Azərbaycan İdeyası

Oğuzda anası ölmüşlərin işi hələ də əyri gedir

Tarix:29-07-2022, 11:59
Baxış Sayı:588

Oğuz rayonunun Top kəndinin sakini Allahverdiyev Allahverdi Abdulhüseyn oğlunun konstitusion hüquq və azadlıqları, o cümlədən azadlıq hüququ Ədliyyə və Daxili İşlər nazirliklərinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri və özbaşınalığı nəticəsində kobud şəkildə pozulub və hazırda pozulmaqda davam edir.

Oğuz Rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli 2(054)-349/2018 saylı qətnaməsi ilə Mikayılov Aydın Baxış oğlunun mərhum Mikayılova Qəribə Allahverdi qızı ilə birgə nikahından 26.10.2014-cü il tarixdə anadan olmuş Mikayıllı Timur Aydın oğlu və 05.04.2016-cı il tarixdə anadan olmuş Mikayıllı Aidə Aydın qızı adlı uşaqların Allahverdiyev Allahverdi Abdulhüseyn oğlundan alınaraq iddiaçı Mikayılov Aydın Baxış oğluna verilməsi qət edilib.

Bu qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılıb. (Şəki Apellyasiya Məhkəməsinin 05.12.2019-cu il tarixli qətnaməsi və Ali Məhkəmənin 23.09.2020-ci il tarixli qərarı). Qeyd edilən qətnamə əsasında verilmiş icra sənədi üzrə Oğuz rayon icra və probasiya şöbəsində icraata başlanılıb, müxtəlif tarixlərdə keçirilmiş icra prosesi zamanı uşaqlar atanın yanında qalmaqdan imtina ediblər.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04.08.2021-ci il tarixli 11/203 nömrəli rəyində azyaşlı uşaqların baba və nənənin himayəsində qalması məqsədəuyğun hesab edilib. Sonradan borclu yaşayış yerini Bakı şəhərinin Nizami rayonuna dəyişdiyinə görə icra sənədi Nizami rayon icra şöbəsinə göndərilib. Borclu Nizami rayon icra şöbəsinin icra məmurunun çağırışlarına gəlib, izahatında uşaqların yoldaşı Səlbinaz Allahverdiyevanın yanında Oğuz rayonunda yaşadığını və qərarın icrasının tərəfindən mümkün olmadığını bildirib.

Hətta 2 dəfə yoldaşından xahiş edərək uşaqların Nizami rayon icra şöbəsinə gətirilməsini təmin edib, icra prosesləri zamanı uşaqlar ataya getməkdən imtina edib, ağlayıb, nəticədə böyük psixoloji sarsıntı və stres keçirib ki, bu da öz növbəsində azyaşlıların sağlamlıqları üçün təhdiddir. İcra proseslərinin video çəkilişi aparılıb və müvafiq aktlar tərtib olunub.

Bu barədə Ədliyyə və Daxili İşlər nazirliklərinə müraciət edən Allahverdiyevin vəkili Rüstəm Rəhimov sosial şəbəkədəki paylaşımında bildirib ki, Nizami rayon icra şöbəsində müvəkkilə qarşı olan haqsızlıqlar sonradan davam etdirilib, borclu olduğu icra işi heç bir hüquqi əsas olmadan icra məmuru Fəxrəddin Şahhüseynovun 27.05.2022-ci il tarixli qərarı ilə Oğuz rayon icra və probasiya şöbəsinə göndərilib:

“Həmin qərarda qeyd olunur ki, guya borclunun Bakıda olduğu ünvana gedib, lakin onun həmin mənzildə olmadığı müəyyən edilib. Borclu necə həmin ünvanda yaşamır ki, dəfələrlə Nizami rayon icra şöbəsində olub, izahat verib, tərtib olunan aktları imzalayıb, şöbə rəisinin qəbulunda olub, Ədliyyə Nazirliyindən dəvət olunan psixoloqla söhbət edib və sair.

