Lənkəran rayonunun Nərimanabad qəsəbəsində qeydiyyatda olan, hazırda Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yaşayan 2002-ci il təvəllüdlü Əliyev Nurlan Azər oğlu yazılı surətdə “Korrupsiya və Qanun” qəzetinə müraciət edərək, hərbi xidmətdə aldığı xəsarətlə əlaqədfar əmək qabiliyyətini itirdiyini, hazırda heç bir sosial müdafiə tədbiri ilə təmin olunmadığını bildirmişdir:
“08 may 2020-ci il tarixdə hərbi xidmətə çağırılmışam. Goranbioy rayonundakı “N” saylı hərbi hissədə xidmətə başladım, iki ay sonra Ağdam rayonundakı “N” saylı hərbi hissəyə bölündüm. Döyüşlərdə oldum, xəsarət aldım (Nurlan Əliyevin Bərdə Rayon Mərkəzi Xəstəxanasında təsdiqlənmiş tibbi kartasından çıxarışdan bəlli olur ki, ona “Sağ çiyin qurşağının arxa səthinin, sağ budun yuxarı 1/3-nün, sol baldırın aşağı 1/3-nin kor qəlpə yaraları, sağ biləyin arxa səthinin kəsilmiş yarası” diaqnozu qoyulmuşdur. – red.) Hərbi xidməti bitirməyimə 1 ay qalmış xidmət zamanı ağır ikinci dərəcəli yanıq xəsarəti aldım. Təcili surətdə məni Ağdam hospitalına, oradan da Baş Hərbi Klinik Hospitalına gətirdilər. İki dəfə (13.11.2021, 07.12.2021) cərrahi əməliyyat (bazunun autodermoplastikası) olundum, bədənimin baldır hissəsindən qoluma dəri köçürməli oldular. 01 sentyabr 2021-ci ildən 20 dekabr 2021-ci ilədək hospitalda stasionar müalicədə oldum. 01 oktyabr 2021-ci ildə xidmət vaxtım bitirdi, xəsarətlə bağlı 03 yanvar 2022-ci ildə tərxis olundum. İndi isə heç bir işlə məşğul ola bilmirəm, ağır vəziyyətdəyəm. Dəfələrlə aidiyyəti qurumlara müraciət etməyimə baxmayaraq, mənə heç bir köməklik göstərilməyib, pensiya kəsilməyib. Qolumu tam rahat aça bilmirəm, dəri dartınması baş verir. Buna görə də məni heç bir işə götürmürlər”.
Amma Nurlan Əliyevin dərisinin, damarlarının bükülərək de-fakto əlil olmasına səbəb 01.09.2021-ci il tarixdə xidmət etdiyi bölükdə hamam partlaması nəticəsində aldığı “hər iki yuxarı ətrafın, üzün, hər iki qulaq seyvanının, boyunun 2-ci dərəcəli, sağ topuğun 1-ci dərəcəli termiki yanığı” xəsarəti olmuşdur. Bu diaqnoz Müdafiə Nazirliyinin travma haqqında arayışında da təsdiqlənir: “Xəsarət hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır”.
Maraqlıdır ki, Nurlanın 31.10.2020-ci il tarixdə döyüşərkən aldığı yaralar “yüngül”, 01.09.2021-ci ildə hərbi toplanış zamanı aldığı yanıq xəsarəti “ağır” olaraq dəyərləndirilmişdir. Redaksiyaya təqdim etdiyi sənəd surətlərindən görünür ki, Nurlan Əliyev yalnız “forma – 20” sənədi əsasında ağır yanıq xəsarəti aldığı üçün dövlətdən yalnız sığorta pulu almaq mümkündür, bu da cəmi bir dəfə verilir.
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AR Qanununun 5-ci maddəsinə əsasən,
Maddə 5. Sığorta hadisələri və ödənişləri[7]
Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir:
a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz;
b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz;
c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz;
ç:) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda:
– I qrup əlilliyə görə — 80 faiz;
– II qrup əlilliyə görə — 60 faiz;
– III qrup əlilliyə görə — 40 faiz;
d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən:
– ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz;
– yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz.
P.S. 20 yaşlı Nurlanın hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş hərbi qulluqçuların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədi ilə nəzərdə tutulmuş tədbirlərdən faydalanması üçün əvvəlcə onun əlil olduğu təsdiqlənməlidir. Onun fiziki cəhətdən hiss etdiyi məhdudiyyətləri başa düşməyəcək həkimlərə, tibbi ekspertlərə isə təklif edərdik ki, eksperiment üçün özlərini eyni yanıq xəsarətlərinə məruz qoysunlar.
Xuraman Quliyeva