Azərbaycan İdeyası

Ata aliment ödəməmək üçün pişiyi bəhanə edib uşaqları anadan ayırmağa çalışır

Tarix:Bu gün, 11:00
Baxış Sayı:6

Tərtər rayonunun Kəbirli kənd sakini Vəliyeva Ağca Mahir qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək məhkəmə ədalətsizliyi ilə üzləşdiyini bildirmişdir.
Vətəndaş A.Vəliyeva yazır ki, Əliyev Rəşad Vaqif oğlu ilə 2016-cı ilin fevral ayında qeyri-rəsmi ailə qurmuşlar. 2017-ci ildə toyları olmuşdur. Onunla müxtəlif səbəblərdən nikahları rəsmi qeyd edilməsə də, uşaqlara atalıq haqqında şəhadətnamə alınmışdır. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, tərəflər aralarında olan mübahisələrə görə onlar ayrılmış, ər-arvad münasibətləri pozulmuşdur. Tərtər Rayon Məhkəməsinin 2(061)-736/2024 saylı, 20.06.2024-cü il tarixli qətnaməsi ilə övladları 31.12.2017-ci il təvəllüdlü Əliyeva Rəhimə Rəşad qızı, 20.07.2019- cu il təvəllüdlü Əliyev Hüseyn Rəşad oğlu və 27.01.2022-ci il təvəllüdlü Əliyeva Leyla Rəşad qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün uşaqların atası Əliyev Rəşad Vaqif oğlundan hər uşağa görə 190 manat, cəmi 570 manat tutulan alimentin tutularaq tələbkar Vəliyeva Ağca Mahir qızına verilməsi qət edilmişdir.
Lakin Əliyev Rəşad Vaqif oğlu Tərtər Rayon Məhkəməsinə müraciət edərək, “alimentin 50 faizinin uşaqların adına açılan bank hesabına ödənilməsi”nə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Vəliyeva Ağca Mahir qızı bildirmişdir ki, Tərtər Rayon Məhkəməsinin 20.06.2024-cü il tarixli qətnaməsinə əsasən borclu Əliyev Rəşad Vaqif oğlundan tutulan alimentin 50 faizinin bank hesabına köçürülməsinə razı deyildir. Ödənilən məbləğ heç uşaqların gündəlik təminatına çatmır. Ona görə də məhkəmədən ərizənin təmin edilməməsini xahiş edib. Qəribədir ki, Tərtər Rayon Məhkəməsi İş № 8(061)-26/2025 saylı 04.03.2025-ci il tarixli qərardadı ilə məhkəmədə iştirak belə etməyən Əliyev Rəşad Vaqif oğlunun ərizəsini təmin etmişdir. Məhkəməyə sədrlik edən hakim Tahir Qubadov Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə istinad etmişdir. Nədən ki, həmin maddəyə görə, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.
“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024- cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Görəsən, hakim Tahir Qubadov hansı əsasla hər uşağa görə tutulan 190 manat (yaşayış minimumundan onsuz da 45 manat az olduğu halda!) məbləği faktiki olaraq yarıbayarı azaldaraq hərəsi üçün 95 manata endirmişdir?
Bundan başqa, uşaqlar yetkinlik yaşına çatanda atalarından tutulan alimentin 50 faizini istifadə etmək hüququna malik olacaqlar. Bəs elə isə onlar yetkinlik yaşına çatana kimi 95 manatla necə dolanacaqlar? 95 manat onların hansı xərclərini ödəyəcək? - ərzağınamı, geyiminəmi, təhsilinəmi çatacaq? O qədər pulla uşağın qabiliyyətini necə inkişaf etdirmək, onun maddi və mənəvi tələbatlarını necə təmin etmək olar?
Bundan əlavə, sirr deyil ki, ölkədə neçə ildir davamlı inflyasiya gedir və bu, mənfi tendensiya xarakteri alıb. Pul hər il əvvəlki ildəkinə nisbətən dəyər itirir. Bu nöqteyi-nəzərdən, alimentin hər ay tam olaraq gündəlik tələbatları artan uşaqların zəruri ehtiyaclarına xərclənməsi onun yarısının bank hesabında qalıb dəyər itirməsindən daha məqsədəuyğun deyilmi?
Göründüyü kimi, uşaqlar üçün yaşayış minimumundan 45 manat aşağı olan 190 manat pulu aliment kimi alan şəxs tərəfindən təyinatından kənar (yəni uşağa deyil) məqsədlərə xərcləndiyini düşünmək belə absurddur.
Ağca Vəliyeva xatırlayır ki, hakim Tahir Qubadov məhkəmədə ona uşaqlara qayğı göstərmənin hər iki valideynin borcu olduğunu xatırlatmış, Rəşad Əliyevə tərəfkeşliyini “əsaslandırmaq” üçün qadının da işləməsinin gərəkliyini tələb etmişdir. Halbuki, Ağca Vəliyeva məhz uşaqlar azyaşlı, məktəbli olduqları üçün evdarlığa məhkumdur. Onu da qeyd edir ki, Tərtər rayonunun Kəbirli kəndində uşaqları ilə birlikdə atası evində yaşayır. Bir neçə il əvvələ kimi valideynlərinin gümrah vaxtında onlar uşaqlarla qayğılanmış, özü isə Bakıda müxtəlif yerlərdə, kafelərdə qeyri-leqal işlərdə çalışmışdır. Çünki onsuz da Rəşad ailəyə baxmırmış. Aliment təyin olunandan sonra da aliment məbləğini heç vaxt tam ödəməmişdir. Lakin artıq indi Ağcanın ahıl yaşlı valideynlərinin səhhəti uşaqlara qayğı göstərməyə imkan vermir, o üzdən işə çıxa bilmir, uşaqların alimentdən asılılığı zəruridir.
Bütün bunlar azmış kimi, Ağca Vəliyeva bildirir ki, Rəşad Əliyev aliment verməmək üçün çirkin varianta əl atmış, ondan bir günlüyə uşaqları özündə saxlamağın razılığını aldığı halda sonra geri istəyəndə qaytarmaqdan imtina etmişdir. İmtinasını da bununla əsaslandırmışdır ki, guya Ağcagil həyətdə pişik saxlayırlar, o isə uşaqlarının heyvanlarla təmasda olmasına qarşıdır. Həmçinin uşaqları analarına qarşı mənfi fikirlərə kökləndirməklə məşğuldur. Ağca Vəliyeva xatırlayır ki, Rəşad Əliyev əvvəllər də uşaqları qaçırmaq üçün onları dilə tutmuş, evdən xəlvətcə çıxmalarını və təyin etdiyi vaxtda onları gözlədiyi metro stansiyasına getmələrini tapşırıbmış. Lakin uşaqlar bu barədə analarına xəbər verdikləri üçün Rəşadın planı baş tutmurmuş.
Məsələ ilə əlaqədar 25.06.2026-cı il tarixdə Tərtər rayon İcra Hakimiyyətindən Sevil Məmmədova ilə telefon əlaqəsi saxlayıb hansı tədbirlərin görüldüyünü öyrənməyə çalışdıq. S.Məmmədova sabah üçün uşaqlarla psixoloqun görüşünün təşkil olunacağını bildirdi. Lakin bağlantını yekunlaşdırdıqdan az sonra yenidən telefona geri dönüş edib sabah bayram ilə əlaqədar qeyri-iş günü olduğunu xatırlatdı və planlaşdırılan həmin görüş barədə redaksiyamıza əlavə məlumat veriləcəyini vəd etdi.
Mövzuya qayıdacağıq.
X.Ə.Quliyeva, baş redaktor

