Azərbaycan İdeyası

Hakim Hafiz Əliyev əsassız ittihamın kökündə duran şikayət ərizəsinin və ekspert rəyinin aşkar surətdə dəfələrlə dəyişdirildiyini niyə görmür?

Tarix:Bu gün, 14:54
Baxış Sayı:115

Hakim Hafiz Əliyev əsassız ittihamın kökündə duran şikayət ərizəsinin və ekspert rəyinin aşkar surətdə dəfələrlə dəyişdirildiyini niyə görmür?

Cəmiyyətdə boşanmış, xüsusilə də əvvəlki nikahından övladı olan qadınla ailə qurmağa ehtiyat edən kişiləri bəzən cəsarətsizlikdə qınayırlar. Söz yox, nə qanun, nə də şəriət ikinci, üçüncü və daha çox dəfə ailə qurmağa qarşı çıxmır. Amma müşahidələr göstərir ki, kişilərin belə məsələdə tərəddüdləri heç də əbəs deyildir. Ələlxüsus da boşanmış qadının yanındakı övladı qız olanda. Belə qadınla evlənən kişi qızlığı tərəfindən şərlənməkdən sığortalanmayıb. Bu cür ittihamlarla aparılan məhkəmə işləri kifayət qədərdir. Hərçənd, bəzən əksi də baş verir: Atalıq günah yiyəsi olur.
Vətəndaş Nəbiyeva Minayə Fikrət qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək, qardaşı, Sumqayıt şəhəri, IV mikrorayon, ev 17A, mənzil 58 ünvanında yaşamış, hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan 1969-cu il təvəllüdlü Xıdırov Fuad Fikrət oğlunun təqsiri olmadan ittiham edildiyini bildirmiş, hüquq-mühafizə, cinayət təqibi orqanlarının və məhkəmə hakiminin ədalətsizliyindən şikayətlənmiş, məsələnin mediada ictimailəşdirilməsini xahiş etmişdir.
Əzəli və əbədi atalıq - ögey qız ədavəti
M.Nəbiyevanın sözlərinə görə, ibtidai istintaqda müəyyən edilmişdir ki, Xıdırov Fuad Fikrət oğlu ögey qızı olan 2004-cü il təvəllüdlü Cəfərova Ramina Ziyad qızına qarşı nə seksual xarakterli hərəkətlər, nə də zorakılıq hərəkətləri etməmişdir: “Bunların hamısı Fuad Xıdırovun həyat yoldaşı Liyana Həsənova tərəfindən Fuada qarşı planlı şəkildə qurulmuşdur. Belə ki, Cəfərova Ramina Ziyad qızı əvvəlcə babasının, nənəsinin və dayısının yaşadığı 4 otaqlı evdən Fuad Xıdırova məxsus bir otaqlı evə anası Liyana tərəfindən bilərəkdən gətirilmişdir ki, sonradan öz şər əməllərini həyata keçirə bilsinlər. Liyananın şər atmaqda məqsədi Fuad Xıdırovu həbs etdirmək, Fuada və Fuadın bacısına miras qalmış torpağın puluna alınan bir otaqlı mənzili ələ keçirmək olmuşdur. Hazırda həmin mənzilin kilidi dəyişdirilmiş, mənzil Liyana tərəfindən zəbt edilmişdir. Mənzilin əsl sahibi Xıdırov Fuad isə təcridxanada 1 il 5 aydır ki, cəza çəkir. Liyananın ailə üzvlərini - qızı Ramina, babası Ramin, xalası Diyananın qızı Emilya Anar qızı, dayısı Emin, Liyananın rəfiqəsi Yeganə adlı qadın Sumqayıt şəhər Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Hafiz tərəfindən təlimatlandırılır. Falçılıqla, cadugərliliklə, fırıldaqlıqla məğul olan Liyana Həsənova və onun dəstəsi vəzifəli şəxslər tərəfindən müdafiə olunur. Mənə və qardaşıma məxsus olan evimdə yaşaya bilmirəm, müxtəlif ünvanlarda kirayələrdə qalıram. “Hələ bu harasıdır, gör sizin başınıza nə oyun gətirəcəyəm” deyən Liyana Həsənova və onun bacısı - Diyana Sumqayıtda fəaliyyət göstərən yəhudi icmasında katibə işləyirlər. Hazırda Liyananın Diyana kimi öz kimliklərini dəyişmiş təxribatçıların təcavüzünə məruz qalmışıq. Xahiş edirik köməklik edəsiniz. Çox təəssüf ki, Əliyev Hafiz kimi hakimlər qanunun tələblərinə məhəl qoymur. Məhkəmədə zərərçəkmiş şəxs qismində çıxış edir. Bütün şər vasitələrdən istifadə edərək Fuadı məhv etməyə çalışır. Biz istəyirik ki, tezliklə Qanunun tələblərinə əməl edilsin və qardaşım Xıdırov Fuad Fikrət oğlu azadlığa buraxılsın”.
