Azərbaycan İdeyası

Bir qəsəbənin üç Milli Qəhrəmanı

Tarix:30-12-2025, 16:30
Baxış Sayı:0

Bir qəsəbənin üç Milli Qəhrəmanı

Söhbət Neftçala rayonunun Həsənabad qəsəbəsindən və onun igid oğullarından
gedir. Xatırladaq ki, onların haqqında 25 iyun 2022-ci il tarixində Neftçala rayon
Heydər Əliyev Mərkəzində “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin Azərbaycan
Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə

yardımı ilə hazırladığı “Bir qəsəbənin üç Milli Qəhrəmanı” adlı filmin təqdimatı
keçirilmişdir.
Təqdimatda Neftçala rayonu İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, rayon
hüquq-mühafizə orqanlarının və digər qurumların rəhbərləri, şəhid ailələrinin
üzvləri, filmi ərsəyə gətirən yaradıcı heyət üzvləri və tədbirə dəvət olunmuş
qonaqlar iştirak ediblər. Dövlət himni ifa olunduqdan sonra şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Neftçala rayonu İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında Qarabağ
uğrunda erməni işğalçılarına qarşı mübarizədə misilsiz qəhrəmanlıqlar göstərərək
şəhidlik zirvəsinə ucalmış Neftçala rayonunun Həsənabad qəsəbəsindən olan üç
milli qəhrəman: Zakir Məcidov, Samid İmanov və “Vətən Müharibəsi Qəhrəmanı”
Camal İsmayılov haqqında danışıb. Daha sonra çıxış edən “Kür-Xəzər” xeyriyyə
cəmiyyətinin sədri Akif Kərimov “Bir qəsəbənin üç Milli Qəhrəmanı” filmi
haqqında tədbir iştirakçılarına məlumat verib. Tədbirdə çıxış edən şəhid ailələrinin
üzvləri şəhidlərlə bağlı xatirələrini bölüşüb, filmin müəlliflərinə və tədbir
iştirakçılarına öz dərin təşəkkürlərini bildiriblər. Layihə rəhbəri Akif Kərimov
Şəhid qəhrəmanların şərəfinə onların doğulduqları qəsəbənin yenidən
adlandırılmasını təklif edib. Sonda “Bir qəsəbənin üç Milli qəhrəmanı” filmi
nümayiş olunub.
Filmin ideyasının əsasını adları çəkilən qəhrəmanların timsalında Azərbaycan
xalqının qəhrəman mübarizəsi döyüş ruhunun və qələbə əzminin ekranlasşdırılması
təşkil edir. 32 dəqiqəlik filmdə hər üç qəhrəmanın obrazı, döyüş yolları arzuları
canlandırılıb. Real döyüş kadrlarının nümayişi və tarixi zəfərimizin görüntüləri də
filmin rəngarəngliyini artırır.
Film azad olunmuş ərazilərimizə qəhrəmanların ailə üzvlərinin səfərlərini əks
etdirən görüntülərlə və Ali Baş Komandan İlham Əliyevin zəfər dolu çıxışı ilə
yeklunlaşır. Qeyd edək ki, filmin müxtəlif regionlarda təqdimatı da keçirilib.
İndi isə qəhrəmanlarımızın şərəfli bioqrafiyası ilə yaxından tanış olaq:
Zakir Nüsrət oğlu Məcidov
1956-cı il 26 iyunda Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz
açmışdır. 1963-cü ildə 17 saylı Bakı şəhəri orta məktəbinə getmiş, təhsilini 70 saylı
orta məktəbdə tamamlamışdır. Orta təhsilini 1963–73-cü illərdə Bakıda başa
vurduqdan sonra, Zakir 1974-cü ildə Ryazan vilayətinin Sasovo şəhərinə gedərək

