Azərbaycan məhkəmələrində kredit borcları ilə bağlı araşdırılan mübahisələrin əksəriyyəti bankların xeyrinə həll edilir. Bunun əsas səbəbi kredit müqavilələrinin banklar tərəfindən tərtib edilməsi və qanunvericiliyin maliyyə qurumlarının «tərəfində olmasıdır».
Ölkə banklarının demək olar ki, hamısı müştərilərindən krediti məhkəmə yolu ilə almağa üstünük verirlər. Xüsusilə, faizlərin hesablanması və borcların ödənilməsinin icracı, zaminlərdən borcun tələb olunması, əmlakın qiymətləndirilməsi ilə bağlı şikayətlər üstünlük təşkil edir. İddialar həm istehlak, həm də biznes kreditlərinə aiddir.
Məhkəmə çəkişmələri əsasən, dollarla götürülən kreditlərin qaytarılması ilə bağlıdır. Bu zaman qətnamələr Konstitusiya Məhkəməsinin 2015-ci il 5 may tarixli qərarı əsas götürülərək vətəndaşların ziyanına qəbul edilir. Araşdırmalar göstərir ki, kreditlə bağlı məhkəmə mübahisələrində qərarların 90 faizi bankarın xeyrinə verilir. Bunun əsas səbəbi, müqavilə şərtlərinin birmənalı olaraq həmişə bankların xeyrinə olmasıdır. Müqaviləni banklar özləri tərtib etdiyinə görə, buradakı şərtlər də adətən banklara sərfəli formada olur.
Ancaq 10 faiz hallarda məhkəmələrdə vətəndaşların iddiaları təmin edilir. Onların sırasında sahibkarlar üstünlük təşkil edir. Çünki ancaq bu təbəqədən olan şəxslər öz hüquqlarını müdafiə etmək üçün maliyyə imkanlarına malikdirlər. Sadə vətəndaşların pullu vəkil xidmətlərindən istifadə etmək imkanları olmadığından əksər hallarda hallarda məhkəmələrə müraciət etmirlər. Qərarların çoxunun bankların xeyrinə olması məhkəmə proseslərini uzadır. Qərarların təxminən 98 faizindən apellyasiya şikayəti verilir. Apellyasiya Məhkəməsində də həmin qərarların 80 faizi qüvvədə saxlanılır. Yalnız 20 faiz hallarda vətəndaşların xeyrinə yeni qərar qəbul olunur. Bu qərarlardan isə 70 faiz hallarda Ali Məhkəməyə şikayət verilir. Hazırda Ali Məhkəmədə baxılması gözlənilən bank mübahisələri daha çoxdur.
Rəqəmlərin bu qədər kəskin fərqlənməsi mövcud qanunvericiliklə bağlıdır. Belə ki, qanunlarda maliyyə mübahisələrində vətəndaşların, istehlakçıların xeyrinə ciddi müddəalar yoxdur. Banklar da bu «münbit şəraitdən» rahatca yararlanırlar.
Sumqayıt şəhəri 4-cü mkr, 4/64, mənzil 44 ünvanda qeydiyyatda olan Şərifova Zöhrə Fazil qızı da Dəmirbankın dollar tələsinə düşüb. Redaksiyamıza göndərdiyi ərizəsində yazır ki, 2014-cü il noyabr ayının 27-də bankın Sumqayıt filialından 2 illik müddətə 1442 manat pul götürüb və 2016-cı ildə iki illik 26 faizlə birlikdə 1963 manat krediti ödəyib qurtarıb. Lakin o, krediti xəzinədən manatla götürməsinə baxmayaraq, sənədləşməni dollarla aparıblar. Özü savadsız, həyat yoldaşı Şərifov Ceyhun Şahsuvar oğlu I qrup gözdən əlil olduğu üçün müqaviləni oxuya bilməyiblər. Krediti götürərkən, Zöhrə Şərifovadan hətta 60 manat da "Xaqsığorta"da sığortalanbma pulu da çıxılıb ki, xəstələnəcəyi, əmək qabiliyyətini itirəcəyi təqdirdə kredit borcunun qalan hissəsini "Xalqsığorta" ödəsin.
Lakin Dəmirbankın müraciəti ilə Sumqayıt şəhər məhkəməsi bankın təqdim etdiyi maliyyə arayışında göstərilənləri əsas tutaraq məsələyə birtərəfli yanaşmış, Z.Şərifovadan 944 dollar "Dəmirbank"ın xeyrinə tutulmasını qət etmişdir. Həm də ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla.
Z.Şərifovanın müraciət etdiyi Sumqayıt Apellyasiya məhkəməsi də şikayəti təmin etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.
Məhkəməni uduzan Z.Şərifova haqlı sual ortaya qoyur: Dolların 70 faiz qalxmasına baxmayaraq, həyat yoldaşımın təqaüdündə cəmi iki manat artım oldu. Bundan əlavə, apellyasiya məhkəməsində bankın nümayəndəsi iştirak etməmişdir ki, bu da belə düşünməyə əsas verir ki, bank onun xeyrinə qətnamə çıxarılacağını bir növ sığortalayıbmış. Məhkəmə qətnaməsinin mətnində vətəndaş Şərifovanın xəstə və işsiz olduğu qeyd edilsə də, "Xalqsığorta"nın öhdəliyi xatırladılmayıb. Belə çıxır ki, Z.Şərifova əlahiddə olaraq, "Xalqsığorta"nı məhkəməyə verməlidir.
Xatırladaq ki, bir müddət əvvəl vəkil Əkrəm Həsənov dollarla krediti olan vətəndaşlara hazırda yaranmış maliyyə böhranı dövründə necə hərəkət etmələri ilə bağlı bir sıra tövsiyyələrlə çıxış edib. Həmin tövsiyyələri təqdim edirik.
Borclu (və zamin) vətəndaşların müraciətlərini nəzərə alaraq, onların hüquqlarına dair indiyədək dediklərimin xülasəsini təqdim edirəm. (hər birini ətraflı şəkildə əvvəllər izah etmişəm, bundan sonra da edəcəyəm):
1. Borcu ödəmək həm hüquqi, həm də mənəvi cəhətdən vacibdir. Lakin iki şərtlə: 1) qanunvericilik çərçivəsində (qanuna zidd olaraq şişirdilmiş borc ödəinlməməlidir!); 2) maddi imkan daxilində (borclunun imkanı yoxdursa, borc ödənilmir). Buna görə də borcu olanlar ilk növbədə sağlamlıqlarını qorusunlar, hüquqlarını bilsinlər. Qətiyyən intihar və bu kimi fikilərə düşməsinlər. Borclarının tezliklə ödənilməsini Allahdan istəsinlər. Unutmasınlar ki, Allanın qoruduğu şəxsə heç kəs zərər vura bilməz. Xüsusilə sələmçilik kimi iyrənc əməllə məşğul olanlar!
2. Borca görə həbs və bu kimi digər cəza tətbiq edilə bilməz. Yalnız borcun ödənilməsi haqda məhkəmə qərarını QƏRƏZLİ, ÜZRSÜZ səbəbdən icra etməyən həbs oluna bilər. Bu, Cinayət Məcəlləsinin 306-cı və İnzibati Xətalar Məcəlləsinin 313-1-ci maddələrindən irəli gəlir. Banklar, icra məmurları və onlara xidmət edən bəzi hüquqşünaslar vətəndaşları adətən bu maddələrlə qorxudur. Lakin bu maddələrdən yalnız o kəslər qorxmalıdır ki, pulu ola-ola borcu ödəmir. Yəni özünün və himayəsində olan şəxslərin yaşayış minimumunu təmin edən məbləğdən artıq rəsmi gəliri var, həmin gəlirdən hətta vergi də ödəyir, amma bankın “bir abbasını” vermir. Buna görə də sözügedən gəliri olmayan borcluya bu maddələr tətbiq edilə bilməz. Qorxmayın!
3. Borclu yalnız əmlakı ilə məsuliyyət daşıyır. Yəni borca görə əmlakı əlindən alına bilər. Bu zaman Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli 89 saylı Qərarında (http://e-qanun.az/framework/1010) sadalanmış əmlak əlindən alına bilməz (əgər girovda deyilsə), məsələn: bir ev, mebel, paltar, uşaq ləvazimatı və s.
