimi haqqa söykənərək Şərafət Məmmədovanın çıxardığı qərarı ləğv etdi. Çifayda, cinayətkar dəstənin üzvləri azasdlıqda, heç bir günahı olmayan həyat yoldaşım isə onların əvəzinə həbsdədir"
Sifarişli həbsin aşkar əlamətləri
"Bu işin sifarişli olduğu açıq-aydın ondan görünür ki, 2013-cü ilin fevralında həyat yoldaşım barəsində həbs qətimkan tədbiri seçildi, bu barədə KİV-də məlumat yayıldı, amma həmin vaxt o həbs olunmadı. Sonradan həmin yayılan xəbər nə təsdiq, nə də təkzib olundu. Sifarişin başqa bir əlaməti də ondan görünür ki, makler (alqı-satqı dəllalı red.) İradə Vəliyeva, dostu Emin Namazov, binanın komendantı, sonradan bu işlərə görə intihar etmiş Natiq Rəfiyev və başqaları birləşərək, Emin Namazovun atası Tapdıq Namazovu həbsxanadan çıxarmaq üçün, eyni zamanda "Omaks-3" MTK tikinti şirkətinə bəzi sərmayələri yatırmaq üçün bizə məxsus olan Z. Xəlilov küç. ev-69, mənzil-1 ünvandakı evi onların dostu Emin Abbasovdan aya 7 %-ə götürdükləri 100000 (yüz min) faizini vermək üçün yenidən Yasin Cabbarovdan 60000 (altmış min) AZN aya 7 %-dən pul götürülmüşdür. Bütün bu faizləri Emin Namazovun atası həbsxanada olduğu üçün, eyni zamanda həbsxanadan çıxandan sonra da vəziyyətləri guya ağır olduğu üçün yoldaşım ödəmişdir. Həmçinin demək olar ki, 60000 manatın özünü də faizləri ilə birgə Yasin Cabbarova qaytarmış, onlar tərəfindən sonradan təhdid olunduğuna görə Xırdalan şəhərindəki Heydər Əliyev parkı ilə üzbəüz dəyəri 80 min AZN olan iki otaqlı mənzili də Yasin Cabbarova vermişdir ki, onu və ailəsini təhdid eləməsinlər. Yoldaşımın sifarişlə həbs olunmasını adi bir misalla göstərə bilərik. Belə ki, yoldaşım "Afina" MMC tikinti şirkətindən 25 fevral 2012-ci ildə rəsmi ərizəsi ilə işdən azad olunub. Elə 25 fevral 2012-ci ildən başlanaraq həmin tikintidə mənzillər satılmağa başlanıb. İşdən həmin gündən çıxan şəxs həmin tikintidə mənzil sata bilməz. Eyni zamanda mənzil alan şəxslər də işdən çıxan şəxsdən həmin tikintidən mənzil ala bilməz. Elə isə Naibə Tağızadə 25 fevral 2012-ci ildə işdən çıxarılan şəxsdən 9 aydan sonra, yəni 08 sentyabr 2012-ci ildə mənzili necə alıb? Məgər mənzil kartof-soğandı ki, küçədə alınıb-satılsın? Əgər bu iş düzgün araşdırılsa, onda Naibə Tağızadə özü həbs olunmalıdır. Orada hansı fırıldaq faktlar işlədilsə də, bu, qeyri-mümkündür. Bu istintaq işini aparan və ona köməklik edən havadarlarına bu iş üz qarasıdır, heç olmasa işi düzüb-qoşanda özünüzə yazığınız gələrdi, dünyanı özünüzə güldürməyərdiniz.
Əslində yoldaşımın istər "Afina" MMC şirkətində, istərsə də "OMAKS-3" MTK tikinti şirkətinə qoymuş olduğu təqribən 8000000(səkkiz milyon) manat sərmayəsini və pulunu ona verməmək üçün həmin tikintinin təsisçiləri tərəfindən keçmiş MTN-nin rəhbəri Eldar Mahmudovun "sağ əli" kimi tanınan "Akula" Akif Mustafayev hər iki tikintinin təsisçiləri ilə birləşərək 21.10. 2013-cü ildə onu heç bir fakta söykənməyərək həbs elətdirdilər. Yoldaşım həbs olunduqdan sonra onlar və yüksək vəzifələrdə işləyən havadarlarının köməyi ilə mənim və ailəmin başına min cürə oyunlar gətirdilər, hara şikayət etsəm də, heç bir nəticəsi olmadı. Çünki onlara havadarlıq edənlərin çoxu dövlət orqanlarında işləyən yüksək rütbəli şəxslərdir. Demək olar ki, respublikada döymədiyim qapı qalmayıb. Xarici ölkələrə, hətta BMT-nin Gürcüstandakı Zaqafqaziya üzrə nümayəndəliyinə getmişəm ki, bəlkə səsimi Prezidentə çatdıra bilim, amma mümkün olmayıb.