İşləyən qadının işləməyən ər üzərində hökmranlığı
İndi isə gəlin təfərrüatlara nəzər yetirək. Fuad ilə Lyana 2010-cu ildə ailə qurmuşlar. Buna qədər hər ikisi evli olub boşanmış, Fuadın əvvəlki evliliyindən bir oğlu, Lyananın isə keçmiş ərindən 2004-cü il təvəllüdlü Ramina adlı qızı olmuşdur. Evlənəndən sonra onların birgə nikahdan 2010-cu il təvəllüdlü Arzum və 2016-cı il təvəllüdlü Maya adlı qızları dünyaya gəlmişdir. İlk öncə Sumqayıt şəhərinin 9-cu mikrorayonunda kirayədə yaşamış, sonra Sumqayıt şəhəri, IV mikrorayon, ev 17A, mənzil 58 ünvanında ev alıb ora köçmüşlər.
Fuad Bakıda Türkiyə səfirliyində aşpaz işindən çıxandan sonra işsiz olmuş, evdə yalnız Liyana işləmişdir. Azyaşlı qızlarla evdə olan Fuad qayğılanmışdır. İstintaqa verilən və ittiham aktında yer alan ifadələrdə Raminanın hələ orta məktəbin birinci sinfindən ta orta təhsili bitirənə qədər repetitor yanına getdiyi məlum olur. Bu isə o anlama gəlir ki, Liyana katibə işindən yaxşı pul qazanmışdır. Həmçinin bəlli olur ki, ərlə arvad arasında ara-sıra məişət mübahisələri olurmuş, Liyana Fuada kiçik qızlara yetərincə qayğı göstərmədiyini, Fuad isə Liyanaya Raminanın kiçik bacılarına qayğı göstərməməsini irad tuturmuş. Verilən ifadələrin məcmusu ailədə hökm sürən atmosfer barədə də müəyyən təsəvvür yaradır. Müşahidə olunur ki, işləyən qadın ailədə işləməyən kişinin üzərində dominantlıq etməyə çalışırmış. Məsələn, Liyana öz bacısı Diananı ikincinin qızı Emiliya ilə birgə gətirib aylarla öz evlərində saxlamışdır. Eləcə də Liyana istədiyi vaxt işdən sonra axşam saatlarında rəfiqələri ilə hansısa kafeyə gedə bilərmiş.
Ailədaxili gərgin münasibətlər kulminasiya nöqtəsinə 24 yanvar 2024-cü il tarixdə çatmışdır. Həmin gün üç nəfər yetkin adam - ər Fuad, arvad Liyana, böyük qız Ramina ailənin ən kiçik övladı Mayaya xörəyi kimin verməli olduğunu sözlü mübahisəyə çevirmişlər. Nəticədə Liyana və onun tərəfini tutan Ramina ilə Fuadın aralarında dava düşmüşdür. Raminanın zəngi ilə harayasa Liyananın qardaşı və bacısı da gəlib çıxmışlar. Sonra hamısı birgə Liyananın atasıgilə getmiş, Fuad evdə tək qalmışdır. Onu da qeyd edək ki, ondan bir gün əvvəl Liyana axşam Yeganə adlı qadınla “Zəfəran” kafesinə gedibmiş. Evdən çıxdığı saatda atası Ramin Həsənov onlarda qonaq olmuş, görünür, Fuad da qonağa görə Liyananın gecə evdən çıxmasına münasibət bildirməkdən özünü saxlamış, sabaha təxirə salmışdır.
