Bu ilin fevral ayında məlumat yayıldı ki, “Azəriqaz” İstehsalat Birliyi Baş direktorunun istismar üzrə keçmiş müavini Cahid Hüseynovun vaxtilə yüksək vəzifəyə təyin etdirdiyi qardaşı oğlu Əlihüseyn Hüseynov saxlanılıb. Qurumun Xaçmaz Regional Qaz-İstismar İdarəsinin Xızı rayonu üzrə Qəza-Bərpa Xidmətinin rəisi Ə.Hüseynov barəsində toplanılan çoxsaylı şikayətlər əsasında hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı tutulub.
O, əmisi Cahid Hüseynovun nüfuzundan sui-istifadə edərək, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) balansında olan torpaq sahələrini özəlləşdirmək üçün ayrı-ayrı vətəndaşları aldadıb.
Həmçinin, Ə.Hüseynov əmisi Cahid Hüseynovun adından ayrı-ayrı vətəndaşları inandırmaq üçün pul müqabilində ələ aldığı başqa bir şəxsin vasitəsilə tərəflər arasında telefon danışığı da təşkil etdirib. Bununla Əlihüseyn Hüseynov əmisi Cahid Hüseynovun SOCAR rəhbərliyi və kirvəsi “Azəriqaz” İstehsalat Birliyinin sabiq Baş direktoru Ruslan Əliyevlə olan şəxsi əlaqələrindən istifadə edərək, vətəndaşlara vəd etdiyi torpaq sahələrini özəlləşdirəcəyinə inandırıb.
Həmin məlumatda eləcə də qeyd olunub ki, Əlihüseynin qardaşı Ceyhun Hüseynov və digər yaxın qohumları “Azəriqaz” İstehsalat Birliyində yüksək vəzifələrdə çalışırlar. Həmin şəxslərin siyahısı bir neçə ay öncə mediada dərc olunmuşdu: Soltan Hüseynov (əmisi oğlu), Aqşin Əliyev (bacısı oğlu), Alı Hüseynov (dayısı oğlu), İgidalı Hüseynov (dayısı oğlu), Bəhruz Ağarzəyev (xalası oğlu), Rəşad Ağarzəyev (xalası oğlu) və s. Yeri gəlmişkən, Cahid Hüseynovun özünün də adı “Azəriqaz”da yeyinti faktlarında da hallanır.
Əlihüseyn Hüseynovdan zaval görmüş vətəndaşlardan biri də Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, “Jasmin Park” yaşayış kompleksində yaşayan Abbasov Orxan Faiq oğludur. O, “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək, 2024-cü ilin avqust ayından başalayaraq ailəvi dostluq etdiyi qonşusu Əlihüseyn Hüseynov tərəfindən dəluduzluq əməlinə məruz qaldığını bildirib.
O.Abbasov yazır ki, Ə.Hüseynov ona özünün “Azəriqaz” İB-nin Xızı rayon İdarəsində rəhbər vəzifədə işlədiyini və Xızı rayon Polis İdarəsinin rəis müavini ilə yaxşı münasibətdə olduğunu bildirmişdir. Ötən ilin noyabr ayında Əlihüseyn onu polis orqanlarında işə düzəldəcəyini vəd etmiş və Xızı rayon Polis Şöbəsinə apararaq PŞ-nin əməliyyat üzrə rəis müavini Məhəmməd müəllimin qəbulunda olmuşlar. Söhbət əsnasında rəis müavini Orxana onun boy hündürlüyünün, təhsilinin polisə verilən tələblərə uyğun gəldiyini demiş və üçü də birlikdə PŞ rəisi Faiq müəllimin kabinetinə getmişlər. Faiq müəllim Orxanla bir az söhbətdən sonra onu sənədlərini hazırlatdırmaq üçün Şöbənin kadrlar bölməsinə yönəltmişdir. Orxan sənədləri - diplom, hərbi bilet, CV, şəkil təqdim edib anket doldurandan sonra həmin materialları Daxili İşlər Nazirliyinə göndərəcəklərini deyiblər və xəbər gözlıməyini tapşırıblar.