"Prezidentin kortejinin qabağına özümü atdım ki..."
15.12. 2016-cı ildə Prezidentin kortejinin qabağına özümü atdım ki, bəlkə Prezident məni görə, onda da polislər buna imkan vermədilər. 06.01.2012-ci ildə bir Prezident Aparatının yanında zəncirləmə aksiyası keçirdik. Bu barədə az bir çox KİV hər yerə məlumat yaydı. Amma bütün bunların Prezidentə çatdırılmasının qarşısı həmin şəbəkə tərəfindən alındı. Hal-hazırda yoldaşımın qeyri-qanuni həbs olunmasına dəlalət edən faktların açılmasının qarşısını əsasən aşağıdakı şəxslər alırlar.
Toyunda iştirak etdiyimiz, Moskva şəhərində yaşayan "Afina" MMC tikinti şirkətinin əsas təsisçisi, deyilənlərə görə "Akula" Akif Mustafayev yaxın olan Mübariz Məmmədovun qızının həyat yoldaşı Əli Zeynalov, "Afina" MMC-də mənzil alan Gülnar xanım, Qurban Mahmudov və bir qrup yüksək vəzifəli şəxslər şəbəkəsi bu işin, bu sifarişin arxasında durur və bu işin düzgün araşdırılmasına imkan vermirlər. Ona görə 27.12.2016-cı ildə Azərbaycan Respublikasının Ali Məhkəməsində yoldaşıma bəraət verilməli halda onun işindən cəmi iki il azaltdılar.
Təsəvvür edin ki, 4 ildir hər ay mən Prezident Aparatına qəbula gedirəm. Mübariz Məmmədovun kürəkəni Əli Zeynalov gözümün içinə baxa-baxa məni qəbul edir və ətrafımda olan orda qəbulda iştirak edən o biri köməkçilərinin də əli ilə bu işin üstünü açmağa qoymurlar və bu haqda Fuad Ələsgərova yalnış məruzələr olunur. Çünki bu işin sifarişçilərinin başında Əli Zeynalov durur. Görün indi mənim vəziyyətim nə gündədir. Əgər kimsə hər hansı məmurun itinə belə hoş desə, gərək o şəxs onda Azərbaycanda yaşamasın. Burda artıq söz deməyə lüzum yoxdur, hər şey çox aydındır".
S. Süleymanova yazır ki, "Afina" MMC-nin təsisçiləri Korrupsiyaya Qarşı Mübarizə İdarəsində verdikləri ifadələrdə Süleymanov Qüvvətəli Hacıbala oğlunun həmin tikintidə heç bir mənzili olmadığını, ümumiyyətlə, həmin tikintidə heç bir mənzilin satılmadığını göstəriblər: "Halbuki "Afina" MMC tərəfindən yoldaşıma 2 qeyri-yaşayış sahəsi və 1 mənzil satılmışdır. Həmin 2 qeyri-yaşayış sahəsi "Yunayted Kredit" ASC-yə qoyulmuş, 420000 (dörd yüz iyirmi min) ipoteka krediti götürülmüş, "Afina" MMC üçün yardımçı sahələr alınmışdır. Yoldaşım tutulandan sonra Yasamal rayon Məhkəməsinə "Yunayted kredit bank" tərəfindən müraciət olunmuş, həmin əmlakları onun əlindən almaq, bundan əlavə də 800000 (səkkiz yüz min) borc faizini də ondan qoparmaq istəyiblər. Halbiki, həmin pul birbaşa "Afina" MMC-yə gedib, ora üçün yardımçı sahələr alınıb. Yasamal rayon məhkəməsinin hakimi Aytən Mirzəzadə, sədri Ələddin Cəfərov, Bakı Apellyasiya Məhkəməsinin analitik şöbəsinin rəisi İman Nağıyevin qrup yoldaşı olan qonşumuz, yoldaşımı həmin tikintiyə aparan Qurban Mahmudov, hakim Azad İmanov, Əliəkbər Həsənov, "Yunayted kredit bank" ASC birləşərək, bütün bu qeyri-qanuni prosesləri həyata keçirdilər. Hər yerə şikayət etsəm də, bu işlərə obyektiv qiymət verilmir".