OXŞAR XƏBƏRLƏR
Tərtər rayonunun Kəbirli kənd sakini Vəliyeva Ağca Mahir qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək məhkəmə ədalətsizliyi ilə üzləşdiyini bildirmişdir. Vətəndaş A.Vəliyeva yazır ki, Əliyev Rəşad Vaqif oğlu ilə 2016-cı ilin
Tərtər rayonunun Kəbirli kənd sakini Vəliyeva Ağca Mahir qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək məhkəmə ədalətsizliyi ilə üzləşdiyini bildirmişdir. Vətəndaş A.Vəliyeva yazır ki, Əliyev Rəşad Vaqif oğlu ilə 2016-cı ilin
“Fərqli dad”, fərli xidmət
“Fərqli dad”, fərli xidmət
Ata aliment ödəməmək üçün pişiyi bəhanə edib uşaqları anadan ayırmağa çalışır
Ata aliment ödəməmək üçün pişiyi bəhanə edib uşaqları anadan ayırmağa çalışır
“Günəş Petrol” firmasının fəaliyyəti məmnunluq doğurur
“Günəş Petrol” firmasının fəaliyyəti məmnunluq doğurur
Dostlarım
Dostlarım
Konstitusiya Məhkəməsinin səlahiyyətləri əgər bu qədər məhduddursa...
Konstitusiya Məhkəməsinin səlahiyyətləri əgər bu qədər məhduddursa...
Mənli günlərini yada salarsan
Mənli günlərini yada salarsan
Zirzəmidə yağış suyuna qərq olan avtomobilə dəyən ziyanı kim qarşılayacaq?
Zirzəmidə yağış suyuna qərq olan avtomobilə dəyən ziyanı kim qarşılayacaq?