Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu millət vəkili Fazil Mustafanın sosial şəbəkədə onu neoirançı adlandırması ilə əlaqədar səsləndirdiyi fikirlərlə bağlı qafqazinfo-nun suallarını cavablandırıb.
Milli.Az müsahibəni təqdim edir:
- Fazil Mustafa sizi neoirançılığın ən fəal təbliğatçısı elan edib. Bununla razısınızmı?
- Əgər Azərbaycan tarixinə sahib çıxmaq, onu yaşatmaq neoirançılıqdırsa, mən bu cür irançılıqla fəxr edirəm. İnsanlara ad qoymaq hələ nəsə ifadə etmir. Mən ona Azərbaycan tarixi, Şah İsmayılla bağlı heç bir əsası olmayan, elmilikdən, millilikdən çox-çox uzaq olan məzhəbçi baxışı ilə bağlı 120 səhifədən ibarət elmi cavab yazmışam. Buyursun, o da mənə elmi şəkildə cavab yazsın. O cavabdan bilsinlər ki, mən irançıyam, ya turançıyam. Fazil Mustafa çox qəribə metod seçib. Ağzını açıb onun fikrinə cavab verən adama dərhal bir yarlıq yapışdırır. Əslində isə o nə irançı, nə türkçü, nə də azərbaycanlıdır. O sadəcə sünni məzhəbinə məxsus olan bir şəxsdir. Sünni nöqteyi-nəzərdən Azərbaycan tarixinə baxır. Fazil Mustafa bu bölgədə bir türk dövlətinin yaranması ilə razılaşa bilmir. Tarixi də dərindən bilmir. Səfəvilər də, ondan sonra yaranan Əfşarlar və Qacarlar imperiyasının da irançılıqla əlaqəsi yoxdu. Bunu Azərbaycan türklərinin əlindən almaq ən böyük xəyanətdir.
- Siz də Fazil Mustafanı məzhəbçilikdə ittiham edirsiz...
- Mən ittiham etmirəm. Hər kəsin tarixə istənilən metodla yanaşmaq haqqı var. Fazil Qəzənfəroğlunun maraqları, müdafiə etdiyi ideallar, durduğu cəbhə nədirsə, onun fikirləri də bunu ifadə edir. Mən Azərbaycan türkü olaraq Azərbaycan tarixinin müdafiə edən mövqe nümayiş etdirirəm. Bu zaman ondan fərqli olaraq tarixə məzhəbçi baxışla yox, çoxtərəfli baxışlarla baxıram və nəticə çıxarıram ki, bu dövlətlər Azərbaycan türkünün imperiyasıdır.
- Onu türkçülükdən uzaq biri kimi qeyd etmək nə dərəcədə əsaslıdır?
- O, əlbəttə, türkçü deyil. Məsələn, millətçi ermənilər Azərbaycan tarixində yaxşı nə varsa onu oğurlayırlar, deyirlər ki, bu erməni tarixidir, Nizami, dolma, xalça bizimdir və s. Fazil də deyir ki, bu imperiya, bu tarix, ədəbiyyat, mədəniyyət bizim deyil. Sizcə, burada o zaman millətçi kim olur? Bunları edən erməni, yoxsa onun əksini edən Fazil? O deyir ki, biz 66 min kvadratmetrlilk ərazi ilə kifayətlənməliyik. Dövlətçilik tariximiz Məmməd Əmin Rəsulzadə ilə başlayıb. Adama deyərlər ki, müasir dövlətlərin hansı XIX əsrdən tarix səhnəsinə çıxıb? Bunlar hamısı onu göstərir ki, Fazil millətdən uzaq bir adamdır. Yalandan Sultan Yavuzu, Osmanlını müdafiə edir. Osmanlıları da sünni kimi müdafiə edir.
