Azərbaycan İdeyası

BAKI POLISI CINAYƏTKARIN TAPILIB MƏSULIYYƏTƏ CƏLB OLUNMASINDA MARAQLI DEYIL

Tarix:25-02-2020, 09:54
Baxış Sayı:174

Vətəndaşlar Hüseynova Günəş Həbib qızının, Cahangirova Fəridə Abdul qızının, Murad Amalya Çingiz qızının hələ il yarım bundan əvvəl redaksiyamıza yazdıqları şikayət əsasında qəzetimizdə ictimailəşdirilərək polisin diqqətinə çatdırdığımız məsələnin həlli istiqamətində heç bir əhəmiyyətli addım atılmayıb. Vətəndaşlar həmin şəxsin özünü onlara “Əliyeva Sevda” adı ilə təqdim edərək pul və digər maddi əşyalar alaraq geri qaytarmamasından, müxtəlif bəhanələrlə boyun qaçırmasından, onlardan başqa daha bir neçə nəfəri aldatmasından şikayətlənmişdilər. Redaksiya olaraq şikayətnamənin əsasında hazırladığımız və qəzetimizin 21 sentyabr 2018-ci il tarixli sayca 06(68)-ci nəşrində dərc etdiyimiz “Vətəndaşları aldadıb pullarını mənimsəyən qadın niyə axtarılmır?” sərlövhəli məqaləmizin yer aldığı qəzet nüsxələrini müşayiətedici məktublarla (0443, 0444, 05.10.2018) baş prokurora və daxili işlər nazirinə göndərdik. Həmin məktublarda inam ifadə etdik ki, yəqin adresatlar məqalədə ehtiva olunan məsələni (Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin kimliyini müəyyən etmədiyi şəxs barədə şikayət edən vətəndaşa məhkəməyə müraciət etməyi tövsiyə etməsi) ciddiliklə araşdırılacaq və nəticə barədə redaksiyanın məlumatlandırılması təmin olunacaq. Məktublara Bakı şəhər Baş Polis İdarəsindən verilən cavabda bildirildi ki, araşdırma zamanı göstərdiyimiz xüsusatların mülki xarakterli mübahisə olması nəzərə alınmışdır və o üzdən məsələnin həlli ilə bağlı aidiyyati olaraq məhkəməyə müraciət etməyimiz tövsiyə olundu. Bu isə o deməkdir ki, Bakı şəhər Baş Polis İdarəsi də Nəsimi RPİ-nin 21-ci PB –nin məsələyə yanlış münasibətini təkrarladı, hətta bir az da artıq, öz payına yanlışlığa yol verdi. PB vətəndaşa məhkəməyə müraciət etməyi tövsiyə etmişdi, şəhər polisi də redaksiyaya məhkəməyə müraciət etməyi tövsiyə etdi, nəzərə almadı ki, məhkəməyə müraciət etmək hüququ redaksiyaya deyil, vətəndaşlara məxsusdur, çünki aldadılan redaksiya deyil, məhz onlardı. Amma görünür, idarə mənsubları həmin vaxt özlərini yormaq, vətəndaşları qəbul edib dinləmək belə istəməmişdilər.
BŞBPİ-nin cavab məktubu əsasında hazırladığımız və qəzetin 14 dekabr 2018-ci il tarixli sayca 07(69)-ci nəşrində 12-ci səhifədə dərc olunmuş “Polis gerçək kimliyini dəqiqləşdirmək istəmədiyi real şəxs barədə şikayəti məhkəməyə göndərməyi tövsiyə edir” başlıqlı növbəti məqalənin yer aldığı qəzet nüsxələrini müşayiətedici məktublarla 17.12.2018-ci il tarixli, 0452 və 0453 saylı məktublarımızla baş prokurora və daxili işlər nazirinə göndərdik və inam ifadə etdik ki, aldadılan vətəndaşların təsvir etdikləri əlamətlər və digər məlumatlar əsasında onların pullarını mənimsəmiş şəxsin əsl kimliyinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsinə köməklik göstəriləcək. Yenə də BŞBPİ (Təşkilati-inspektor idarəsinin rəisi) cavab verdi: “Aparılmış xidməti yoxlama nəticəsində vətəndaşların polis əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalmaları barədə göstərdiyiniz xüsusatlar təsdiqlənməmişdir”.
Yenə də BŞBPİ yanlışlığa yol verdi – vətəndaşlar polisin qanunsuz hərəkətinə məruz qalmayıblar, əksinə, hərəkətsizliyindən şikayətlənirdilər. Məsələni 2019-cu il boyu unutmadıq, nəzarətdə saxladıq. BŞPİ ilin axırında (22.12.2019-cu il) yenə eyni cavabı təkrarladı: “...Müraciətinizə Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsində baxılmışdır. Bildiririk ki, müraciətiniz ilə bağlı Təşkilati-inspektor idarəsində araşdırma aparılmış və nəticə barədə sizə rəsmi məlumat verilmişdir”.
Qəribədir, görəsən BŞBPİ mənsubları başa düşmürlərmi ki, vətəndaşlara onları aldadıb pullarını və zinət əşyalarını mənimsəyən şəxsin gerçək kimliyini müəyyənləşdirməkdə yardımçı olmaq polisin vəzifəsidir? Polis bunu etməyə hətta səy də göstərməməlidir? Edibsə, nə edib? Axı polis həmin dələduz qadını həmişə maşında gəzdirən taksi sürücüsünü də tanıyır. Onun yaxasını polisin əlinə məhz şikayətçilər özləri veriblər? Bundan başqa, ortada nömrəsi bəlli telefon danışıqları, səs yazıları da var. Deməli, polis cinayətkarın tapılıb məsuliyyətə cəlb olunmasında maraqlı deyil!

OXŞAR XƏBƏRLƏR
İctimai nəqliyyatda yaşlılarla cavanlar arasında “yer davası”: Hər iki tərəfin bir sualı var: “Niyə?”
İctimai nəqliyyatda yaşlılarla cavanlar  arasında “yer davası”: Hər iki tərəfin bir sualı var: “Niyə?”
Bakıda avtobus "Land Cruiser"lə toqquşdu
Bakıda avtobus "Land Cruiser"lə toqquşdu
Bank kartlarından pullar belə oğurlanır – Üç məqam
Bank kartlarından pullar belə oğurlanır – Üç məqam
Serj Sarkisyanın etirafı: Şuşa əməliyyatında Robert Köçəryan özü də iştirak edirdi
Serj Sarkisyanın etirafı: Şuşa əməliyyatında Robert Köçəryan özü də iştirak edirdi
Güclü külək Bakıda AĞACLARI AŞIRIB
Güclü külək Bakıda AĞACLARI AŞIRIB
İranda fövqəladə vəziyyət elan edildi - 40 ölü, 1205 yaralı... YENİLƏNİB.
İranda fövqəladə vəziyyət elan edildi - 40 ölü, 1205 yaralı...  YENİLƏNİB.
Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramıdır
Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramıdır
“Sizinlə danışan bank işçisidir” - Fırııdaqçılar daha çox mesaj, səsli və görüntülü zənglərlə...
“Sizinlə danışan bank işçisidir” - Fırııdaqçılar daha çox mesaj, səsli və görüntülü zənglərlə...