Maraqlıdır ki, Liyana və qızı polisə ilk şikayətlərində yalnız Fuadın onları döydüyünü bildirmişlər. Sonradan ağıllarına gəlib ki, bu ittiham Fuad üçün azdır və şikayətə əlavələr etmişlər. Ramina iddia etmişdir ki, atalığı son on ildən artıq müddət ərzində anasının evdə olmamasından istifadə edərək ona qarşı mütəmadi surətdə həftədə üç dəfə köməksiz vəziyyətindən istifadə edərək seksual xarakterli hərəkətlər etmişdir. Üstəlik, onu qorxutmuşdur ki, əgər bu barədə danışsa, onu və anasını öldürəcək. Ramina da onun hədəsini real qəbul edərək, səkkiz yaşından iyirmi yaşına, daha dəqiq desək, sonuncu dəfə aralarında dava düşdüyü və ana babasının da Liyana ilə Fuada boşanmalarını məsləhər gördüyü 24 yanvar 2024-cü il tarixədək atasının həqarətinə dözmüşdür. Bu azmış kimi, ittihama Liyananın bacısı qızı Emilya da “güc qatmış”, ifadə vermişdir ki, 2021-ci ildə xalasıgildə yaşadıqları aylar ərzində Fuad onunla da eynən Ramina ilə etdiyi hərəkətləri etmiş, kiməsə deyəcəyi təqdirdə onu və anası Diyananı evdən qovacağı ilə hədələmişdir.
Roma papasından daha artıq katolik olan müstəntiq
Ortada Fuad Xıdırovu CM-nin 150.1-ci maddəsi (Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) və 150.2.5 (eyni əməllər təkrar törədildikdə) ilə təqsirləndirmək üçün yetərli sayıla biləcək heç bir fakt-sübut yoxdur. O, özünü yalnız CM-nin 128-ci maddəsi (Qəsdən sağlamlığa yüngül zərər vurma) ilə qismən təqsirli bilmişdir.
Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı Bəhram Təhməzlinin tərtib etdiyi, Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Mürvət Həsənovun təsdiqlədiyi 01.06.2024-cü il tarixli ittiham aktında təəccüblü məqamlar çoxdur. Belə ki, müstəntiq yalnız Fuad Xıdırovun əleyhinə deyilən və heç bir fakta söykənməyən ittihamlara inanmış və onları mötəbər hesab etmnişdir. Məsələ burasıdır ki, iş materiallarında olan Məhkəmə - Tibbi Ekspertiz və Patoloji Anatomiya Birliyinin 205/MEŞ saylı ekspert rəyi də Fuad Xıdırovu CM-nin 150.2.5 –ci maddəsi ilə ittiham etməyə əsas vermir. Rəydə göstərilir ki, Ramina Cəfərovanın qızlıq pərdəsinin tamlığı pozulmayıb, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən morfoloji əlamətlər, xəsarət izləri aşkar edilməmişdir. Yalnız o yazılıb ki, başından, sol bazusundan, sağ budundan, sağ süd vəzisindən sağlamlığına zərər vurmayan yüngül xəsarətlər alıb, budunda və sinəsində aşkarlanan qançırların fiziki qüvvə tətbiq etməklə seksual xarakterli hərəkətlər edilməsi zəminində yaranmaları istisna olunmur. 205/MEŞ nömrəli ekspert rəyinə əlavədə göstərilir ki, “zərəçəkmiş və təqsirləndirilən şəxslərin cinsiyyət orqanlarında zədə və xəsarətlər olmayıb, sperma ləkələri aşkarlanmayıb... Sadalanan əlamətlər Cəfərova Ramina Ziyad qızında zorakılıqla seksual hərəkətlərin törədilməsi inkar edilir”.
Müstəntiq tərtib etdiyi ittiham aktına Ramina Cəfərovanın doğru danışmasına, səmimiliyinə (anasının və ana tərəfdən qohumlarının təsiri ilə hərəkət etmədiyinə) şübhə yaranmaması üçün əlindən gələni etmiş, qabaqlayıcı “arqumentlər” ortaya qoymuşdur. Aktda yazır ki, “...əqli və psixi inkişafı normaya uyğundur... hiss və yaşantılarını açıqlayarkən səmimi olduğu müşahidə edilir... yalan danışmağa, özündən uydurmağa, digər şəxslərin, o cümlədən, valideynlərinin təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müşahidə olunmur”.
Görünür, bu məzmunlu ekspert rəyi Fuadı CM-nin 150.1 və 150.2.3-cü maddələri ilə ittiham etməyə yetmədiyindən, müstəntiqin doğruçu hesab etdiyi Ramina Cəfərova bir yalanını etiraf etmişdir: Guya onu ilkin müayinə edən məhkəmə-tibbi eksperti kişi xeylağı olduğu üçün utandığından, bədəninin məhrəm nahiyələrini ona göstərməmiş, buna görə ekspertə ancaq başındakı xəsarətləri göstərmişdir. Bu isə o anlama gəlir ki, şikayət ərizəsinin sayı iki olduğu kimi, ekspert rəyinin də sayı ikidir və ikinci rəyə Raminanın hər iki döş nahiyəsində oval şəkilli qançırlar olduğu barədə qeydlər salınıb.
