Azərbaycan İdeyası

Prezident də narkobarondur, baş qərargah rəisi də...

Tarix:8-07-2016, 19:12
Baxış Sayı:411

Prezident də narkobarondur, baş qərargah rəisi də...
Dünyanın ən qəddar, vəhşi terror qruplaşması İŞİD Suriya və İraq ərazilərinin bir hissəsini tutaraq oralarda orta əsr qaydaları ilə idarə olunan ilk “islam dövləti”ni, yaxud “xilafəti” elan etdi. Hazırda dünya bu terror təşkilatına və onun qurduğu “xilafət”ə qarşı mübarizə aparır. Bəs dünyada prezidentindən tutmuş müdafiə nazirinə qədər bütün dövlət məmurlarının narkobaron olduğu ilk narkodövlət harada yerləşir?

Criminal.az saytı xəbər verir ki, Virtualaz.org dünyanın ilk narkodövləti imicini qazanmış kiçik Afrika ölkəsi Qvineya-Bisau haqda lenta.ru portalında dərc edilmiş məqalənin tərcüməsini yeni redaktədə təqdim edir.

***

2005-ci ildə Kolumbiya narkobaronlarına kokain daşınması üçün yeni marşrut lazım olandan sonra kiçik Afrika ölkəsi Qvineya-Bisauda həyat kəskin dəyişdi. 10 ildən də az bir müddət ərzində adi ölkə BMT rəsmilərinin rəsmi qiymətləndirmələrinə görə dünyanın ilk narkodövlətinə çevrildi. Hansı ki, orada qadağan olunmuş pereparatların ticarətinə bütün hakim elita, ordu, məhkəmə aparatı cəlb olunub və Avropaya kokain təchizatının əhəmiyyətli hissəsi bu ölkədən keçir.

Ondame kəndinin balıqçıları qızıl balıq yox, ağ tozla dolu paketlər tapır

2005-ci ildə Qvineya-Bisaunun sahilyanı Biombo rayonunda yerləşən Ondame kəndinin balıqçıları çimərlikdə içərisində ağ toz doldurulmuş, ağzı möhkəmcə bağlanmış minlərlə paket tapır. Bu paketləri dəniz dalğaları sahilə vurub çıxarmışdı. Paketin içindəkinin nə olduğunu kəndlilər heç təxmin belə edə bilmirdi. Bir çoxları qərara aldı ki, paketlərdə qlutamat natriya maddəsi var və onu yeməyə qatmağa başladılar. Kənd sakinlərindən biri paketdəki tozun yarısını bir vedrə su ilə qarışdırıb onunla evin döşəməsini yudu. Kəndlilər bu sirli tozdan dini ayinlər zamanı bədənlərinə sürtməyə başladılar.

Bu ki, kübrədir!

Nəhayət kimsə tapdı-bu ki, kübrədir! Bu “tapıntıdan” sonra kəndlilər tozu əkin sahələrinə səpməyə başladılar. Ancaq təxmin özünü doğrultmadı-naməlum tozun gen-bol səpildiyi badımcan sahələrində bütün məhsul yanıb məhv oldu. İş o yerə çatdı ki, “heç nəyə yaramayan” bu ağ tozla kəndin futbol meydançasını xətləməyə başladılar.

Biombodan olan diribaş oğlan və sadəlövh kəndli

Kənddə həmin sirli tozun əslində nə olduğunu bilən cəmi bir nəfər tapıldı. Tarixə onun adı həmişəlik “Biombodan olan oğlan” kimi düşüb, hərçənd ki, Der Spiegel –in jurnalistləri onun əsl adını eşələyib tapa biliblər-Auqisto Bliri. Həmin Auqisto Brili ki, onu təzəliklə Almaniyadan deportasiya etmişdilər. O, Almaniyadakı təcrübəsinə əsasən dalğaların sahilə vurub çıxardığı minlərlə paket ağ tozun əslində nə olduğunu dərhal anladı-bu ki, kokain, yaxud yerli jarqonda deyildiyi kimi “pedru”dur! Auqisto tozun kilosunu 2 dollardan alıb paytaxta apardı və orada baha qiymətə satdı, yaxşı qazanc götürdü. Sonra əməliyyatı bir neçə dəfə təkrarladı. Bliri artıq özünün kiçik narkoimperiyasını qurmaq xəyallarına düşmüşdü, ancaq onun planlarını sadəlövh kəndlilərdən biri korladı. Sevimli badımcanlarının həmin ağ tozdan sonra quruyub məhv olmasından qəzəblənən kəndi paytaxtdan yayımlanan radiostansiyaya zəng vurdu və baş verənləri danışdı. Xahiş etdi ki, Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə yaratsınlar və Ondame kəndinə bu qədər “vaxtı keçmiş, yararsız kübrənin” haradan gəlib çıxdığını araşdırsınlar.