Fazil Mustafa sünni də deyil, nurçu təriqətindəndir. Türkiyədə qalanda nurçuluğu qəbul edib. Nurçuluq nöqteyi-nəzərindən Azərbaycan tarixinə baxır. Desin ki, Şah İsmayıl sünni deyil, mən bununla razıyam. Guya ki, azərbaycanlı həm sünni, həm də şiə ola bilməz? O deyir ki, şiə olduğuna görə farsdır. İnsanın əqidəsinə görə milləti dəyişilə bilər? Əqidə insanın qanına təsirə edə bilməz ki... Alban tarixinə də xristian olduğu üçün deyək ki, o, türklükdən uzaqdır? Bir millət 50 cür əqidədə ola bilər. Bu həmin millətin tarixini inkar etməyə əsas vermir ki? O elə təsəvvür yaradır ki, guya tarix dindən başlayır. Onun məntiqi ilə 1918-ci ildə yaranmış ADR-in başında duranların hamısı irançıdır, çünki onlar da şiə olublar. Bu nə sözdür? Xətai şiə olubsa, Səfəvi imperiyası Azərbaycan türkünün deyilmi? Məmməd Əmin Rəsulzadə də şiə olub. Onda nə əcəb onu Azərbaycan türkü kimi qəbul edir? O cümlədən dövləti də.
Müasir dövrdə Azərbaycan dövlətinin başında duranların əksəriyyəti də şiələrdir. O zaman biz deməliyik ki, müasir Azərbaycan dövləti də bir türk dövləti deyil. Bir millət, iki dövlət ifadəsi haradan çıxdı ortalığa? Azərbayanda hazırda rəsmi təriqət şiədir. Sünni əhalinin 5-6 faizidir. Onda deyək ki, bu 90 faizin hamısı irançıdır?
- Siz də şiə təriqətindənsiniz?
- Elə Fazilin özü də şiə təriqətindəndir. Əbülfəz Elçibəyin vaxtında Türkiyəyə gedib, orada nurçuların təsiri altına düşüb. Mən özüm orta yolu müdafiə edirəm. Namaz qılıram, oruc tuturam, dinə qayıtmışam. Quranın buyurduğu kimi edirəm. Amma atam, anam qohumum yaşadığım kənd şiə təriqətinə mənsubdur.
- Bəs İranın dini xadimləri ilə hər hansı münasibətiniz varmı?
- Mən İran din xadimlərinin yanlış fikirləri ilə bağlı ondan yüz dəfə çox qəzetlərdə çıxış etmişəm. İlk dəfə mən demişəm ki, şiəlik xristian dininin katolik təriqətinin dəyərlərini mənimsəmiş islam təriqətidir. Sünnilik isə yəhudiliyi mənimsəyib. Fazil mənim qədər şiəliyi bu cür təhlil edə bilməz. Ancaq o şiəliyə deyil, Azərbaycan xalqına hücum edir. Buradan gedib İranda təhsil alanları da tanımıram, əlaqəm də yoxdur. Mən Qurani-Kərimə elmi-fəlsəfi izah yazıram. Ona görə dini məsələləri dərindən öyrənirəm. Bunu da hansısa təriqət kitablarından deyil, elmi mənbələrdən istifadə edərək yazıram. Hətta bir dəfə Məhərrəmliklə bağlı bir məsələni demişdim. Göy məscidin imamı fikrimlə bağlı yarım saatlıq xütbə oxudu. Qurani-Kərim deyir ki, parçalanmayın, parçalanandan sonra da bir-birinizlə mübahisə etməyin, ixtilaf yaratmayın. Fazil Mustafa da Quranın bu müddəalarına zidd olaraq sünni-şiə davası salır. Bu müasir dövlətçiliyimiz üçün də çox böyük təhlükədir. İraqda, Suriyada bu saat sünni-şiə müharibəsi gedir. Fazil Mustafa da ölkədə qarşıdurma hazırlayır, dini zəmində baş verə biləcək ixtilafların zəminini hazırlayır. İnternetə girin baxın, Fazili nə qədər söyürlər, təhqir edirlər. Fazil kimi olanlar da bu tərəfi təhqir edir. Bu onu göstərir ki, Fazil virtual aləmdə öz məqsədinə çatıb. Artıq ixtilaf başlayıb. Bunun virtualdan reala çıxması isə an məsələdir. Özü hüquqşünasdır, millət vəkilidir. Ancaq beynəlxalq hüquq normalarına zidd olaraq mövqe tutur və təriqətçiliyi Azərbaycanda qızışdırır. O, irançıya elmi cavab vermək əvəzinə təhqirə keçir. Bir insanın əqidəsini təhqir etmək Konstistusiyada vicdan azadlığına ziddir. Onun mövqeyi ona gətirib çıxarıb ki, ayağımız altında olan Azərbaycan torpağını da verək ermənilərə, deyək ki, gəlin oturun burada.