Ali Hərbi Aviasiya məktəbinə daxil olmuşdur. 1977-ci ildə həmin məktəbi
bitirərək, leytenant rütbəsi almışdır.
Vətənə dönən gənc Zakir, əmək fəaliyyətinə başlayaraq, bir müddət Yevlax
aviadəstəsində AN-2 təyyarəsinin ikinci pilotu kimi əmək fəaliyyətinə başlamışdır.
1978-ci ildə isə Bakı aviabölüyündə mexanik, 1979-cu ildə Zabrat aviabölüyündə
AN-2 təyyarəsində yenidən yay uçuşlarında işləmişdi. 1980-ci ildə təyinatla Zabrat
aviadəstəsində AN-2 təyyarəsinin komandiri təyin edilmişdir. Gənc leytenant 7 il
bu müəssisədə çalışmışdır. İstehsalatdan ayrılmadan 1984-cü ildə ixtisasını
artırmaq üçün Ukraynanın Kremençuq Təyyarəçilər Məktəbində Mİ-2 vertolyotu
üzrə 6 ay təkmilləşdirmə kursu keçmişdir. Nəhayət, 1985-ci ildən artıq Mİ-2
vertolyotunda heyətin komandiri təyin olundu. Az müddət ərzində Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin təyinatı ilə yüksək səriştə və bacarığına,
göstərdiyi uçuş keyfiyyətinə görə Mİ-2 vertolyotuna baş komandir keçdi. Vətənin
başını qara buludlar alanda canından çox sevdiyi torpağını qorumaq üçün ilk
şahinlərdən biri oldu o. Tez-tez sərhəd bölgələrinə uçuşlar edən Z.Məcidov, ordakı
vəziyyəti görür, buna biganə qala bilmir və Vətənimiz son dərəcə təhlükəli
durumda ikən bir çox mərd yurddaşlarımız kimi könüllülər sırasına daxil olur.
Zakir Məcidov 1992-ci ilin fevral ayında Milli Ordunun Bakının Qala qəsəbəsində
təşkil olunan 843 saylı hərbi hava hissəsində Mİ-24 vertolyotlarından birinə
komandir təyin olunur. O, həmin vertolyotla Ağdərənin Həsənriz kəndində
ermənilərin yerləşdiyi qərargahı darmadağın edir, düşmənin xeyli texnikasını
sıradan çıxarır.
1992-ci il avqustun 6-sı, yayın qızmar günlərindən biri idi. Həmin gün Z.Məcidov
ekipaji ilə birgə üç dəfə uçuş edərək, ermənilərin döyüş əhəmiyyətli Qasapet
yüksəkliyindəki mövqələrini darmadağın etmişdi. Növbəti, dördüncü dəfə uçmaq
əmri verildi ona. Qərargaha yeni qayıdan Z.Məcidov bu əmri də böyük hünər,
igidlik göstərərək yerinə yetirdi. Bu onun son uçuşu oldu. Döyüş əməliyyatını
müvəffəqiyyətlə yerinə yetirdikdən sonra bir-birinin ardınca ona tuşlanan raket
zərbələri vertolyotunu ciddi zədələdi. Sayıqlığını itirməyən igid komandir çox
çalışır ki, vertolyotu öz ərazimizə çatdırsın. Lakin buna müvəffəq ola bilmir. Mİ-
24 vertolyotunun cəsur heyət üzvləri baş komandir Z.Məcidov 36 yaşında,
təyyarəçi operator, Ukraynalı-Xarkov xilayətinin Zmaev şəhərində doğulmuş,
ailəsinin yeganə yadigarı Ruslan Polovinko 22 yaşında və sərrast nişançı-
snayperçi, Qax rayonunda dünyaya göz açmış Rəhimov Cavanşir İzzət oğlu 19
yaşında doğma Vətənimizin aydın səması uğrunda qəhrəmancasına həlak oldular.
Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı
fərmanı ilə Məcidov Zakir Nüsrət oğlu ölümündən sonra "Azərbaycan Milli