"Yoldaşımı həbs etdirdikdən sonra Qurban Mahmudovu qalmaqaldan uzaqlaşdırıblar"
Süleymanova qeyd edir ki, həyat yoldaşı Q. Süleymanovu həbs etdirən "çete" onu tikintidə pay sahibi olmağa cəlb edən Qurban Mahmudovu bu qalmaqallı işdən uzaqlaşdırıb. Çünki məmur olub, hazırda da Bakı Apellyasiya Məhkəməsində işləyib, sabah buna görə nə onların, nə də Qurbanın başı qalmaqala girməsin. Şikayətçi yazır ki, Nail Şahverdiyev 11.09.2013-cü il tarixdə Korrupsiyaya Qarşı Mübarizə İdarəsində verdiyi ifadədə tikintinin payçılarının adlarını çəkərkən bilərəkdən Qurban Mahmudovun adını məqsədli şəkildə qeyd etməyib. S. Süleymanova həyat yoldaşı ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qətnaməyə etirazını bu cür əsaslandırır: "Yoldaşım məhkəmədə açıq - aydın bildirib ki, "Afina" MMC-yə onu Bakı Apellyasiya Məhkəməsinin analitik şöbəsinin rəisi İman Nağıyevin dostu, qonşumuz Qurban Mahmudov həmin tikintiyə aparıb. Özü həmin tikintinin əsas təsisçisi Mübariz Məmmədovun dostudur. Mübariz Məmmədov dəfələrlə yoldaşımın başına oyunlar gətirib. Bu haqda yoldaşım Qüvvətəli də özünün bütün çıxışlarında göstərir və gələcəkdə də göstərəcək. Yoldaşımın məhkəmə protokollarında verdiyi izahatların hamısı təhrif olunub. Buna həmin materiallarla tanış olanda mən də əmin oldum. Məsələn, məhkəmənin ilk iclasının ilk protokolunda qeyd olunur ki, guya mən məhkəməyə vəsadəıt verdiyimə görə buirinci məhkəmə iclası təxirə salınıb. Əslində tam bunun əksidir. Məhkəmə zalına daxil olanda proses getmirdi. Səbəbini soruşdum, məni gözlədiklərini və Qüvvətəlinin etibarnamə ilə vəkili Qubadəli Rzayevin gəlmədiyini dedilər. Onlardan vəkilin gəlməməyini protokollaşdırıb Vəkillər Kollegiyasına göndərmələrini xahiş etdim. Amma bu, protokolda qeyd olunmayıb. Xeyli müddət "Yunayted kredit bank"ın nümayəndəsi gözlənildi, gəlmədi. Ona görə məhkəmə təxirə salındı, İNFİNA KAPİTAL MMC-nin nümayəndəsi də məhkəməni tərk etdi. Həmin vaxt hakimdən yoldaşımın məhkəmədə iştirakının təminolunmasını xahiş etdim. Hakim isə vəsadətimin olub-olmamasını soruşdu. Əlimdəki vəsadəti ona təqdim etdim. Sonradan məhkəmənin katibi hakimin sifarişi ilə onlara sərf etdiyi formada protokolda qeydlər aparıb. Guya mənim vəsadətimə görə məhkəmə təxirə salınıb. Əslində qeyd etdiyim şəxslər məhkəmədə yox idi. Məhz bu səbəbdən proses təxirə salındı".
S. Süleymanova yazır ki, Nail Şahverdiyev verdiyi ifadələrdə bankların bəzilərinin adlarını çəksə də, nədənsə, "Yunayted kredit bank"ın adını çəkmir: "Afina" MMC-nin mənzilləri üçün kreditlər, o cümlədən Qurban Mahmudovun adına olanlar məhz həmin bankdan götürülüb. Sonradan arada olan razılaşmaya görə yalandan Yasamal rayon məhkəməsində müəyyən faizlərlə həmin mənzilləri yenidən "Yunayted kredit bank"dan geri alıblar. Yəni həmin müqavilələr yalançı müqavilələr olub. Amma hər şey öz əllərində olduğu üçün həmin kredit xətlərini hər iki tərəfə xeyir olan formada bağlayıblar və yenidən "Afina" MMC tərəfindən həmin mənzillər geri alınıb. Yasamal rayon məhkəməsinə verilmiş həmin mənzillər haqqında verilmiş iddia ərizələrinin sahiblərinin bir neçəsi Qurban Mahmudovun yaxın qohumlarıdır".
