Azərbaycan İdeyası

Polis xalası oğlu polisdə işləyən gülsatan dələduzu niyə axtarmır?

Tarix:26-04-2023, 17:39
Baxış Sayı:153

Polis xalası oğlu polisdə işləyən gülsatan dələduzu niyə axtarmır?
Sadiq oxucularımız bəlkə də xatırlayarlar: “Korrupsiya və Qanun” qəzetinin 24 dekabr 2022-ci il tarixli sayca 08 (92)-ci nəşrində “Gülsatan oğlan dələduzluq edib” sərlövhəli məqalə dərc olunmuşdu. Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, bina – 5, mənzil – 3 ünvanında yaşayan Zalzadə Ruhəngiz Musa qızı redaksiyaya yazılı müraciət edərək, məruz qaldığı dələduzluq əməlindən bəhs etmiş və məsələnin kütləvi informasiya vasitəsində ictimailəşdirilməsini xahiş etmişdi.
R.Zalzadə yazırdı ki, tanımadığım bir şəxs ona zəng edib xərçəng xəstəsi olduğunu, müalicə almaq üçün imkanı olmadığını deyərək yardım istəyib. Lakin kim olduğunu, onun telefon nömrəsini kimdən öyrəndiyini deməkdən yayınıb. Ruhəngiz xanım həmin şəxsə maaşa işlədiyini, köməklik etməyə yetəcək qədər imkanı olmadığını deyib. Həm də onun özünün işləyib-işləmədiyini soruşub. Naməlum şəxs Ruhəngiz xanıma əmisinin “Gənclik” metro-stansiyası yaxınlığında gül dükanında işlədiyini, lakin qazancının az olduğunu bildirib və görüntülü danışaraq gül dükanında oturduğunu göstərib. Sonra Ruhəngiz xanıma yalvararaq Aviasiya Akademiyasının məzunu olduğunu, hava limanına işə düzəlmək istədiyini, ondan 5000 (beş min) manat rüşvət istənildiyini deyib və həmin məbləğdə köməklik etməsini istəyərək, işləyib qaytaracağını vəd edib. Adam yalnız adının “Mansur” olduğunu, əslən mərdəkanlı olduğunu deyib, lakin guya itirdiyi səbəbindən şəxsiyyət vəsiqəsini göstərməyib. Ruhəngiz xanım ehtiyatsızlıq edərək, Mansura özünə bank tərəfindən 10-15-20 min manat zaminsiz kredit təklif edildiyini yazıb. Mansur əvvəllər işlədiyini, hətta pul qazanıb maşın aldığını, lakin hazırda maşının mühərrikinin xarab olduğunu da deyərək, Ruhəngiz xanımı fərasətli olduğuna inandırıb. Ürəyi yumşalan Ruhəngiz xanım “Unibank”dan 5000 (beş min) manat kredit götürərək pulu və öz adına rəsmiləşdirilən bank sənədlərini “Gənclik” metrosu yaxınlığında görüşdüyü Mansura verib. Lakin həmin görüşdən bir həftə sonra Mansur zəng vurub ona deyib ki, dalaşdığına görə işi polisə düşüb, həbsdən qurtarmaq üçün pulu polisdə işləyən xalası oğlunun vasitəsilə rüşvət verməli olub, o üzdən işə də girə bilməyib. Beləliklə, Ruhəngiz xanımı aldadan Mansur borcunun yalnız ilk 3 aylıq məbləğini (aprel, may, iyun) tam, iyul, avqust aylarının borcunu isə qismən ödəyib. İki ayın qalığını və sonrakı aylar üzrə borcu isə Ruhəngiz xanım özü çətinliklə, başqa mənbələrdən borc götürərək ödəməli olub. O vaxtdan Mansur onun telefon zənglərinə cavab vermir. Ruhəngiz xanım ünvanını, initsiallarını dəqiq bilmədiyi həmin şəxsi tapmaq üçün metronun “Gənclik” və “Nərimanov” stansiyaları arasındakı nahiyədə bütün gül dükanlarını gəzib, amma axtarışları nəticə verməyib. Şikayətçi bildirirdi ki, maaşı qaneedici deyil, o üzdən krediti ödəyə bilmir, hədd-buluğa çatmamış qızı da işləmir.
Ümid edirdi ki, məsələ KİV-də ictimailəşəndən sonra hüquq-mqhafizə orqanları onu aldadan dələduzun tapılması ilə ciddi məşğul olacaqlar.