4. Borclunun aylıq gəlirinin (maaşı, pensiyası və s.) maksimum 50%-i məhkəmə qərarı ilə tutula bilər. Bu zaman borclunun və himayəsində olan şəxslərin yaşayış minimumu (böyüklər üçün 146, uşaqlar üçün 117 manat) toxunulmazdır. Yəni borclunun gəlirinin yalnız sözügedən yaşayış minimumundan artıq hissəsi tutula bilər.
5. Əgər bank borcu maaş və ya pensiya kartından silirsə, kart hesabının bağlanması haqda banka ərizə verə, sonra isə iş yerinə və ya Dövlət Sosial Müdafiə Fonduna müraciət edə bilərsiz ki, maaşı və ya pensiyanı sizə başqa yolla ödəsin. Bu halda bank kart hesabını bağlamağa, işəgötürən və ya Dövlət Sosial Müdafiə Fondu isə sizə pulunuzu başqa yolla ödəməyə borcludur. Çünki heç kəsi zorla hər hansı bankın müştərisi etmək olmaz!
6. Yazılı girov müqaviləsi əsasında girov qoyulmuş əmlak borcludan məhkəmə qərarı əsasında alınıb satıla bilər. Lakin burada iki məsələyə diqqət yetirmək lazımdır: 1) girov qoyulmuş əşya müqavilədə dəqiq təsvir edilməlidir (yəni, məsələn, ümumi şəkildə “ev əşyaları” və bu kimi yazıla bilməz); 2) girov kimi daşınmaz əşya qoyulubsa, müqavilə notariat qaydasında təsdiq edilməli və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmalıdır (buna görə də, məsələn, təhvil verilməmiş binadakı mənzilin girovu mümkün deyil). Bu şərtlərə riayət edilməyibsə, girov mövcud deyil!
7. Zaminlik müqaviləsi mütləq yazılı bağlanmalıdır. Yazılı müqavilə yoxdursa, kredit üzrə zamin də yoxdur. Kredit müqaviləsinə zaminin razılığı olmadan edilən dəyişiklik zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda (məsələn, müddətin uzadılması və s.), zaminliyə xitam verilir. Yəni həmin andan zamin durmuş şəxs artıq zamin deyil! Zaminlər onu da bilsin ki, borclunun banka qarşı irəli sürə bildiyi, lakin sürmədiyi tələbləri zamin də qaldıra bilər.
8. Qanuna əsasən kredit üzrə faizlər ildə bir dəfə tutulmalıdır. Lakin bizim banklar ayda bir dəfə tutur və bununla da borcu şişirdir. Bankdan məhkəmədən əvvəl də, məhkəmə prosesi əsnasında da indiyədək etdiyiniz ödənişlərin yenidən hesablanmasını tələb edə bilərsiz. Bu halda əsas borcunuz azalacaq.
9. Banklardan kredit üzrə faiz dərəcəsinin azaldılmasını tələb edə bilərsiz. Bu zaman Prezidentin 22 dekabr 2014-cü il tarixli Fərmanının 11-ci bəndinə istinad edə bilərsiz. Orada Prezident Mərkəzi Banka tapşırıb ki, faiz dərəcələrinin aşağı salınmasını təmin etsin. Bank bunu etməsə, Mərkəzi Banka müraciət edin ki, niyə Prezidentin göstərişinin icrasını təmin etmir.
10. Borcun ödənilməsini gecikdirdikdə, bilin ki, bank, bir qayda olaraq, etdiyiniz ödənişdən ilk növbədə cərimə tutacaq. Amma bu, qanunsuzdur. Buna görə də cərimənin tutulmayacağı haqda bankdan yazılı iltizam almayınca, krediti ödəməyin. Əks halda borcunuz şişəcək.
11. Bankların borclulara təzyiq aləti kimi onun iş yerinə, qohumlarına və digərlərinə müraciət etməsi qanun pozuntusudur. Konkret olaraq “Bank sirri” adlanan Mülki Məcəllənin 967-ci və “Banklar haqqında” Qanunun 41-ci maddələri pozulur. Yəni banklar qanunsuz olaraq bank sirrini yayırlar. Buna görə də banklardan şikayət edərkən, o cümlədən məhkəmə prosesi əsnasında bu pozuntunu da qeyd etmək və bankdan dəyən mənəvi zərərə görə kompensasiya tələb etmək olar.