"Məhkəmənin protokolu ilə tanış olanda dəhşətə gəldim..."
Noyabrın 11-də keçirilən məhkəmənin protokolları ilə tanış olanda isə S. Süleymanova dəhşətə gəldiyini yazır: "Həmin gün yoldaşımın orderlə vəkili Mərdəli Süleymanov ilk dəfə olaraq məhkəmədə iştirak edib. Amma məhkəmə materialları ilə tanış olub-olmaması haqda vəkildən soruşulmadı. Heç vəkil də bu işlə tanış olmağı tələb etmədi və bütün bunlar protokolda göstərilmədi. Tez-bazar sifarişlə yoldaşımın izahatına başladılar. Guya Qüvvətəli öz ifadəsində deyib ki, 2004-cü il tarixdən 2015-ci ilədək "Afina" MMC-də işləyib. Halbuki yoldaşım orada 2012-ci ilə qədər işəyib. O, 2013-cü ilin oktyabrın 21-dən həbs olunduğu halda necə 2015-ci ilə qədər o şirkətdə işləyə bilərdi? Bundan əlavə, "Yunayted kredit bank"ın nümayəndəsi proses başa çatana yaxın gəlib çıxdı və icazə almayaraq zala daxil oldu. Ona yalnız bir sual verildi: "Sualınız varmı?" Cavabı: "Xeyr" oldu. Bütün bunlar protokolda qeyd olunmayıb. Əvəzində izahat vermədikləri halda katib onların dilindən protokolda geniş izahat verib. Ümumyyətlə, məhkəmə iclası sanki qabaqcadan quraşdırılmış şou idi. Məhkəmə zalına daxil olanda icraçılar, mühafizəçilər iclas zalında dolu idi. Əvvəl çaş-baş qaldım. Elə bildim Qüvvətəlini zala gətirəcəklər, yəqin ona görə bu vəziyyətdir. Sonra aydın oldu ki, bu proses də əvvəlkilər kimi şoudur. Artıq sifarişlə çıxarılmış qətnamə qabaqcadan müəyyən maraqlara uyğunlaşdırılaraq hazırlanmışdı. Bu günə qədər keçirilən bütün məhkəmə prosesləri video-lentə götürülüb. Aidiyyəti orqanlardan tələbim və istəyim odur ki, həmin görüntülərə baxılsın və məsələyə obyektiv qiymət verilsin".
S.Süleymanova Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri cənab F.Məmmədova etdiyi müraciətdə də bütün təfsilatı yazıb: "Yoldaşım axırıncı iş yeri "Afina"MMC-də vətəndaşlara guya qeyri-qanuni mənzillər satdığına görə həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi heç bir fakta söykənməyərək, onu 10 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasov yoldaşımla əlbir olmaqda təqsirləndirilən Rauf Xəlilovun, - baxmayaraq ki, zərərçəkmişlər hamısı ondan şikayətçi idi, - cəzasından aldığı rüşvətə görə 2,5 il azaldaraq 8 ilə, yoldaşım haqqında heç bir şikayət olmadığını nəzərə almayaraq, cəzasını cəmi bir il azaldıb 9 ilə endirmişdir..."
"Qaynar xətt"lər donanda...
S. Süleymanova uğrunda mübarizə apardığı haqq işini ictimailəşdirmək üçün bir sıra kütləvi informasiya vasitələrinin tribunasından çıxış edib. Belə ki, bu məsələ ilə bağlı vaxtilə virtual.org internet saytında "Yasamal sakininin Ramil Usubovdan son arzusu", Baş prokurorluğun qarşısında kəfən geyindi: "Ərimi "Akula Akif" tutdurub...", "Azadlıq" qəzetində "Əgər tədbir görmürsünüzsə, bizi vətəndaşlıqdan çıxarın...", "Özümü və ailəmi yox etmək istəyirlər", "Həbs olunan iş icraçısının həyat yoldaşı prezidentdən kömək istəyir", "Cümhuriyyət" qəzetində "Fırıldaqçı şəbəkə iş adamını qanunsuz həbsdə saxlayır" sərlövhəli açıq müraciətnamələri, məqalələr dərc olunmuşdur. KİV-ə üz tutduğuna görə təhdid də olunub, Nail Şahverdiyev tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə də verilib (hərçənd, şikayət icraata qəbul edilməyib).