Milyonlarla dollar nəğd pulla gələn iki nəzakətli adam

Bundan sonra baş verənlər isə qızılaxtaranlar dövrünün çaxnaşmalarını xatırladırdı. Avropadan və Afrikanın hər tərəfindən narkotacirlər Qvineya-Bisauya axın edib həmin tozdan almaq istəyirdilər. Özlərini birinci yetirənlər qonşu Nigeriyanın sakinləri oldu, ancaq onlar “pedru”nun hamısını ala bilmədilər. İki həftə sonra adaya çarter reysi ilə uçan özəl təyyarə endi, təyyarədən portuqaliya-kolumbiya ləhcəsində danışan iki nəzakətli adam çıxdı. Onlar özləri ilə içərisi milyonlarla dollar nəğd pulla dolu çemodan gətirmişdilər. Həmin nəzakətli adamlar kəndlilərə əllərində qalan bütün satılmamış toza görə pulla dolu çemodanı təklif etdilər.

Balıqçı daxmalarından malikanələrə-lap nağıldakı kimi

Ondame kəndinin sakinləri təbii ki, buna həvəslə razılıq verdilər. Ancaq polis gələnlərin narkotacirlər olmasından şübhələnib onları saxladı. Cəmi iki saatdan sonra polis səhv etdiyini anladı və onları buraxdı. Axı milyonlarla dollar nəğd pulla dolaşanları həbs etmək Qərbi Afrikada qəbul edilməmişdi. Tezliklə həmin iki nəzakətli adamın gətirdiyi dollarlar sayəsində Ondame kəndinin yoxsul balıqçılarının çoxu dəbdəbəli villalara köçdü və bahalı maşınlarda gəzməyə başladı. Ondame kəndinə rifah, Qvineya-Bisau dövlətinə çöküş bu cür gəldi.

Tarixi şans

Qvineya-Bisau heç vaxt uğurlu dövlət olmayıb. XV əsrdə bu ərazini portuqaliyalılar müstəmləkəyə çevirib, oradan qulları daşıyıb özlərinin Braziliyadakı plantasiyalarında işlədiblər. XX əsrin ikinci yarısında ölkədə marskistlərin rəhbərliyi ilə güclü antimüstəmləkə hərəkatı başlayıb. Və 11 il davam edən qanlı partizan müharibəsindən sonra Qvineya-Bisau müstəqillik əldə edib. Soyuq müharibə dövründə Qvineya-Bisau ehtiyatla sosialist blokuna doğru meyl etmişdi, ancaq SSRİ-də yenidənqurmanın başlamasından sonra liberal baazr islahatları apardı. Bütün bu illər ərzində ölkə pis-yaxşı yaşayırdı, inkişaf edirdi. Ancaq 1998-ci ildə briqada generalı Ansuman Mane prezident Juan Bernard Vieyranı devirməyə cəhd etdi. Bir il davam edən müharibə ölkəni xarabalığa çevirdi, minlərlə adam həlak oldu, yüz minlərlə adam öz evlərini tərk etdi. Prezident Vieyra xaricə qaçdı. Qərb diplomatları evakuasiya olundular və dünya bu Qərbi Afrika respublikasına marağını tamamilə itirdi.

Paytaxtın dağılmış yolları, Kolumbiya narkobaronlarının axtarışı

Onsuz da kasıb olan ölkədə tam səfalət hökm sürməyə başladı. Orta əmək haqqı sutkada yarım dollar idi, heç paytaxtda tankların dağıtdığı yolları təmir etməyə, prezident sarayının divarlarında tank mərmilərinin açdıqları dəlikləri yamamağa pul tapılmırdı. Hər şey 2005-ci ildə, Kolumbiyadan olan narkobaronların yeni kokain tranziti marşrutu tapmaq cəhdlərindən sonra dəyişdi. Panama və Yamaykadan keçən ənənəvi marşrutu Amerika narkopolisi bağlamışdı, Meksikada isə gənc və heç kimi saymayan narkokartellər güc yığırdı. Kolumbiyalılar onlarla bacara bilməzdi. Nəticədə narkotik istifadəsinin sürətlə artdığı Avropaya yönəməyə qərar verdilər. Əgər 1998-ci ildə Avropanın kokain bazarının həcmi ABŞ bazarının cəmi dörddə biri qədər idisə 2003-cü ildə göstəricilər demək olar ki, bərabərləşdi. Narkobaronlar Afrikaya nəzər salıb Qvineya-Bisaunun üzərində dayandılar. Hansı ki, bu ölkədə əhalinin çoxu kokainin nə olduğunu heç eşitməmişdi, istənilən polisi və məmuru bir neçə yüz dollar nəğd pula ələ almaq olardı.

