KORRUPSİYA-Q.AZ
"Tərəqqipərvər kütləvi informasiya vasitəsi olan "Korrupsiya və Qanun" beynəlxalq ictimai-siyasi hüquq qəzeti son illər aqrar sektorda həyata keçirilən islahatları təqdir edir, bu müstəvidə aparılan maarifçilik işinə informasiya dəstəyi verir, eyni zamanda dövlətin aqrar siyasətinin həyata keçirilməsinə mane olan neqativ hallara qarşı mübarizə sahəsində hökumətə etibarlı tərəf müqabili kimi çıxış edir" - Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığımız məktubumuz məhz bu sözlərlə başlayırdı.
Həmin məktubla Nazirlik mənsublarının diqqətini qəzetimizin internet səhifəsi olan "korrupsiya-q.az" saytında 13.05.2019-cu il tarixdə təqdim olunmuş ""Azər-Aqro": Apardı alaq taxılı..." sərlövhəli məqaləyə yönəltmək istəyində idik. İnanırdıq ki, məqalədə ehtiva olunan məsələlərin araşdırılması və nəticə barədə redaksiyamızın məlumatlandırılması təmin ediləcək.
Nazirlik məktubumuza cavab verdi, amma məqalədə ehtiva olunan məsələni araşdırmadı. Səbəbini necə izah etdi - bu barədə bir az sonra.Əvvəlcə saytda getmiş həmin məqaləni qəzetin oxucularının diqqətinə çatdırırıq:
"Prezident İlham Əliyev respublikada ərzaq bolluğunun yaradılması, əhalinin mühüm strateji məhsul olan taxıla olan tələbatının daxili imkanlar hesabına ödənilməsini təmin etmək üçün ölkədə iri taxılçılıq təsərrüfatlarının yaradılmasını qarşıya məqsəd qoymuşdur. Eyni zamanda kənd təsərrüfatı bitkilərinin, o cümlədən, taxılın xəstəlik və zərərvericilərdən qorunması üçün kimyəvi bitki mühafizə vasitələrindən istifadə zəruri olaraq qalır.Lakin onların tətbiqi aparılmış müşahidələrin nəticələrinə əsaslanaraq hər bir konkret sahə üçün iqtisadi zərərvermə həddləri və xeyirli həşaratların (entomofaqlar) səmərəlilik həddi nəzərə alınmaqla həyata keçirilməlidir.
Beyləqan rayonundakı keçmiş Damazlıq-Qoyunçuluq Sovxozunun ərazisində "Azər-Aqro" MMC tərəfindən əkilmiş taxıl sahəsində apardığımız müşahidələrdən aydın görünür ki (videomaterial təqdim olunur), sahədə vaxtında bitki mühafizə tədbirləri keçirilmədiyindən, taxılı alaq otları büsbütün bürüyüb. Öyrənmişik ki, sahədə hər hektardan 50 sentner məhsul götürmək nəzərdə tutulub. Amma bugünkü mənzərə deməyə əsas verir ki, bu gedişlə qarşıya qoyulan məqsədin heç yarısına da nail olmaq müşkül məsələdir. Yüksək məhsuldarlıq əldə etmək üçün qabaqlayıcı tədbir kimi dövlət tərəfindən ayrılmış pestisidlər, herbisidlər vaxtında və bütün nahiyələrə lazımi miqdarda səpilmədiyindən, gözlənilən nəticə sual altında qalıb. Bütün məsuliyyət "Azər-Aqro" MMC-nin Beyləqandakı nümayəndələrinin üzərinə düşür. Bizim jurnalist olaraq heç kimlə qərəzimiz yoxdur. Nə də iddia etmirik ki, əhalini ərzaq məhsulları ilə təmin etmək məqsədini həyata keçirmək müstəvisində hökumətə tərəf müqabili kimi yaradılmış "Azər-Aqro" mənsubları preparatları mənimsəyib başqa təsərrüfat rəhbərlərinə satıblar. Bunun adı mənimsəmə deyilsə, dövlətin etimadına xəyanətdi və bu məsələ təkcə KİV-i deyil, hər bir vətəndaşı qayğılandırmalıdır.
Düzü düz, əyrini əyri yazan "Korrupsiya və Qanun" qəzeti təkcə neqativ hallara deyil, yaxşı nümunələrə də diqqət yetirir. Məsələn, "Səba" şirkətinin istehsal sahəsində - Xocavənd-Beyləqan rayonları arasındakı ərazidə yerləşən taxılçılıq təsərrüfatında aqrokimyəvi tədbirlər lazımi qaydada həyata keçirildiyindən, hər şey ideal səviyyədədir - sahədə bir dənə də olsun sarıçiçəyə, alaq otuna rast gəlməzsən. Bir sözlə, tətbiq üçün "Səba"nın təcrübəsindən nümunə götürməyə dəyər".
İndi isə gəlin görək, Nazirlik məktubumuza nə cavab verib. Nazirliyin aparat rəhbərinin imzaladığı cavab məktubunda bildirilir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Azər-Aqro" MMC adlı qurum fəaliyyət göstərmir. Vəssalam!
Sual olunur: Doğrudanmı, vəssalam? Elə bu? Nazirlik heç soruşmamalıdır ki, taxılı xaricdən almağa məcbur olan Azərbaycanda hektarlarla ərazidə əkilmiş taxılın aqibətini sual altında qoyan bu şirkət "Azər-Aqro" MMC deyilsə, bəs hansıdır? Bəlkə, müəssisənin adında, təşkilati-hüquqi formasının izahında yanlışlığa yol verilib? Bəs video-materialla təsdiq olunan faktın özünü kim araşdırmalıdır? Bəlkə, bunca təsərrüfatsızlığa (yumşaq ifadədir - "KQ".) yol verən müəssisə doğrudan da dövlət müəssisəsidir. Belə çıxır ki, əgər qəzet özü müəssisənin adını dəqiqləşdirməyəcəksə, Kənd Təsərrüfatı Nazirliyi məsələni araşdırmağa maraqlı deyil. Gəlin razılaşaq ki, bu cür yanaşma Nazirliyi heç də məsuliyyətdən sığortalamır.
Müəssisəninsə adı belədir: Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi"
Amid Hacıyev