Daha sonra qərarda qeyd olunur: “Borclunun yaşayış yerinin müəyyən edilməsi üçün Təhsil Nazirliyi Oğuz rayon təhsil şöbəsinin N.Süleymanov adına Zərrab kənd tam orta məktəbi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, azyaşlılar dərslərdə davamlı olaraq iştirak edir və nənəsinin yanında qalırlar”. Siz təsəvvür edin, prosessual sənəddə bu abzası xüsusi rütbə daşıyan ədliyyə qulluqçusu yazıb. Qərarda bu cür fikirlər ifadə edən məmurdan hansı qanuni tələbi gözləmək olar? Borclunun yerinin müəyyən edilməsi üçün məktəbə sorğu verilir....

“İcra haqqında” Qanunda göstərilir ki, borclunun yaşayış yeri məlum olmadıqda onun axtarılması haqqında qərar qəbul olunur. Lakin icra məmuru borclunun yerinin məlum olduğunu bildiyindən axtarış qərarı qəbul etmir, işi ərazi aidiyyəti üzrə Oğuz rayon icra və probasiya şöbəsinə göndərir.

Həmin abzasda qeyd olunub ki, uşaqların nənənin yanında qaldığı müəyyən olunub. Uşaqların nənənin yanında olmağını müəyyən etmək üçün sorğuya ehtiyac yoxdur, borclunun izahatlarını diqqətlə oxusaydı, yetərli idi. Həmin qərarda növbəti abzasda qeyd olunur ki, borclunun Oğuz rayonunda “Malik-M” MMC-də işlədiyi müəyyən edilib. Hazırda yerli icra qurumlarında tətbiq olunan “Elektron icra” informasiya sistemi vasitəsi ilə müəyyən etmək olar ki, “Malik-M” MMC uzun illərdir fəaliyyətini dayandırıb və borclu orada işləmir.

Məhz bundan sonra qərarda qeyd olunur ki, göstərilənlər nəzərə alınaraq, “İcra haqqında” Qanunun 10 və 24-cü maddələri rəhbər tutularaq icra sənədi ərazi aidiyyəti üzrə Oğuz rayon icra və probasiya şöbəsinə göndərilir. İndi isə qərarda qeyd olunan qanunun maddələrinə nəzər salaq.

“İcra haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Borclu Oğuz rayonunda yaşamırsa, borclu olduğu icra sənədi hansı əsaslandırma, qanun və “məntiq”lə Nizami icra şöbəsindən Oğuz rayon icra və probasiya şöbəsinə göndərilmişdir?

İcra işi Oğuz rayon icra və probasiya şöbəsinə daxil olduqdan və Tural adlı icra məmuru icra sənədini icraatına qəbul etdikdən sonra heç bir yazılı və şifahi məlumat vermədən, tələbkarın nümayəndəsi Hüseynov Elxan Xanbaba oğlu, rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə müvəkkilimin yaşlı anasının və övladlarının yaşadığı Oğuz rayonu Top kəndində yerləşən evə, baxış keçirmək adı ilə, qanunsuz daxil olublar.

13.06.2022-ci il tarixdə baş tutmuş “icra prosesi” zamanı borclunun anası, oğlu Elməddin bildirib ki, Allahverdi Allahverdiyev burada yaşamır, Bakıda yaşayır və işləri ilə əlaqədar respublikanın müxtəlif rayonlarında olur. Bu barədə akt tərtib olunur. Həmin icra prosesi uşaqların atasına təhvil verilməsi məqsədilə təyin edilir, lakin tərtib edilmiş aktdan görünür ki, uşaqların atası olan tələbkar icra prosesində özü deyil, onun nümayəndəsi iştirak edib.