Okeandan keçən yol

Kokain hazırda Qvineya-Bisauya iki marşrutla-dəniz və hava yoluyla gedir. Narkotik daşıyan dəniz donanmasına fraxtə olunmuş köhnə quru yük gəmilərindən tutumuş sürətli katerlərə qədər müxtəlif tipli gəmilər daxildir. Onlar Venesueladan və ya Braziliyadan istiqamət alır. Ancaq gecələr hərəkət edir, gündüzlər dreyfə otururlar və üzərlərini mavi brezentlə örtərək dəniz suyundan seçilməz olurlar ki, havadan onları görən olmasın. Səhayət 4-5 gecə çəkir və Qvineya-Bisaunun sahillərində, Bijaqoş arxipelaqında başa çatır. Hava yolu isə daha sürətlidir-təyyarələr Kolumbiyada narkomafiyanın aerodromlarından qalxır, Braziliyada yanacaq doldurub yoluna davam edir və Qvineya-Bisaunun hələ müstəmləkə dövründən qalma sahibsiz aeroportlarından birinə enir.

İldə 40 ton kokain

Bundan sonra malı qəbul edib Avropaya yola salırlar-ya hava yoluyla, 800 dollara mədələrində bir kiloqrama qədər kokain doldurulmuş kapsulları daşımağa razı olan nigeriyalı “mulların” köməyi ilə, ya Yaşıl Burun və Kanar adaları üzərindən sürətli katerlərlə İspaniya və Portuqaliyaya. Yaxud malı köhnə həşiş yolu ilə-Seneqal, Mavritaniya, Qərbi Saxara və Mərakeşdən keçməklə yük maşınları karvanlarında daşıyırlar. Bu marşrut partizanların, “Əl-Qaidə” və İŞİD-çilərin, tuareqlər qəbilələrinin nəzarətində olan torpaqlardan keçir, təbii ki, onların hər biri yükə görə öz haqqını alır. Hesablamalara görə Qvineya-Bisaudan ildə 40 ton kokain keçir.

Bir sınıq-salxaq gəmi, 5 AK-47 avtomatı

Qvineya-Bisau ideal ötürmə məntəqəsidir. Ölkənin dəniz patrul xidmətinin cəmi bir sınıq-salxaq gəmisi və Portuqaliyanın bu yaxınlarda verdiyi iki motorlu qayığı var. O, fiziki olaraq ölkənin 350 kilometrlik sahil zolağına və 88 adadan ibarət Bijaqoş arxipelaqına nəzarət edə bilməz. Quruda isə polisin bir neçə maşını var, ancaq çox vaxt maşınları sürməyə benzin tapılmır. Polislərin heç qandalları, hətta mobil telefonları d yoxdur, silahları isə cəmi 5 AK-47 avtomatından ibarətdir. Belə şərtlərdə narkotacirlərə ancaq qərar vermək qalır-malı özləri daşısınlar, yoxsa məmurların və ordunun xidmətindən istifadə etsinlər. Kolumbiyalı narkotacirlər ölkənin infrastrukturuna fəal şəkildə sərmayə qoyur, doğrudur, özlərinə xas şəkildə. Onlar yerli müəssisələri, zavodları və anbarları alır, oraları kokain saxlamaq yerlərinə çevirirlər. Okeanın o tayından onlarla narkobaron paytaxt Bisauda dəbdəbəli malikanələrdə və silahlı mühafizəçilərin qoruması altında yaşayırlar.

Paytaxtın gecə barları, dəbdəbəli maşınlar...