Nədənsə, Azərbaycan xalqının mentalitetini, müsəlman hüququnu yaxşı bilən müstəntiq Təhməzlini Liyananın axşam ərini və atasını evdə qoyub rəfiqəsi ilə kafeyə xingəl yeməyə getməsi heç düşündürməmiş, ərinin buna münasibətinin necə olduğunu ondan soruşmamışdır. Sərf etməyib.
Acı gülüş doğuran bir xüsusatın da altını cızaq: Emilya Bəylərzadə iddia edib ki, 2021-ci ildə xalasının əri Fuad ona qarşı növbəti dəfə seksual xarakterli hərəkət etmək istəyəndə qorunmaq üçün tualetə girib qapını bağlayıb və ülgüclə damarını kəsməyə cəhd edib. Bundan qorxan Fuad əməlindən daşınıb. Amma Emilyanın damarı kəsilməyuib, evdə soruşanda deyib ki, bəs pişik cırmaqlayıb. Emilyanın anası Diyana da ifadəsində guya dörd il əvvəl qızının pişik cırmağı barədə dediklərini xatırlayıb.
Heyvanlar dil açsa, hakimə ədalətli olmağı öyrədərdilər
İttiham aktında aşkar müşahidə olunan bu boşluqları Sumqayıt şəhər Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Əliyevin diqqətindən yayınmasına inanmaq sadəlövhlük olar. Qardaşının taleyindən narahat olan Minayə Nəbiyeva bu qənaətdədir ki, hakim Hafiz Əliyev qətiyyən ədalət axtarmır, o, əsassız təqsirləndirilən Fuad Xıdırova 15 il cəza istəyən dövlət ittihamçısının və ömürlük cəza tələb edən “zərərçəkənin” nümayəndəsinin təklifləri arasında seçim etməyə hazırlaşır.
Heyf ki, heyvanlar şüursuzdur. Keşkə, Emilyanın pişiyi dil biləydi, adam kimi danışaydı, gəlib məhkəmədə deyəydi ki, qızın biləyinə mən cırmaq atmışam.
Bu hadisə bir nöqsanı da üzə çıxardı: Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində həmcinslərini utandırmadan müayinə edəcək qadın ekspertlər çatışmır.
Mövzuya qayıdacağıq.

“Əsli ilə doğrudur!
Baş redaktor: X.Ə.Quliyeva

OXŞAR XƏBƏRLƏR
Hakim Hafiz Əliyev əsassız ittihamın kökündə duran şikayət ərizəsinin və ekspert rəyinin aşkar surətdə dəfələrlə dəyişdirildiyini niyə görmür?
Hakim Hafiz Əliyev əsassız ittihamın kökündə duran şikayət ərizəsinin və ekspert rəyinin aşkar surətdə dəfələrlə dəyişdirildiyini niyə görmür?
Bakıda üç məktəb direktoru işdən çıxarıldı
Bakıda üç məktəb direktoru işdən çıxarıldı
Cahid Hüseynovun qardaşı oğlu DTX-nə işə düzəltmək adı ilə vətəndaşı aldadaraq pulunu məminsəyib+FOTO
Cahid Hüseynovun qardaşı oğlu DTX-nə işə düzəltmək adı ilə vətəndaşı aldadaraq pulunu məminsəyib+FOTO
“Gilan Holdinq” MMC-nin mənafeyinə toxunan şikayət materialları FHN-də “yoxa çıxır”
“Gilan Holdinq” MMC-nin mənafeyinə toxunan şikayət materialları FHN-də “yoxa çıxır”
Beynəlxalq Bankın filialında adına özünün xəbəri olmadan kredit götürülən müştərinin imzasını kim saxtalaşdırıb?
Beynəlxalq Bankın filialında adına özünün xəbəri olmadan kredit götürülən müştərinin imzasını kim saxtalaşdırıb?
“BakıKart” qəpiyə yaxın durmur: Qurum problemdən xəbərdardır, amma...
“BakıKart” qəpiyə yaxın durmur: Qurum problemdən xəbərdardır, amma...
Xankəndidə ilk dəfə qəbul imtahanı keçiriləcək - DİM
Xankəndidə ilk dəfə qəbul imtahanı keçiriləcək - DİM
“Aztelekom” yenidən təşkil edilib
“Aztelekom” yenidən təşkil edilib