Orxan yazır ki, Əlihüseynlə daha üç gün Xızıya gedib-gəliblər. Sonrakı günlərin birində Əlihüseyn ona sms göndərib. Mesajda yazılıb ki, bəs Məhəmməd müəllim onun işə qəbulu üçün 18000 (on səkkiz min) manat pul istəyir. Orxan Əlihüseynə həmin vaxt nağd o məbləğdə pulunun olmadığını deyib. Amma sonra həyat yoldaşının qızıl zinət əşyalarını Əlihüseynlə birlikdə aparıb lombarda aylıq 400 (dörd yüz) manat sələm ödəmək şərtilə girov qoyaraq 10000 (on min) manat borc götürüb. Nərimanov rayonunda yerləşən “Alibaba” Çay evində oturublar. Əlihüseyn çayxananın həyətinə çıxaraq bayırda Məhəmməd müəllimlə telefonla danışıb. Qayıdanda deyib ki, bəs pulları Məhəmməd müəllimin göndərdiyi bank kartlarına köçürəcəyik. Əlihüseyn həmçinin Orxana deyib ki, bəs Məhəmməd müəllim onu polisə deyil, Dövlət Təhlükəsizlik Xidmətinə əməliyyatşı işinə düzəldəcək. Orxan sevincək, 10000 (on min) və 5000 (beş min) manat məbləğlərdə pulu elə həmin çayxananın içində yerləşən “MilliÖn” apraatından Məhəmməd müəllimin Əlihüseynə göndərdiyi bank kartları nömrələrinə yatırıb. Bu hadisənin baş verdiyi 29 noyabr 2024-cü il tarixdən bir müddət sonra Orxan Əlihüseynə zəng vurub işin nə yerdə qaldığını soruşub. Əlihüseyn ona hər soruşanda Məhəmməd müəllimin adından səbrli olmasını məsləhət görüb: “Səni çağıracaqlar, general səni sorğu-sual edəcək. Verilən sualları cavablayarasan, amma özün heç bir sual vermə. Sən tapşırılmısan”.
Orxan sonuncu dəfə Əlihüseynlə 2025-ci il yanvarın 19-da görüşdüyünü yazır. Həmin gün Əlihüseyn ona deyib ki, artıq “Azəriqaz” İB-nin Abşeron-Sumqayıt regional İdarəsinə rəis vəzifəsinə gedir, bu işi də əmisi - “Azəriqaz” İb-nin rəis müavini Cahid Hüseynov təşkil edib. Əlihüseyn atasının polis polkovniki olduğunu, təqaüdə çıxdığını, əmisinin də “Azəriqaz” İB-də yüksək vəzifə tutduğunu daha əvvəl deyibmiş. Həmçinin deyib ki, yanvarın 27-də onu çağıracaqlar, üç ay içində əmri veriləcək və o, DTX-nin “Qartal” xüsusi təyinatlı dəstəsində leytenant rütbəsində xidmətə götürüləcək.
Orxan bir də eşidib ki, Əlihüseyni həbs ediblər. Fevral ayının sonuna yaxın Orxan Xızıya, Məhəmməd müəllimlə görüşə gedib və olanları danışıb. Məhəmməd müəllim ondan Əlihüseynin vasitəsilə pul istəmədiyini, nə də mesaj yazmadığını deyib. Məlum olub ki, Əlihüseyn Məhəmmədin adından istifadə edərək, özünə məlum kartlara Orxandan pul köçürtdürək mənimsəyib.
Bundan sonra Orxan həyat yoldfaşını da götürüb Salyan rayonuna – Əlihüseynin atası evinə yollanıblar. Əlihüseynin atası, anası, qardaşı və həyat yoldaşı ilə görüşüb söhbət ediblər. Atası Cavanşir kişinin artıq məsələdən xəbəri varmış. Orxangilə deyib ki, mart ayında istixanadakı tərəvəzlərini satışa çıxaracaq. Satışdan pul əldə edən kimi, xəbər edəcək, lombarddan girov qızıllarını geri almağına kömək edəcək, əlavə verdiyi faiz pullarını da ödəyəcək.
Lakin marta ayında Orxan Abbasov zəng vurub danışığı xatırladanda Cavanşir Hüseynov ona deyib ki, pul verməyəcək, hara şikayət edir, etsin., arxasında qardaşı Cahid Hüseynov durub. Orxan nə billah edibsə, Cavanşir Hüseynov oğlunun borcuna yiyə durmayıb.
O.Abbasov redaksiyadan xahiş edir ki, məsələ ictimailəşdirilsin, ona kömək edə biləcək aidiyyati orqanlara çatdırılsın.
Mövzuya qayıdacağıq.
Xuraman Quliyeva