12. Dollarda krediti olanlar Mülki Məcəllənin 422-ci maddəsinə istinad edərək şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar kredit müqaviləsinin dəyişdirilməsini, o cümlədən kreditin valyutasının manata çevrilməsini (bu əsnada məzənnəni də mübahisə edə bilərsiz) tələb edə bilər.
13. Dollarda krediti olanlar Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Qərarının 6-cı bəndinə əsasən kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştlərin tətbiqini tələb edə bilərlər.
14. Sizi Cinayət Məcəlləsinin 195-ci maddəsi (“Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə”) ilə də qorxuda bilərlər ki, guya qanunsuz kredit almısız, yaxud kreditdən təyinatı üzrə istifadə etməmisiz. Qorxmayın! Bu maddədəki cinayət tərkibinin istehlak krediti götürmüş vətəndaşa heç bir aidiyyəti yoxdur. Həmin maddə sırf biznes krediti götürmüş hüquqi şəxsin rəhbəri və ya fərdi sahibkara aiddir ola bilər.
15. Vəfat etmiş borclunun krediti onun əmlakı hesabına ödənilməlidir. Bu əmlak onun vərəsələrinə keçdikdə, onlar kreditə görə yalnız onlara keçmiş miras həddində məsuliyyət daşıyırlar. Yəni öz əmlakları ilə yox, yalnız miras kimi qalmış əmlakla. Buna görə də bankların kreditin ödənilməsini mərhumun ailə üzvlərindən tələb etməsi qanunsuzdur. Mərhumun əmlakı yoxdursa, kredit batır.
16. Borcun ödənilməsi haqda məhkəmə əmrini aldıqda qorxmayın. Məhkəmə qərarının sizin iştirakınız olmadan verilməsinə də təəccüblənməyin. Bu, əmr icraatının xüsusiyyətidir. Bu əmri çox asanlıqla ləğv etdirmək olar. Bunun üçün əmri aldıqdan sonra borclu 10 gün ərzində həmin məhkəməyə yazılı etirazını bildirə bilər. Etirazın əsaslandırılmasına ehtiyac yoxdur. Sadəcə yaza bilər ki, etiraz edirəm filan saylı filan tarixli əmrə qarşı. Bundan sonra məhkəmə əmri ləğv etməli və işə iddia icraatı qaydasında baxmalıdır. Yəni tərəflərin iştirakı ilə iclaslar keçirməlidir. Həmin iclaslarda təbii ki, borclu bütün əks-arqumentlərini irəli sürə bilər.
17. Ümumiyyətlə, borclular məhkəmə prosesindən qorxmamalıdır. Əksinə, çox saylı və uzunmüddətli (borclu istəsə məhkəmə prosesini 2-3 il uzada bilər) məhkəmə proseslərindən banklar qorxur. Əvvəla, ona görə ki, məhkəmə proseslərini aparmaq üçün maddi və kadr resursları azdır. Digər tərəfdən isə belə proseslər zamanı kreditlər heç ödənilmir və bankın müflisliyi reallaşır. Daha sonra, bir qayda olaraq, faizlərin hesablanması dayandırılır. Həm də məhkəmə prosesi nə qədər çox çəkirsə, bankın da girovu satıb pulunu götürməsi təxirə salınır. Böyük ehtimalla məhkəmə prosesi bitəndə girovun da dəyəri xeyli azalmış olacaq. Nəhayət, məhkəmə prosesi əsnasında borclu da banka qarşı tələblər irəli sürə bilər: faizlərin yenidən hesablanması, güzəştlərin tətbiqi, cərimələrin silinməsi və s. Buna görə də məhkəmədən qorxmayın!
18. Borclunun bankla yazılı münasibət saxlaması yaxşıdır ki, sabah məhkəmə olanda əlində dəlili olsun. Çalışın, bankın nümayəndələri ilə şifahi təmasa girməyin. Əvvəla, ona görə ki, danışığınızı sübut edə bilməyəcəksiz. Ən əsası isə əsəbləriniz pozulacaq. Özünüzün və ailə üzvlərinizin sağlamlığını qoruyun! Banka bir dəfə deyin ki, təklifimi qəbul etmirsənsə, ver məni məhkəməyə, amma bundan sonra narahat etmə. Narahat etsələr, onları qovun, polisə müraciət edin, şikayət edin və s. Sizi narahat etməyə hüquqları yoxdur!
C.Dadaşov