S. Süleymanova yazır ki, həyat yoldaşı həbs olunduqdan sonra həmin şəxslər və onların arxasında duran məmurlar onun başına min cür bəlalar gətiriblər: "Ölümlə təhdid olundum, təqib olundum, evdə əsir saxlanıldım, döyüldüm, söyüldüm, məcbur olub damarlarımı kəsdim, "erməni" damğası mənə vuruldu, yoldaşım təcridxanada ölümlə təhdid olundu, hətta məni məcbur etdilər ki, kəfən geyinim. Bütün bunlar haqqında sənədlər, faktlar və sübutlarla vaxtında "qaynar xətt"lərə, aidiyyəti qurumlara müraciət etsəm də, heç bir nəticəyə nail ola bilmədim. Hətta başıma gətirilən oyunlar zamanı "qaynar xətt"lərə etdiyim müraciətlər pozulurdu. Burdan belə nəticəyə gəlmək olur ki, dövləıt qurumlarının "qaynar xətt"ləri bəzi məmurlar üçün rüşvət mənbəyidir. Çünki insanın həyatı təhlükədə olanda bütün "qaynar xətt"lərə zəng edir və bəzi məmurlar bu barədə bir-birlərini məlumatlandırırla, lazım olan mesajları sildirirlər. Axırda isə müraciət edən şəxsə bir cümlə ilə cavab verirlər: "Xüsusatlar təsdiqini tapmadı"
"Haralara şikayət etməmişəm...!
S.Süleymanova yazır ki, haralarda olubsa, kimlərə müraciət edibsə, rüşvət və qarşı tərəfin arxalarında duran bəzi məmurlar hesabına bu iş heç yerdə düzgün araşdırılmayıb: "Dəfələrlə Zakir Qaralovun qəbulunda olmuşam, göstəriş verib, -amma əməl olunmayıb. Ədliyyə nazirinin qəbulunda olmuşam, göstəriş verilib, - di gəl, heç bir nəticə verməyib. Cənab Fuad Ələsgərovla məcbur olub evinin yanında görüşüb əlbəəl müraciətimi vermişəm - hələ ki, nəticə yoxdur. Respublika baş prokurorluğunun binasının qabağında 18 nəfərlə aclıq aksiyası keçirmişik. Ombudsman aparatının qarşısında aksiya təşkil etmişik. Cənab Prezident yayda Türkiyədə səfərdə olanda onunla görüşmək üçün qardaş ölkəyə getdik ki, səsimizi ona çatdıraq. Konsulumuz onunla görüşməyə qoymadı, and içdi ki, şəxsən müraciətlərimizi ona çatdıracaq - amma etmədi. Ondan sonra Gürcüstana getdik iki dəfə. Oradakı konsul söz verdi ki, birbaşa səsimizi prezidentə çatdıracaq - amma əməl etmədi. Mədət Quliyevin qəbulunda oldum, faktları, sübutları masaya qoydum. Faktları nəzərdən keçirib qəbuldakı 18 nəfərin qarşısında söylədi ki, sənin yoldaşın da daxil olmaqla Azərbaycan həbsxanalarında yeddi min insan günahsız cəza çəkir. Nazir Ramil Usubovun qəbulunda oldum, ona da yanlış məruzə olunmuşdur. İşin mahiyyətini danışdım, göstəriş verdi ki, bu iş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində araşdırılsın - yerinə yetirilmədi".
S. Süleymanova arzulayır ki, Prezident onu qəbul edib onun və yoldaşının işini tam öz nəzarəti altına alsın: "İş yenidən istintaqa qaytarılsın, yoldaşımı həbsdən azad etsinlər. Mənim və ailəmin təhlükəsizliyinə zəmanət versinlər. Məhkəməsiz, qərarsız, icrasız qeyri-qanuni əlindən alınmış 5 mənzilim geri verilsin və bizim birgə pulumuz olan 8000000(səkkiz milyon) bizə geri verilsin. Əks təqdirdə kütləvi aclıq aksiyasından sonra isə kütləvi ölüm aksiyasına baş vuracağıq. Buna bizi məmurlar məcbur edirlər".
Xatırladaq ki, Q. Süleymanovun barəsində hökm Ağır Cinayətlər Məhkəməsində hazırda "MTN işi"nin tərkib hissəsi olan "Rabitə işi"ni aparan hakim Əfqan Hacıyev tərəfindən çıxarılıb. Qəzetin irəliləyən saylarında Q.Süleymanovu tora salmaq üçün öz arvadının və qızının namusuna and içən müstəntiq, S. Süleymanovaya benzin al, özünü yandır" deyən hakim köməkçisi barədə məlumat verəcək, həmçinin işin digər təfərrüatlarını açıqlayacağıq.
"Korrupsiya və qanun"