Qəhrəmanı" adına layıq görülmüşdür. Onun yanmış cəsədi Bakıda Şəhidlər
xiyabanında dəfn edilmişdir. Neftçala rayon Uşaq Yaradıcılıq Mərkəzi Milli
qəhrəman Z.Məcidovun adını daşıyır.
1991-ci ilin noyabırında yenicə ailə qurmuşdu. Ölümündən üç ay sonra oğlu Fuad
dünyaya göz açdı.
Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı
fərmanı ilə Məcidov Zakir Nüsrət oğlu ölümündən sonra "Azərbaycanın Milli
Qəhrəmanı" adına layiq görülmüşdür. Bakı şəhər Şəhidlər xiyabanında dəfn
edilmişdir.
Samid Gülağa oğlu İmanov
14 oktyabr 1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində Gülağa və
Xuraman İmanovların ailəsində anadan olmuşdur. Samid İmanov ailənin birinci
oğul övladı idi. Onun özündən böyük Aybəniz və Gülbəniz (d. 1978) adında iki
bacısı, Sadiq adında isə bir qardaşı var idi.
Samid İmanov 1988-ci ildə Neftçala rayonu 1 nömrəli tam orta məktəbinin birinci
sinfinə getmiş, 1998-ci ildə isə həmin məktəbi bitirmişdir. Ardınca təhsilini Heydər
Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirən İmanov 2003-cü ildə həmin hərbi
məktəbi fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev tərəfindən mükafata layiq görülmüşdür.
Samid İmanov 2013-cü ilin iyununda dayısı qızı Badam xanım ilə ailə həyatı
qurdu. Şəhidin 2014-cü il təvəllüdlü Fidan adlı qızı və 2016-cı il təvəllüdlü Turan
adlı oğlu yadigar qalıb.
Samid İmanov 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı
Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük
komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət
edib.
Heydər Əliyev adına Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirən gənc zabit
Samid İmanov özünü pəşəkar hərbçi kimi formalaşdırmaq üçün durmadan çalışıb.
Elə bu yolda Samid İmanov Türkiyə Respublikasında "Daxili təhlükəsizlik
əməliyyatlarının planlaşdırılması və icrası", "Komando təlimi və paraşütdən
sərbəst atlamaq" kurslarına qatıldı. 2007-ci ildə "Anadolu-2007" və "Anadolu
Qartalı-2007" birgə taktiki təlimlərlə yanaşı Samid İmanov həm də Pakistanda
"Ləpirçi və antiterrorist", İsveçrədə "Dağ təlimi", Rumıniyada isə "Dağa dırmanma
üzrə təlimatçı" kurslarında iştirak etdi.

2014-cü ilin avqust ayının əvvəllərində Azərbaycan-Ermənistan təmas xəttində baş
verən atışma zamanı Samid İmanovun rəhbərliyi altında onun dəstəsi qarşı tərəfə
keçdi və əməliyyat keçirdi. Döyüş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 20
hərbi qulluqçusu məhv edildi.
Samid İmanov həm də bir müddət Azərbaycan Respublikası Müdafiə Naziri
general-polkovnik Zakir Həsənovun mühafizə xidmətinin rəisi olub. Daha sonra
isə mayor İmanov öz istəyi ilə yenidən Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinə
qayıtdı, hissənin qərargah rəisi və Xüsusi Təyinatlı Qoşunun komandasının
köməkçi vəzifəsini icra etdi.
Samid İmanov 2015-ci il 9 mayda Rusiya Federasiyasının Moskva şəhərində,
"Qırmızı meydan"-da faşizm üzərində qələbənin (1941–1945) 70 illiyi ilə bağlı baş
tutan hərbi parada qatılmış və medalla təltif olunmuşdur.
Mayor Samid İmanov 2016-cı ilin aprel ayının əvvəlində sonuncu döyüşə qatıldı.
Azərbaycan–Ermənistan təmas xəttində 24 il fasilədən sonra başlayan amansız
döyüşlərdə Samid İmanov Tərtər rayonunun Talış kəndi istiqamətində düşmən ilə
atışdı.
Aprelin 3-dən 4-nə ötən gecə döyüş zamanı mayor İmanov neytral ərazidə
ayağından və çiynindən qəlpə yarası aldı. Əsgərlər onu döyüş meydanından
aparmaq istəsə də, Samid İmanov buna qəti sürətdə etiraz etdi və onun əvəzinə
yaralı gizirin çıxarılmasını əmr etdi. Əsgərlərin etirazına baxmayaraq isə mayor
İmanov əmrin icra edilməsi üçün qəti göstəriş verdi. Yaralı giziri döyüş
meydanından çıxaran əsgərlər həmin ərazinin artıq təhlükəli olmasına baxmayaraq
Samid İmanovu aparmaq üçün yenidən döyüş meydanına qayıtdı, amma mayor
İmanov artıq orada deyildi. Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra
erməni tərəfə əsir düşməmək üçün oradan uzaqlaşdı. Bütün mərmiləri qurtaran
mayor İmanov düşmənə erməni tərəfinə sağ düşməmək üçün əlində qumbara
saxlamışdı. Səhərə qədər əsgərlər onu tapmadığı üçün isə mayor Samid İmanov
qan axma nəticəsində qəhrəmancasına şəhid oldu. Aprelin 8-i Samid İmanovun
nəşi neytral ərazidən götürüldü və doğma Neftçala rayonuna aparıldı.
Aprelin 9-u isə mayor Samid İmanov anadan olduğu Neftçala şəhərinin Şəhidlər
Xiyabanında izdihamla son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər
sakini ilə yanaşı şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləridə qatıldı.
Azərbaycanın dövlət himni səsləndiriləndən sonra yaylım atəşinin sədaları altında
mayor Samid İmanovun uğrunda şəhid olduğu torpağa tapşırıldı. Mayorun
tabutuna çəkilən bayraq isə şəhidin qardaşı Sadiq İmanova təqdim olundu.