Redaksiya olaraq, poçt vasitəsilə məqalənin dərc olunduğu qəzetin nüsxəsini 27.12.2022-ci il tarixli 0963 nömrəli məktuba qoşma edərək Daxili İşlər Nazirliyinə göndərdik və Zalzadə Ruhəngiz Musa qızının etibarından sui-istifadə edərək dələduzluq əməli törətmiş şəxsin tapılmasını, məsuliyyətə cəlb olunmasını, nəticə barədə redaksiyamızın məlumatlandırılmasını xahiş etmişdik. Bundan bir ay sonra Bakı şəhər Baş Polis İdarəsindən məktub aldıq ki, DİN-ə ünvanlanmış müraciətimiz araşdırmanın ərazi aidiyyəti üzrə davam etdirilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilmişdir. Daha ay yarım sonra isə Nərimanov RPİ-nin 17-ci Polis Bölməsi bizə yazdı ki, araşdırma zamanı R.Zalzadənin 5000 manat pulunu ələ keçirmiş şəxsin 15.06.1998-ci il təvəllüdlü Bakı şəhər sakini Əliyev Mansur Tərlan oğlu olduğu müəyyənləşib. Amma R.Zalzadənin M.Əliyevə pulu verdiyi ünvan (Bakı şəhəri Nərimanov rayonu Atatürk pr. 36A) Nərimanov RPİ-nin 16-cı PB-nin xidməti ərazisinə aid olduğu üçün 10.02.2022-ci il tarixli HK-1/402 saylı material araşdırmanın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə 16-cı PB-nə göndərilib. Ən nəhayət, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı polis kapitanı Emin Səfərov redaksiyamıza tərəflər arasındakı məsələnin “mülki xarakterli” olması səbəbindən toplanmış material üzrə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətini göndərdi.
Qərarın mətnində R.Zalzadənin redaksiyamıza yazdığı şikyət ərizəsində göstərdiklərinin demək olar ki, hamısı, üstəgəl Əliyev Mansur Tərlan oğlunun qeydiyyatda olduğu ünvan (Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, dönfə 3, ev 8) xatırlanır
Maraqlıdır, görəsən polis Əliyev Mansur Tərlan oğlunu çağırıb izahat almağa niyə lüzum bilməyib? Onu tapmaq üçün birinci addım kimi qeydiyyatda olduğu ünvana baş çəkmək işin xeyrinə olmazdımı? Bəlkə adam özü etiraf edəcəkdi ki, işi-gücü R.Zalzadə kimi sadəlövh insanların etibarından sui-istifadə edib pullarını mənimsəməkdir?
Soruşmaq olmazdımı ki, “sən borc götürdüyün 5000 manat pulu işə düzəlmək üçün kimə rüşvət verəcəkdin?” Bəlkə adam doğru deyibmiş? Əlbəttə, nəinki soruşmaq lazım idi, hətta ona üzərinə adi gözlə görünməyən, xüsusi üsulla “RÜŞVƏT” sözü yazılmış 5000 manat məbləğində kağız əskinazlar da vermək lazım idi ki, rüşvətxoru pul alarkən cinayət üstündə yaxalamaq mümkün olsun.
Ən nəhayət, sonuncu vacib məqama diqqət yetirək: Polis təhqiqatçısı Emin Səfərovun qərarının mətnində R.Zalzadənin redaksiyamıza yazdığı ərizənin mətnindən fərqli olan bircə bircə istisna əskiklik vardı: Mansur Əliyevin Ruhəngiz Zalzadəyə dediyi “dalaşdığıma görə işim polisə düşüb, həbsdən qurtarmaq üçün pulu polisdə işləyən xalam oğlunun vasitəsilə rüşvət verməli oldum, o üzdən işə də girə bilmədim” sözləri qərarın mətnində yer almayıb. Bəlkə polis elə bu nüansa görə Mansur Əliyevi tapıb dindirmək istəməyib. Niyə də yox? Mansurun əlində polisdə işləyən xalası oğluna və (və yaxud) xalası oğlunun vasitəsilə başqa bir polis məmuruna rüşvət verdiyinin təsdiqi kimi xidmət edəcək sübutlar ola bilməzmi? Yaxud, tam əksinə, bəlkə Mansurun polisdə işləyən xalası oğlu bu dəfə də ona kömək edib, həmkarlarına təsir göstərib?
Mövzuya qayıdacağıq.

“Korrupsiya-q.az”, 08.04.2023

OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA