Boşanma zamanı fərdlərin qərarına təsir edən əsaslı ünsürlərin başında aliment ödəmək məsuliyyəti gəlir. Aliment uşağın ehtiyaclarını qarşılamaq məqsədi ilə ödənilir.
Boşanma mərhələsində olan valideynlər uşaqları üçün aliment ödəməli olduqlarını anlasa da, bir çox halda qərarın icrasına əməl etmir.
Bildiyimiz ki, aliment təyin edilərkən tərəflərin sosial və maliyyə durumu mühüm amil kimi götürülür. Buna görə alimentin miqdarı ailədən-ailəyə dəyişir. Bir acınacaqlı məqam var ki, uşağa aliment verməkdən qaçmaq üçün maaşını az yazdıranlar da az deyil.
Xalq arasında alimentlə bağlı bilinən doğru və yanlışlar var. Bu sahədə ən ciddi problem isə alimentlə bağlı məhkəmə qətnamələrinin icra edilməməsidir.
İmişli rayonunun Qulubəyli kənd sakini Şahbazova Şamama Qubad qızı Azərbaycan Respublikasının Prezidentinə, Vitse-Prezidentə və Ədliyyə nazirinə yazdığı 06.10.2020-ci il tarixli şikayət ərizəsinin bir surətini də “Korrupsiya və Qanun” qəzetinin redaksiyasına ünvanlayaraq, açıq formada dərc olunmasını xahiş edib.
Ərizəni olduğu kimi dərc edirik:
“Cənab Prezident!
Şikayətim İmişli Rayon İcra Şöbəsinin məmuru Elşən Cəfərov barəsindədir.
Bildirirəm ki, 2014-cü ilin sentyabr ayında iki azyaşlı uşağımın saxlanılması üçün uşaqların atası Məmmədov Anar Səfər oğlundan hər bir uşaq üçün 80 manat, cəmi 160 manat aliment verilməsi barədə İmişli rayon məhkəməsi tərəfindən qətnamə çıxarıldı. Ancaq 2014-cü ildən bu günə kimi həmin aliment pulundan cəmi 2000 manata yaxın ödənilmişdir.
Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin məmurları konkret tədbir görməkdənsə, paqon həmrəyliyi nümayiş etdirərək, keçən beş il müddət ərzində məmur Elşən Cəfərovu müdafiə edərək mənim vətəndaş hüquqlarımı kobud surətdə pozurlar. Dəfələrlə icra sənədlərimin məmur Elşən Cəfərovdan alınıb başqa bir məmura verilməsini xahiş etsəm də, İcra Baş İdarəsi mənə başdansovdu cavablar yazmaqla məni başlarından edirlər. İcra Baş İdarəsi icra məmuru Elşən Cəfərovdan birmənalı olaraq süründürməçilikdən əl çəkib konkret iş görməsini tələb etmir. Belə olan təqdirdə Elşən Cəfərov öz şəxsi maraqlarına görə qanunazidd əməllərini davam etdirir.
Çoxsaylı şikayət ərizələrimdən sonra məhkəmə qərarının icrası ilə əlaqədar borclu Anar Məmmədov barəsində axtarış elan olunmuş, üç il keçdikdən sonra borclu saxlanılaraq onun barəsində inzaibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə prosesində icra məmuru Elşən Cəfərov borclu Anar Məmmədovu müdafiə etmək məqsədilə mənə xahiş edərək bildirdi ki, əgər Anar Məmmədov aliment pullarını verməsə, mən öz cibimdən sənin pulunu verəcəyəm. Belə ki, mən icra məmuru Elşən Cəfərova dövlət məmuru olduğuna görə inanıb Anar Məmmədov barəsində şikayətçi olmadım. Daha sonra Elşən Cəfərov mənə bir sənədə imza etdirərək, aliment pulunu hissə-hissə alıb verəcəyini bildirdi. Ancaq həmin vaxtdan bu günə qədər bir manat da olsun belə mənə aliment ödənilmədi.
Yuxarı instansiyalara çoxsaylı şikayət ərizələrimdən sonra 2020-ci ilin əvvəllərində borclu Anar Məmmədov tutularaq məhkəməyə gətirilərək, İXM-nin müvafiq maddəsi ilə 10 gün müddətinə həbs cəzasına və 500 manat cərimə olunması barədə qərar çıxarıldı. Ancaq borclu Anar Məmmədov bu cəzadan islah olunmayaraq aliment pulunu ödəməkdən imtina etdi. Odur ki, 6 ay əvvəl mən İmişli İcra və Probasiya Şöbəsinin rəisi Samir Osmanova şikayət etdim. Rəis Samir Osmanov bildirdi ki, tərəfimizdən borclu Anar Məmmədov barəsində cinayət işi başlanmasına görə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət edilmişdir. Ancaq xeyli müddət keçməsinə baxmayaraq, borclu barəsində heç bir tədbir görülməmişdir. Təqribən bir ay əvvəl Lənkəran Regional Ədliyyə İdarəsindən mənə teleqram göndərilərək həftənin bazar günü həmin idarəyə gəlməyim tələb olunurdu. Ancaq teleqramın hansı məqsədlə göndərildiyi mənə məlum olmadığı üçün, həmçinin teleqramı gec aldığım üçün Lənkəran şəhərinə gedə bilmədim.
Bu vəziyyətdə mən iki uşağı necə geyindirim, yedirdim və məktəbə göndərim? Ona görə də biz çox acınacaqlı vəziyyətdə yaşayırıq. İcra məmurunun günahı üzündən mənim uşaqlarım ciddi ehtiyac içində yaşayır.
Xahiş edirəm, qanunamüvafiq tədbir görülməsinə köməklik edəsiniz.
İmza: Ş.Şahbazova
06.10.2020”
Borclunun vəfat etməsi, ölkə hüdudlarından kənarda olması, axtarışda olması, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, cəzaçəkmə müəssisəsində olması, ağır xəstəliyinin olması və s.) hallarda səbəbindən asılı olaraq tələbkarlara hüquqları izah olunur. Eyni zamanda müvafiq qurum tərəfindən tələbkarlara alimentin ödənilməməsi barədə arayış verilir ki, sosial yardım almaları üçün aidiyyəti orqana müraciət edə bilsinlər.
Dünya praktikasına nəzər salaq, bəzi ölkələrdə valideyn haqlı səbəblərdən alimenti ödəyə bilmədikdə dövlət o öhdəliyi öz üzərinə götürür. Lakin borclu tərəf dövlətə borclu qalır və sonradan o borclar ödənilməlidir. Bir çox ölkələrdə aliment fondu yaradılıb. Müəyyən ölkələrdə aliment dövlət tərəfindən müavinət formasında ödənilir. Azərbaycanda da Aliment Fondunun yaradılmasını bir neçə deputat təklif etsə də, hələlik məsələ həllini tapmayıb.
Adəm Əliyev