2016-cı ilin 19 aprelində Azərbaycan Respublikası Prezidenti və Azərbaycan
Silahlı Qüvvələrinin Ali Baş Komandası İlham Əliyevin 1966 nömrəli sərəncamı
ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında
xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə
görə mayor Samid Gülağa oğlu İmanova ölümündən sonra "Azərbaycanın Milli
Qəhrəmanı" adına layiq görüldü.
Mayın 16-sı isə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir
Həsənov mayor Samid İmanovun ölümündən sonra layiq görüldüyü "Azərbaycanın
Milli Qəhrəmanı" adını mayorun atası Gülağa İmanova təqdim etdi.
Təltif və mükafatları
"Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı (2004) — "Hərbi xidmətdə
fərqlənməyə görə" III dərəcəli medalı
"Hərbi xidmətdə fərqlənməyə görə" II dərəcəli medalı (2006) — "Hərbi xidmətdə
fərqlənməyə görə" II dərəcəli medalı
"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı (2008) — "Azərbaycan
Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
"Qüsursuz xidmətə görə" III dərəcəli medalı (2008) — "Qüsursuz xidmətə görə"
III dərəcəli medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley
medalı (2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
"Qüsursuz xidmətə görə" II dərəcəli medalı (2013) — "Qüsursuz xidmətə görə" II
dərəcəli medalı
"Qələbə günü münasibətilə baş tutan hərbi parada qatıldığına görə" medalı (2014)
— "Qələbə günü münasibətilə baş tutan hərbi parada qatıldığı görə" medalı
"Qızıl Ulduz" medalı (2016) — "Azərbaycanın Milli Qəhrəmanı" və "Qızıl Ulduz"
medalı
İrsi
2016-cı il 3 noyabrda Neftçala şəhərində, Heydər Əliyev Mərkəzində Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan "Samidə məktub" sənədli filmi
nümayiş olundu. "Yaddaş" Sənədli Filmlər Studiyasının "Milli Qəhrəmanlar"
silsiləsində ərsəyə gələn sənədli filmin ssenari müəllifi və rejissoru Kamran

Qasımovdur. Xronometrajı 16 dəqiqə olan sənədli filmdə Samid İmanovun keçdiyi
şərəfli həyat yolundan bəhs olundu.
Elə həmin ilin 14 oktyabrda Samid İmanovun 35 illik yubileyinə həsr olunan tədbir
baş tutdu. Neftçala şəhərində, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdən əvvəl
mayor İmanovun həyat və döyüş yolu haqqında sərgi nümayiş olundu. Sərgidə
Samid İmanovun diplomları, rəsmi sənədləri, medalları və hərbi geyimləri, eləcədə
digər əşyaları nümayiş olundu. Daha sonra tədbirdə onun haqqında sənədli film
nümayiş olundu. Sonda mayor İmanovun döyüş yoldaşları onun haqqında
xatirələrini bölüşdü.
Neftçala şəhərində küçələrdən biri və orta təhsil aldığı Neftçala şəhər 1 saylı
məktəb Samid İmanovun adını daşıyır.

