Azərbaycan İdeyası

Adil Əhmədov - 70

Tarix:2-05-2024, 14:52
Baxış Sayı:53

Adil Əhmədov - 70

Sonuncu dəfə sinif yoldaşlarım haqqında 15 iyun 2022-ci il tarixdə məktəb illərini xatırlamaq üçün İmişli rayon keçmiş 1 May qəsəbə orta məktəbini (Hazırki Rəhim Alışov adına Bəhrəmtəpə qəsəbə tam orta məktəbi) 1972-ci ildə bitirməyimizin (IV buraxılış) 50 illiyini qeyd etmək üçün bir araya gəldiyimiz tədbirimizi işıqlandırmaq məqsədilə yazmışdım. “Yarım əsrin məzunları görüşdü” adlı həmin məqalədə son yarım əsrdə keçdiyimzi tale yollarımız barədə qismən məlumat verilmiş, vaxtilə bizə dərs demiş, təlim-tərbiyə vermiş, dünyasını dəyişmiş müəllimlərimizi, habelə vəfat etmiş sinif yoldaşlarımızı şükranlıqla xatırlamış, tədbirin təşkilində bizə yardımçı olmuş indiki müəllimlərə minnətdarlıq ifadə etmişdik.
Bu dəfə toplaşmağımıza keçmiş sinif yoldaşımız Adil Hacıağa oğlu Əhmədovun 70 illik yubileyi səbəb oldu. Adil müəllim bizim əksəriyyətimizdən bir yaş böyükdür. 29 Aprel 1954-cü ildə Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bədən Tərbiyəsi Texnikumuna daxil oldu. Bütün əmək fəaliyyəti boyunca bədən tərbiyəsi müəllimi işlədi. Yetirmələri sırasından rayonda və respublika miqyasında tanınan uğurlu idmançılar vardır. Adil hələ yeniyetməlikdən dərslərini yaxşı oxuyur, əla futbol oynayırdı. Məktəbin pəncərələrindən stadiona boylanıb onun gözəl oyununa tamaşa edir, rəqib komandanın qapısına qol vuranda sevinirdik. Çox mülayim, mehriban xasiyyəti vardı. Elə indi də xarakterində heç nə dəyişməyib. Deyərdik, daha da xeyirxah, səmimi olub.
Bizlər – bu sətirlərin müəllifi Xuraman Quliyeva, Tamella Mustafayeva, Validə Ağayeva, Validə Quliyeva, Sahibə..., Gülafiyə Mustafayeva, Məhəmmədəli Zeynalov, Nəsib Quliyev, Zahir Muradov ilk öncə Adilin dəvəti ilə evinə getdik. Çay süfrəsi arxasında Adilin ailə üzvləri ilə mehriban söhbət elədik. Yeri gəlmişkən, Adil müəllim qayğıkeş ata, nəvazişkar babadır - iki oğlu, bir qızı, iki nəvəsi var.
Yubiley ziyafətinin təşkil olunduğu İmişli-Beyləqan yolunun üstündəki “Emin” şadlıq evinə yollanmazdan əvvəl ayaqüstü Bəhrəmtəbə qəsəbəsində yaşayan, amma qardaşının vəfat etməsi səbəbindən yubiley məclisində iştirak etməyən Arifə Ağayevanı ziyarət etdik, başsağlığı verdik.
Məclisin gedişində müxtəlif üzrlü səbəblərdən iştirak edə bilməyən sinif yoldaşlarımızdan Zəhra Tağıyeva, Rahilə Kərimova, Ələmdar Rzayev, Əşrəf Abbasov, Şahin Məlikov, Almaniyada yaşayan Yaqut Xələfova zəng vurub yubilyarı təbrik etdilər, ona uzun ömür, can sağlığı arzuladılar.
Kişilər bir guşəyə, qadınlar bir tərəfə çəkilib iki-iki, üç-üç söhbət edir, ömür tarixçələrini, başlarına gələn maraqlı hadisələri, yaşanmış qayğılı, keşməkeşli günləri xatırlayır, övladlarının qarşısında duran perspektivləri müzakirə edirdilər.
Toplantımızın mühüm bir nüansı əlbəttə ki, yubilyarın adına hazırlanmış tortun kəsilməsi oldu. Halal süfrədəki təamlardan dadıb - doyandan sonra çay dəstgahında tortu məclisə gətirdik. Hərəmiz tortdan bir dilim götürüb hətta acısı da şirinə çevrilən xatirələrimizə bir az da şəkər qatdıq.
Fürsəti dəyərləndirib məqalənin sonunda “Emin” şadlıq evinin sahibkarı Rafiq Məhərrəmova, inzibatçı Taleh Şıxəliyevə məclis iştirakçıları adından təşəkkürümüzü bildiririk. Həqiqətən də iaşə müəssisəsinin personalı qonaqlara çox yüksək səviyyəli, keyfiyyətli xidmət göstərirlər.

Xuraman Əhlimanqızı, “Korrupsiya və Qanun” qəzetinin baş redaktoru

OXŞAR XƏBƏRLƏR
“Aviasiya haqqında” qanun dəyişdi
“Aviasiya haqqında” qanun dəyişdi
Azərbaycanda daha bir məhkum dünyasını dəyişdi-18.04.2025.
Azərbaycanda daha bir məhkum dünyasını dəyişdi-18.04.2025.
Bakı yenə su altında qaldı: Belə hava şəraitinə görə tədbirlər əvvəlcədən görülmidir ki... +FOTO!
Bakı yenə su altında qaldı: Belə hava şəraitinə görə tədbirlər əvvəlcədən görülmidir ki... +FOTO!
Ağdamda ata və azyaşlı övladları minaya düşüblər
Ağdamda ata və azyaşlı övladları minaya düşüblər
124 il həbs cəzasına məhkum edilən şəxs İstanbulda ələ keçirildi
124 il həbs cəzasına məhkum edilən şəxs İstanbulda ələ keçirildi
Abdullah Öcalan yaxın vaxtlarda azadlığa çıxa bilər
Abdullah Öcalan yaxın vaxtlarda azadlığa çıxa bilər
Sabirabad rayon prokurorluğundan şikayət  - Ekspert rəyi ilə mütəxəssis rəyi arasında manipulyasiya
Sabirabad rayon prokurorluğundan şikayət  - Ekspert rəyi ilə mütəxəssis rəyi arasında manipulyasiya
Pasxadan sonra hava düzələcək: Təbiətdə baş verən pozuntular “Qarı nənə”nin ömrünü uzadıb
Pasxadan sonra hava düzələcək: Təbiətdə baş verən pozuntular “Qarı nənə”nin ömrünü uzadıb