Halbuki, Ailə Məcəlləsinin 74.3-cü maddəsində göstərilir ki, uşağın alınıb başqa bir şəxsə verilməsi ilə əlaqədar məhkəmə qətnaməsinin məcburi icrasında müvafiq icra hakimiyyəti orqanının, uşağı götürən şəxsin, zəruri hallarda isə polis orqanı nümayəndəsinin iştirakı vacibdir.

Qanunverici bu tip icra proseslərində uşağı götürən şəxsin, yəni tələbkarın iştirakının vacibliyini vurğulasa da, icra məmuru tələbkarın iştirakını təmin etmədən, onun nümayəndəsinin iştirakı ilə borclunun yaşamadığı evə qanunsuz daxil olub, tələbkarın nümayəndəsinə evdə çəkiliş aparmağa, müvafiq məhkəmə qərarı olmadan saxlanc yerlərini açaraq baxış keçirməyə şərait yaradıb.

Tutaq ki, həmin vaxt uşaqlar qeyd olunan ünvanda olsaydı, icra məmuru iki azyaşlı uşağı kimə təhvil verəcəkdi? Atalarının tanımadıqları nümayəndələrinə? Bundan sonra isə icra məmuru Tural Abdurahmanov 14.06.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 109, mənzil 14 ünvanında qeydiyyatda olan və yaşayan Allahverdiyev Allahverdi Abdulhüseyn oğlunun axtarılması haqqında qərar qəbul edərək Oğuz rayon polis şöbəsinə göndərib, sonuncu borclunun Bakı şəhərində qeydiyyatda olmasını əsas götürərək qərarı geri qaytarıb.

Daha sonra 20.06.2022-ci il tarixdə təkrarən borclunun axtarılması haqqında qərar qəbul edərək Oğuz rayon polis şöbəsinə göndərmiş, bu dəfə Oğuz RPŞ qanunun və müvafiq təlimatın tələblərini pozaraq müvəkkilim barəsində 24.06.2022-ci il tarixdə axtarış işi açıb. Məsələnin gülməli tərəfi odur ki, müvəkkilim Bakı şəhərində qeydiyyatda olmaqla yaşasa da, Oğuzda yaşayan ailə üzvlərinə baş çəkərkən tövsiyəmə uyğun olaraq Oğuz RPŞ-nin çağırışına gedib, polis əməkdaşları onu aidiyyəti üzrə Oğuz rayon icra və probasiya şöbəsinə təhvil versələr də, icra məmuru onu qəbul etməyərək uşaqların gətirilməsini tələb etmişdir.

Bu hal isə nə az, nə çox - dörd dəfə təkrarlanıb. Yəni axtarışda olan şəxs rahat şəkildə polis şöbəsinə, icra şöbəsinə və digər qurumlara daxil olur, onun axtarışda olmasına heç bir əsas olmadığı halda barəsində açılan axtarış işinə xitam verilməyib.

Bununla bağlı dəfələrlə Oğuz PRŞ-nin əməkdaşlarına hərəkətlərinin qanunsuz olduğunu izah etməyimə, hüquqi maarifləndirmə aparmağıma, DİN-in rəhbərliyinə və 102 xidmətinə borclu tərəfindən məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəblərdən qanunsuz olaraq açılmış axtarış işi hələ də xitam olunmayıb.

Daxili İşlər Nazirliyi tərəfindən təsdiq edilmiş “Borclu fiziki şəxslərin və cavabdehlərin axtarışının təşkili və həyata keçirilməsi haqqında Təlimat”ın 1.3-cü bəndində qeyd olunur ki, borclu fiziki şəxslərin və cavabdehlərin axtarışı qanunçuluq, humanistlik, insan hüquq və azadlıqlarına hörmət prinsipi əsasında həyata keçirilir.