Tranzitə cəlb olunmuş qvineyalılar üçün narkoticarət uğura aparan yoldur. Gecələr Bisau tamam dəyişir-hələ də yolların dağılmış vəziyyətdə olduğu şəhərdə gecə klublarının qapıları açılır, onların qarşısında dəbdəbəli “Porshe”lər, “Audi”lər, “Jaguar”lar dayanır. Pivənin bakalı orta qvineyalının sutkalıq qazancı qiymətindədir. Xarici viskinin bir şüşəsi isə üç aylıq gəliri qədər pula satılır. Bisauda bir kiloqram təmiz kokain 12 min avrodur, avropalı topdansatıcılar isə ona 30 min avro verir. Avropa küçələrindəki parakəndə satış qiyməti bundan bir neçə dəfə yuxarıdır. Qvineya-Bisaunun əhalisinin əksəriyyəti isə günü 1 dollara hələ də dəhşətli səfalət içində yaşamaqdadır. Ölkədə mərkəzləşdirilmiş elektrik və su təchizatı yoxdur, orta aylıq əmək haqqı isə heç işə avtobusla gedib-gəlməyə də bəs etmir.

Ordu, donanma, prezident, kokain

BMT-nin narkotiklər və cinayətkarlıq üzrə İdarəsinin məmurları ölkə iqtisadiyyatını bir sözlə xarakterizə edirlər-“narkokapitalizm”. İdarə bildirir ki, Əfqanıstanda və Kolumbiyada narkobaronlar ayrı-ayrı əyalətlərə nəzarət edir, Qvineya-Bisauda isə bütöv dövlətdən söhbət gedir. Hər il ölkə üzərindən daşınan kokainin dəyəri Qvineya-Bisaunun ÜDM-nin həcminə-2 milyard dollara bərabərdir. Ölkənin bütün hərbi və siyasi elitası narkotik ticarətinə cəlb olunub. Kokain tranzitində iştirak etmək uğurun əsas göstəricidir.

Prezidenti güllələdilər, sonra qılıncla doğradılar

2009-cu il martın 2-də Qvineya-Bisauda ordunun qərargahında törədilən partlayışda silahlı qüvvələrin baş qərargah rəisi Taqme Na Vaie həlak oldu. Onun tabeçliyindəkilər bundan sonra prezident sarayına hücum etdilər, dövlət başçısı Juan Vieyranı avtomatla güllələdilər, sonra qılıncla doğradılar. “O, cadugər idi, -əsgərlərdən biri izah edir,-və bizə lazım idi, onun qayıdıb qisas almayacağına əmin olaq. Nəticədə biz onun cəsədini qılıncla parçaladıq, sümüklərini, əllərini, ayaqlarını doğradıq, başını kəsdik və qarnını yardıq. İndi o, doğrudan da ölüdür”.

BMT-nin narkotiklər və cinayətkarlıq üzrə İdarəsi isə ölkədəki vəziyyəti ehtiyatla dəyərləndirir: “Bu münaqişənin səbəbi siyasi fikir ayrılığı və gərginlik olsa da pedra satışından əldə olunan gəlirin bölüşdürülməsi uğrunda mübarizə rəqib qruplaşmalar arasında çatları dərinləşdirdi”.

İnterpol-un yerli bölməsinin rəhbəri Kalvaria Aukxariye isə daha açıq danışır: “Ordu, donanma, prezident-hamı bu sxemə qarışıb. Vieyra və Taqme rəqib idilər, onlardan kimsə ölməli idi”. Hərbçilərin narkoticarətə cəlb olunduğunu bu fakt da təsdiq edir ki, 2013-cü ilin aprelində ABŞ-ın narkotilərə qarşı mübarizə İdarəsinin agentləri Kabo-Verde ada dövlətinin yaxınlığında, beynəlxalq sularda Qvineya-Bisaun hərbi-dəniz qüvvələrinin keçmiş komandanı, admiral Joze Ameriqo Bubo Na Çutonu həbs edib. Ordunun keçmiş baş qərargah rəisi Antonio İndjaini yaxalamaq isə hələ mümkün olmayıb. Yerli cinayət axtarışı polisinin rəhbəri Juan Biaqe Der Spiegel-ə deyib ki, o, iri partiya narkotik ələ keçirsə işdən qovulacağı dəqiqdir. “Mən narkoticarətə qarşı mübarizə aparmalıyam, ancaq o cür ki, heç kimin maraqlarına toxunmayım, hər şeydən əvvəl ordunun”-o deyir.

Yarım ton kokain daşıyan təyyarə xarab olur və...

Narkopolislərin ordu kazarmalarına burunlarını soxması sadəcə olaraq mümkün deyil. Bir neçəsi indiyədək oralarda yoxa çıxıb. Hətta polislər hərbçiləri kokain yükü ilə saxlasa da onları cəmi bir neçə saat həbsdə saxlamaq mümkün olur. Ölkədə ordu ən iri narkoticarət təşkilatına çevrilib və onunla mübahisə etməyə heç kim cəsarət etmir. Paqonlu narkobaronların necə işlədiyini aşağıdakı əhvalata əsasən təxmin etmək olar. 2008-ci ildə Bisau aeroportuna hidravlik sistemi sıradan çıxmış Amerika təyyarəsi qəza enişi edib.