Müsəlmanlar bir-birinin qardaşıdır. Belə olanda Fazilin İŞİD-dən nə fərqi oldu? Mən özüm də qəbul edirəm ki, şiəlik yanlış bir yoldur. Amma mən çıxış edib deyirəm ki, sünnilər bicdir, nə bilim nədən əmələ gəliblər?! Fazil isə deyir ki, şiələr siğədən əmələ gəliblər, yəni bicdirlər. Azərbaycanda da bunun qədər təhqiramiz söz yoxdur. Sən kimsən axı belə təhqir edirsən? Mənə də irançıyam deyib böhtan atır.
İranın "Səhər" telekanalınınn "Kompos" verilişində dekabrın 26-da çıxış etmişəm. Verilişdə Suriya-İran-Türkiyə münasibətləri müzakirə olunub. İndi baxın həmin verilişə, görün ki, türkçü kimdir, irançı kimdir. Elə sən ağzını açıb-yummaqla deyil ki. Mən fakt deyirəm. Əgər Azərbaycan deputatı deyirsə ki, şiələr irançıdır, demək ki, sən bütün şiələri zorla İranın qucağına itələyirsən. O hər cəhətdən səhv yoldadır.
- Bəziləri millət vəkili Fazil Mustafanın dini mövzularda fəaliyyətinin aktivləşməsini birmənalı qarşılamırlar...
- O Türkiyədə olarkən dediyim təriqətlə məşğul olub. Onun elmi işinin də mahiyyəti dinlə bağlıdır. Son vaxtlar isə Fətullah Gülən hadisəsi meydana çıxandan sonra aktiv şəkildə önə çıxıb. Fətullahçılıq da nurçuluğun bir qanadıdır. Ola bilsin ki, fətullahçı deyil, çünki nurçuluğun 6 qanadı var. Özü də yəqin nurçu olduğunu inkar etməz. Nurçuluq isə islam dininə zidd olan bir çox müddəaları müdafiə edir.
- Ümumiyyətlə, sizin aranızda olan məsələ ancaq tarixləmi, dinləmi bağlıdır? Yoxsa başqa problemlərinizmi var?
- Başqa problem yoxdur. Məni Azərbaycan televiziyalarına buraxmırlar. İndi sizin vasitəsinizlə mən onu TV efirinə dəvət edirəm. Deputat kimi öz səlahiyyətindən istifadə etsin. Çıxaq hamının gözü qabağında bu məsələni diskussiya edək. Mən buna tam hazıram. Aramızda olan bu məsələni elmi şəkildə diskussiya edək. Öz tərəfindən nə qədər istəyir alim gətirsin, mən özüm tək onlara cavab verəcəm. Fazil Mustafanı debata çağırıram, gəlsin nöqtə qoyaq bu məsələyə.
- Amma zamanla bu məsələlər çox gündəmə gəlir. Hələliksə nöqtə qoyulmayıb...
- Bu məsələni uzatmağın özü də təhlükəlidir. Tarix ovsunlaşmış bir şeydir, o bir ölkəni məhv də edə bilər, dirildə də bilər. Tarixi diskussiyalar olduqca ağır siyasi nəticələrə gətirib çıxara bilər. Məsələn, o, başqa dini məsələlərlə bağlı fikir bildirib, cavab verməmişəm. Amma Azərbaycan tarixi məsələsi önəmli olduğuna görə mən bu diskussiyaya qoşulmuşam