Paytaxtda fəaliyyət göstərən taksi xidmətləri yüksək maaş və bir çox sərfəli şərtlər təklif edərək sürücüləri onlarla işləməyə dəvət edir. Amma nəticədə isə bir çox sürücülər, hərtərəfli özlərinə sərf edən müqavilələlər əsasında öz hüquqlarını kobud şəkildə pozan taksı şirkətləri tərəfindən aldadılırlar.
Ağdam rayonundan məcburi köçkün, hazırda Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” bina 11, mənzil 36 ünvanda məskunlaşan 1977-ci il təvəllüdlü Camalov Toğrul Allahverdi oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına məktubla müraciət edərək “Ağ Şəhər Taksi” MMC tərəfindən hüquqpozmaya məruz qaldığını bildirmişdir. Yazır ki, 13.01.2023-cü il tarixdə sözügedən şirkətə sürücü vəzifəsinə işə qəbul olunub. Etibarnamə ilə “Ravon Nexia” markalı 99 PS-964 dövlət nömrə nişanlı minik avtomobilini gündəli 25 AZN (aylıq 750 AZN) məbləğdə pul ödəmək şərtilə 36 ay müddətinə icarəyə götürüb. Avtomobili iki ay idarə etdikdən sonra maşında nasazlıq aşkarlanıb və 400 AZN-ə yaxın xərc çəkərək öz hesabına təmir etdirib. İki aydan çox icarə haqqını ödədikdən sonra dolana bilmədiyi üçün gündəlik icarə haqqını ödəyə bilməyəcəyini yəqin edərək işdən çıxıb. Şirkətə ödədiyi 735 AZN depozit pulunun geri qaytarılmasını tələb edəndə onu məsələni Xəzər adlı vəzifəli şəxslə həll etməyi məsləhət görüblər. Lakin görüşdüyü şəxslər ona depozitin geri qaytarılmayacağını bildiriliblər. Maşını təhvil verib, amma ona heç müqaviləni də verməyiblər. Odur ki, məsələnin KİV-də ictimailəşdirilməsini və aidiyyəti qurumlara çatdırılmasını redaksiyadan xahiş edir.
Məsələyə aydınlıq gətirmək məqsədilə şikayətçi ilə birlikdə şirkətin Nəsimi rayonu, Alatava 3, ev 149 ünvanda yerləşən filialına yollanıb direktor kimi tədim olunan Xəzər adlı şəxs ilə görüşdük. Xəzər bəy müqavilənin bağlanıldığı gün surətinin icarəçiyə verilmədiyini etiraf etdi və elə oradaca bizim yanımızda sənədi təqdim etdi. Həmçinin video-çəkilişin dayandırılmasına israr etdi. Məlum oldu ki, şikayətçinin depozit məbləği dediyi 730 manatın 125 manatı əslində sığorta üçün ödənilib. Xəzər bəy həmçinin xatırlatdı ki, müqavilənin şərtinə görə icarəyə götürən 1 (bir) il müddətdən öncə müqavilənin pozulmasına təşəbbüs göstərərsə, depozit məbləği geri qaytarılmır. Maraqlıdır,Xəzər bəy əgər müqavilənin şərtlərinə əməl edilməsində bu qədər israrlıdırsa, görəsən özü niyə əmək qanunvericiliyinin tələblərinə riayət etmir?!
Görünən odur ki, “Ağ Şəhər Taksi” MMC şirkəti sonucda sürücüyə qalmaq şərtilə bir neçə illiyə (adətən 29 və 36 aya) icarəyə verdiyi avtomobilləri (əsasən “Ravon R3“ və ”Renault Logan”) əldən çıxarmamaq üçün hər cür bəhanədən istifadə edir. Hətta texniki baxışa gəlməyənləri özbaşına olaraq 50 manat cərimə edirlər. Nəticə bu olur ki, sürücü xeyli müddət ağır icarə şərtilə şirkətə işləmiş olur. Onu da qeyd edək ki, sosial şəbəkə istifadəçilərinin “maşınlar təzədir, ya köhnə” sualına şirkətin feyzbuk səhifəsinin adminləri hamının gözü önündə olan açıq şərh bölümündə cavab vermir, həmin istifadəçinin şəxsi mesaj qutusuna yazırlar. Bu isə qiymət siyasətində şəffaflığın təmin olunmaması deməkdir. Səhifəni izləyənlər irad tuturlar ki, 100-200 min kilometr yürüşü olan maşınları günlük 25 manata icarəyə vermək haqsızlıqdır.
Həmçinin belə bir məlumata rast gəldik ki, “Ağ Şəhər Taksi” MMC-nin rəhbərləri əvvəllər “*5000” taksi xidmətini işlədiblər, həmin şəxslərin arxasında isə “Nurgün Motors” şirkətinin sahibləri durur.
Mövzuya qayıdacağıq.
“Əsli ilə doğrudur!”
Baş redaktor: X.Ə. Quliyeva