Həmin Təlimatın 3.5-ci bəndində qeyd olunur ki, dövlət yol polisi qurumunun əməkdaşı yol hərəkəti qaydalarının pozulmasına görə və ya sənədlərin yoxlanılması üçün stasionar postlarda saxlanılan nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri, sürücülük vəsiqələri alan, nəqliyyat vasitəsinin dövlət qeydiyyatından və texniki baxışdan keçirən şəxslər arasında axtarılanları müəyyən edir.

Təsəvvür edin, şəxsi işi ilə əlaqədar və ya Oğuz rayonundan yaşadığı Bakı şəhərinə qayıdarkən yol hərəkəti qaydasını pozduğuna görə YPX əməkdaşı tərəfindən saxlanılır, sənədləri yoxlanılarkən axtarışda olduğu müəyyən edilərək Oğuz rayonuna geri qaytarılır. Oğuz RPŞ həmin şəxsi icra qurumuna təhvil verir, icra qurumunun şəxsi qəbul etməməsi əsas gətirilərək axtarış işinə xitam verilmir. Və bu hal dəfələrlə təkrarlanır, nəticədə şəxsin konstitusion hüququ olan sərbəst hərəkət etmək hüququ pozulur.

Digər bir misal. Borclu hüquqlarının həyata keçirilməsi üçün başqa bir vəkilə və ya etibar etdiyi şəxsə etibarnamə vermək istəyir, notariat orqanı şəxsin axtarışda olduğunu əsas götürərək onun etibarnamə vermək hüququnu təmin etmir.

Halbuki, icra qurumunun şəxsi qəbul etməməsi axtarış işinin xitam edilməsi üçün əsas deyildir. Belə ki, “Borclu fiziki şəxslərin və cavabdehlərin axtarışının təşkili və həyata keçirilməsi haqqında Təlimat”ın 3.20.1 və 3.21-ci bəndlərində göstərilir ki, borclu saxlanılaraq icra orqanına təhvil verildikdə axtarış işi rayon polis orqanlarının rəisləri və xidmət üzrə rəis müavinləri tərəfindən xitam edilir”.

Vəkil Ədliyyə və Daxili işlər nazirlərinə müraciətinin sonunda qeyd olunanların nəzərə alınmasını, müraciətin nəzarətə götürülərək ətraflı araşdırılmasını, qanun pozuntusuna yol vermiş vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsinə, qanunsuz olaraq ərazi aidiyyəti üzrə göndərilmiş icra işinin Nizami rayon icra şöbəsinə geri qaytarılmasına və Allahverdi Allahverdiyev barəsində açılmış axtarış işinin xitam olunmasına göstəriş verilməsini aidiyyəti qurumların rəhbərliyindən xahiş etmişdir.

Xatırladaq ki, “Korrupsiya və Qanun” qəzeti hələ iki il əvvəl – 23 aprel 2018-ci il tarixli nəşrində Allahverdi Allahverdiyevin açıq şikayət ərizəsini olduğu kimi dərc etmişdi. Allahverdiyev istintaq orqanından şikayətləndiyi həmin ərizəsində bildirirdi ki, qızı Qəribə Allahverdiyeva əri və qaynanası tərəfindən boğularaq öldürülmüş, daha onların dediyi kimi özünü asmamışdır. Müəllimə işləyən qızı içki düşkünü olan ərindən fərqli olaraq heç də qaynanasının iddia etdiyi kimi psixoloji xəstəlikdən əziyyət çəkmirmiş. Qətl hadisəsi dörd yaşlı Timurun gözləri qarşısında baş vermiş və onun hafizəsinə çox mənfi iz salmışdır.

Həmçinin bildirmişdi ki, cani hesab etdiyi Aydın Mikayılov Oğuz rayon İcra Hakimiyyəti başçısının qohumu olduğuna görə hüquq-mühafizə və cinayət təqibi orqanları işi ört-basdır edir, onun vəsadətlərini təmin etmirlər: şahidlər dindirilmir, iş üzrə əhəmiyyət kəsb edən telefon danışıqları dinlənilib təhlil olunmur.


Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…