Camal Vidadi oğlu İsmayılov (7 iyul 1984, Həsənabad, Neftçala rayonu – 21
oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin qrup
komandiri və baş giziri, Aprel döyüşlərinin iştirakçısı, İkinci Qarabağ
müharibəsinin iştirakçısı və şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan
Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı
rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi
istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün ərzində 30-
dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə olmuşdur.
Hadrutun azad edilməsi zamanı Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin zabitləri
ilə birgə Ermənistan Ordusunun rabitə qovşağına qoşulmuşdur və erməni
hərbçilərinin başqa istiqamətə yönlənməsini təmin etmişdir.
Camal İsmayılovun da daxil olduğu Xüsusi Təyinatlı Qüvvələrin 15 nəfər hərbi
qulluqçudan ibarət olan qrupu, həmçinin digər dəstələrdən olan 30 nəfər hərbi
qulluqçuları oktyabrın 19-da Qubadlı istiqamətində ciddi önəmə və strateji
əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Qeyri-
bərabər döyüşlər nəticəsində Camal İsmayılov və dəstənin bir neçə üzvü həlak
olmuşdur.
Həyatı
Camal İsmayılov 1984-cü il iyulun 7-də Neftçala rayonunun Həsənabad
qəsəbəsində anadan olmuşdur. Onun ailədə bir bacısı və bir qardaşı olmuşdur.
1986-cı ildə — Camal İsmayılovun 2 yaşı olanda İsmayılovlar ailəsi Neftçala

rayonundan Rusiyanın Krasnoyarsk diyarının İqarka şəhərində yaşamağa
başlamışdılar.
Camal İsmayılov 1990-cı ildə İqarka şəhərində V. P. Astafyev adına 1 nömrəli orta
ümumtəhsil məktəbinin birinci sinfinə qəbul olmuşdur və birinci sinfi orada
bitirmişdir. 1991-ci ildə İsmayılovlar ailəsi doğma Neftçala rayonuna qayıdırlar və
Camal İsmayılov təhsilini Neftçala şəhərində 1 nömrəli tam orta məktəbdə davam
elədi. 2001-ci ildə oradan məzun olmuşdur və hərbi xidmətə yollanmışdır.
Azərbaycan, rus və erməni dillərində sərbəst danışırdı.
Ailəsi
Camal İsmayılov 2008-ci ildə Fatimə İsmayılova ilə ailə həyatı qurdu. 2009-cu il
təvəllüdlü Əsmət və 2011-ci il təvəllüdlü Əsnad adında qızları olan Camal
İsmayılov, hərbi əməliyyatlara yollanmazdan əvvəl oğlunun olacağını öyrənir və
övladına Alparslan adını verəcəyini demişdir. 2021-ci il fevralın 12-də onun oğlu
dünyaya gəlmişdir və övladına atasının arzusuna uyğun olaraq Alparslan adı
verilmişdir.
Hərbi xidməti
Camal İsmayılov 2002-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır.[8] O,
Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edən zaman
hərbi hissə rəhbərliyinin diqqətini cəlb elədiyinə görə xidmətini Xüsusi Təyinatlı
Qüvvələrdə davam eləməsi barədə qərar verilmişdir.
Camal İsmayılov 2015-ci il martın 2-dən aprelin 2-nə qədər Konya şəhərinin 3-cü
Ana Jet Üs Komutanlığında baş tutan "TURAZ Şahini — 2015" hərbi təlimlərinə
qatılmışdır və buna görə diplomla təltif edilmişdir.
Camal İsmayılov 2015-ci il mayın 9-da Faşizm üzərində Qələbənin 70 illiyi
münasibətilə Rusiyanın Qızıl meydanında baş tutan parad zamanı mayor Mehdi
Mahmudovun rəhbərliyi altında 70 nəfərdən ibarət olan Azərbaycan Silahlı
Qüvvələrinin qrupunun heyətində idi.
Daha sonra isə o, 2015-ci il sentyabrın 28-dən oktyabrın 16-na qədər Gürcüstanda
baş tutan dağçılıq üzrə hərbi təlimlərə qatılmışdır və buna görə diplomla təltif
edilmişdir.
2019-cu ilin 6–24 mayında 5 dövlətin qatıldığı və Kayseri şəhəri yaxınlığında
yerləşən Ərciyəs dağında baş tutan "ERCİYES — 2019" hərbi təlimlərinə
qatılmışdır, buna görə də diplomlarla təltif edilmişdir.