Polis təyyarənin heyətini, o cümlədən Meksikanın “Sinaloa” kartelinə işləyən komandir Karmel Vaskes Querrunu saxlayıb. Polislər göyərtəyə qalxmağa cəhd ediblər. Ancaq təcili çağırışla aeroporta gələn silahlı əsgərlər onların yolunu kəsib. Əsgərlər təyyarəni bir sutka bu cür mühasirədə saxlayblar,ertəsi gün Venesueladan göyərtəsində təmirçilər olan başqa təyyarə gəlib. Lakin maşını təmir etmək mümkün olmayıb. Beş gün sonra İnterpol-un mütəxəssisləri FTB-nin və ABŞ-ın narkotiklərə qarşı mübarizə İdarəsinin agentləri ilə birlikdə Bisauya gəliblər. Onlar nasaz təyyarəni axtarıblar, çünki göyərtədə yarım ton kokainin olduğu haqda məlumat var idi. Lakin heç nə tapılmayıb.

Narkotik ikinci təyyarənin heyəti və əsgərlərlə birlikdə yoxa çıxıb. Həmin xarab təyyarə isə artıq 8 ildir ki, Bisau aeroportunda atılmış vəziyyətdə qalır. BMT-nin məlumatlarına görə 2011-ci ildən bu yana ölkədə 34 kq kokain və 22 ton mariuxana ələ keçirilib, 58 nəfər mühakimə olunub. Lakin yerli polis bildirir ki, bu statistika saxtadır, ələ keçirilən kokain cəmi 13 kq-dır. Qvineya həbsxanalarında isə narkotikə görə cəmi 15 nəfər saxlanılır, onlar da əsasən mədələrində kokain dolu kapsulları daşıyan nigeriyalı “mullar”dır. Hansı ki, hakimiyyətdəki narkomafiya özü onları içəri saldırıb və ölkənin imicini beynəlxalq arenada yaxşılaşdırmaq istəyib.

Kasıblıq xilas yoludur

Demək olmaz ki, beynəlxalq birlik Qvineya-Bisauya kömək etməyə çalışmır. 2015-ci ilin martında donor-ölklər ölkəyə turistləri və xarici investorları cəlb etməyə yönəlmiş 10 illik proqram üçün 1 milyard dollar köçürüblər. Hər yeni Qvineya prezidenti and içir ki, narkotrafikin kökünü kəsəcək və Qvineya-Bisaunu çiçəklənən dövlətə çevirəcək. Lakin hesabatlar göstərir ki, Qvineya-Bisau asiyalı narkotacirlər üçün də ötürmə məntəqəsinə çevrilir. Kolumbiyalılar da əllərini yanına salıb oturmur və öz şəbəkələrini Maliyə, Qambiyaya, Keniyaya, Mozambikə, Nigeriyaya yayır.

Qvineya-Bisauda kokain faktiki olaraq ikinci valyutaya çevrilib. Tranzit sxemlərinə cəlb olunanların çoxunun maaşlarını kokainlə ödəyirlər. Ölkənin iri şəhərlərinin gənclərinin üçdə biri narkotik istifadəçisidir. Lakin onlar bahalı kokain deyil, kokainin soda ilə qarışığından alınan “krek” istifadə edilər. Bunun dozası 70 sentə yaxındır. İndiki halda ölkə əhalisinin yoxsulluğu həm də onun xilası hesab edilə bilər. Ölkə vətəndaşlarının əksəriyyətinin “pedra” bir yana qalsın, heç bir doza “krek” almağa da imkanı yoxdur. Kənd sakinləri isə ümumiyyətlə narkotiklə tanış deyil, təsadüfən şəhərlilərlə təmasa görə onun dadını bilənlər isə yaşadıqlarını “bəd ruhların əməlləri” hesab edir. Və yaxın vaxtlarda beynəlxalq birlik Qvineya tranzitini bağlaya bilsə ölkənin dirçəlməyə şansı yarana bilər. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
İqtisadi fəal, məşğul, işsiz əhali
İqtisadi fəal, məşğul, işsiz əhali
Yeni açılmış iş yerləri
Yeni açılmış iş yerləri
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əsaslı tikinti
Əsaslı tikinti
Sənaye
Sənaye