2020-ci ilin İkinci Qarabağ müharibəsi
2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı
Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və
cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış
məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından
intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə
məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta
saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq
məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu
zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri olan Camal
İsmayılov əvvəlcə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır.
Sentyabrın 27-də səhər döyüşlərində Azərbaycan və Ermənistan bölmələri arasında
mövcud olan təmas xətti yarılmışdır və döyüşlərin birinci saatları ərzində Füzuli
rayonunun beş yaşayış məntəqəsi — Aşağı Əbdürrəhmanlı, Yuxarı
Əbdürrəhmanlı, Kənd Horadiz, Qaraxanbəyli və Qərvənd işğaldan azad edilmişdir.
Camal İsmayılovun mənsub olduğu tabor üç gün ərzində Füzuli rayonu
istiqamətində bir sıra əlverişli mövqeləri işğaldan azad eləmişdir. Sentyabrın 29-da
Tabor Komandiri Kamil Şirinov həlak olmuşdur.
Azərbaycan və Ermənistan bölmələri arasında mövcud olan təmas xətti yarıldıqdan
sonra Camal İsmayılov və silahdaşları Cəbrayıl rayonu istiqamətində gedən
döyüşlərdə savaşmışdır. Xüsusi Təyinatlı Qüvvələr tərəfindən dörd gün ərzində
Cəbrayıl şəhəri istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən
Cəbrayıl şəhəri və rayonun 14 yaşayış məntəqəsi — Aşağı Maralyan, Çaxırlı,
Mehdili, Quycaq, Şəybəy, Cəfərabad, Çərəkən, Daşkəsən, Dəjəl, Horovlu,
Karxulu, Mahmudlu, Şükürbəyli və Yuxarı Maralyan işğaldan azad edilmişdir.
Cəbrayıl şəhəri və rayonun şərq hissəsi işğaldan azad olunduqdan sonra Xüsusi
Təyinatlı Qüvvələr Füzuli istiqamətində döyüşlərə daxil olmuşdur. Müharibənin
birinci saatlarında işğaldan azad olunan və strateji əhəmiyyətə sahib olan Yuxarı
Əbdürrəhmanlının Azərbaycan Ordusunun nəzarəti altında olması, Füzuli şəhərinə
hücumu şərtləndirən amillərdən biri idi. Amma Ermənistan Ordusunun Füzuli
şəhərində qurduğu müdafiə xəttindən dolayı Azərbaycan Ordusu Füzuli şəhərinə
Xocavənd rayonu ərazisindən daxil olmağı qərara almışdır. 10 gündən çox
Xocavənd rayonu ərazisində davam edən döyüşlərin nəticəsi olaraq strateji
əhəmiyyətə sahib olan Hadrut qəsəbəsi işğaldan azad edilmişdir. Xüsusi Təyinatlı
Qüvvələrin Qrup Komandiri Camal İsmayılov və döyüş yoldaşları Hadrut uğrunda

gedən döyüşlər zamanı bir sıra qəhrəmanlıq nümunələri göstərmişdilər. Bunlar
sırasında baş gizir Camal İsmayılov, baş gizir Sübhan Cəbrayılov, gizir Şəhriyar
Quliyev və gizir Elyar Vəliyevdən ibarət olan qrupu Hadrut istiqamətində
Ermənistan Ordusunun diversiya qrupunun pusquya salınması da daxildir.
Hadrut qəsəbəsinin işğaldan azad olunmasından sonra bölmələr Füzuli şəhəri
istiqamətinə irəliləməzdən əvvəl strateji önəmə sahib olan, Hadrut qəsəbəsinin və
Füzuli şəhərinin arasında olan Ərgünəş dağı nəzarətə alınmalı idi. Xüsusi Təyinatlı
Qüvvələr və digər bölmələr tərəfindən Ərgünəş dağı uğrunda bir neçə gün davam
edən döyüşlərin nəticəsində əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən
Ərgünəş dağı işğaldan azad olunmuşdur. Bundan sonra ayın 14-dən 16-na qədər üç
gün ərzində Bulutan, Edilli və Xırmancıq işğaldan azad olunmuşdur. Füzuli rayonu
istiqamətində də ciddi irəlləyiş əldə olunmuşdur. Əvvəlcə Füzuli rayonunun qərb
hissəsində yerləşən Qaradağlı, Qaraqollu və Xatınbulaq, bir gün sonra (15 oktyabr
2020) isə Arış işğaldan azad edilmişdir.
Bununla da Azərbaycan Ordusu strateji nöqteyi nəzərdən ciddi üstünlüyə sahib
olmuşdur, həm Xocavənd rayonunun şərq hissəsindən, həm də Füzuli rayonunun
qərb hissəsindən Füzuli şəhəri nəzarət altına alınmışdır və Füzuli əməliyyatının
əsas hissəsi başlanmışdır. 2 gün ərzində Füzuli istiqamətində ağır döyüşlər
olmuşdur. 2-ci Ordu Korpusunun, Xüsusi Təyinatlı Qüvvələrin və Daxili
Qoşunların da qatıldığı döyüşlərin nəticəsində Azərbaycan Ordusu tərəfindən qısa
müddət ərzində Cuvarlı, Çimən, Dədəli, İşıqlı, Musabəyli, Pirəhmədli və
Qoçəhmədli işğaldan azad edilmişdir. Nəticədə bütün istiqamətlərdən nəzarəti tam
ələ alan Azərbaycan Ordusu Füzuli şəhərinə daxil olmağa nail olmuşdur. Ayın 17-
də Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhərinin 27 il davam edən işğaldan
azad olunduğunu bildirmişdir. O, həmçinin Füzuli uğrunda döyüşlərin ağır
olduğunu vurğulamış və şəhərin şücaət hesabına azad olunduğunu bildirmişdir.
Cəbrayıl şəhərinin və rayonun geniş bir hissəsinin, Hadrut qəsəbəsinin və ətraf
yaşayış məntəqələrinin, həmçinin Füzuli şəhərinin və rayonun geniş bir hissəsinin
azad edilməsindən sonra əsasən Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlılarından
ibarət olan dəstələrlə Azərbaycan Ordusu bölmələri Zəngilan rayonu istiqamətində
döyüşlərə qatılmışdır və Zəngilan şəhəri qısa müddət ərzində işğaldan azad
olunmuşdur.
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin dörd
nəfərdən ibarət olan qrupunun — baş gizir Camal İsmayılov, baş gizir Sübhan
Cəbrayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev Hadrut qəsəbəsi

istiqamətində Ermənistan Ordusunun diversiya qrupunun pusquya salınmasında
müstəsna xidmətləri olmuşdur.
Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlər zamanı Xüsusi
Təyinatlı Qüvvələrin zabitləri ilə birgə Ermənistan Ordusunun rabitə qovşağına
qoşulmuşdur. Erməni dilində sərbəst danışan Camal İsmayılov Ermənistan
Ordusunun briqadasına Hadrutdan başqa istiqamətə yönlənməsini əmr eləmişdir.
Qısa müddət ərzində Zəngilanın azad edilməsindən sonra Azərbaycan Ordusunun
bölmələri Qubadlı rayonu ərazisinə istiqamətlənmişdir. Ayın 18-də Qubadlı rayonu
istiqamətində döyüşlər başlamışdır. Döyüşlər ərzində Azərbaycan Ordusunun
bölmələri Qubadlı rayonunun 10-dan çox yaşayış məntəqəsinə daxil olmağa nail
olmuşdur. Ayın 19-da Camal İsmayılov Qubadlı rayonu istiqamətində döyüşə daxil
olmuşdur. Bu onun son döyüşü olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal
olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya
qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq
nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin
və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin
09.12.2020-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılova "Vətən Müharibəsi
Qəhrəmanı" adı verildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına
qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə
borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin
15.12.2020-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılov ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş
əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə
Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən
Camal İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə
təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş
əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə
Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən
Camal İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə
təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş
əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə
Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən
Camal İsmayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə
təltif edildi.
Ölümü
Camal İsmayılov və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da Laçın dəhlizinə
nəzarəti ələ almaq üçün ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər
uğrunda döyüşlərə daxil olmuşdular. Döyüşlər əvvəlcə Qubadlı rayonu
istiqamətində olan əlverişli mövqelər uğrunda aparılmışdır. Qeyri-bərabər şəraitdə
olan döyüşlərdə Ermənistan tərəfdən ~150–200 hərbi qulluqçusu döyüşmüşdür. 7
saatdan çox davam edən ağır döyüşlər nəticəsində Xüsusi Təyinatlı Qüvvələrdə
Qrupun şəxsi heyətindən dörd nəfər — baş gizir Camal İsmayılov, baş gizir
Sübhan Cəbrayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev həlak olmuşdur.
Ümumi olaraq Camal İsmayılovun mənsub olduğu tabor müharibə zamanı Xüsusi
Təyinatlı Qüvvələrin ən çox döyüşçüsü həlak olan taborudur. Camal İsmayılovun
həlak olduğu ayın 21-də, anasının doğum günündə təsdiq olunmuşdur. Neftçala
şəhərində dəfn olunmuşdur.
Təltifləri
(26 iyun 2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
(26 iyun 2012) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
(26 iyun 2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
(8 may 2015) — "Qələbə günü münasibətilə hərbi parada qatıldığına görə" medalı
(26 iyun 2017) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
(26 iyun 2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
(9 dekabr 2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra)
(15 dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(24 dekabr 2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən
sonra)
(24 iyun 2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

(24 iyun 2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
İrsi və xatirəsi
2020-ci ildə Camal İsmayılovun Neftçala rayonunun Həsənabad qəsəbəsində
yaşadığı evdə xatirə lövhəsi qoyulmuşdur.
2021-ci il aprelin 12-də Neftçala şəhərində Camal İsmayılovun büstünün açılış
mərasimi olmuşdur.
2021-ci ildə haqqında İctimai Televiziyada "Heç kim unudulmur, heç nə yaddan
çıxmır — Camal İsmayılov" sənədli filmi nümayiş olunmuşdur.
2021-ci ildə Neftçala şəhər Uşaq İncəsənət məktəbinə Vətən Müharibəsi
Qəhrəmanı Camal İsmayılovun adı verilmişdir.
Hazırladı: Hacı Cavad Əliyev

OXŞAR XƏBƏRLƏR
Qarlı hava nə vaxta qədər davam edəcək?
Qarlı hava nə vaxta qədər davam edəcək?
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Gecəgözlü kəndinin coğrafiyada izi qorunmalıdır
Gecəgözlü kəndinin coğrafiyada izi qorunmalıdır
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
TƏBİB rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
TƏBİB rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
Sabah bu küçələrdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Sabah bu küçələrdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Azərbaycanda bütün köhnə evlər söküləcək - AÇIQLAMA
Azərbaycanda bütün köhnə evlər söküləcək - AÇIQLAMA
Qanunsuz ağac kəsiminə görə cinayət işi başlanıldı
Qanunsuz ağac kəsiminə görə cinayət işi başlanıldı