Xətai polisi azyaşlı uşaqlarına "daşqalaq tərbiyəsi" verən qadını niyə məsuliyyətə cəlb etmir?
Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə. Qarayev küçəsi, döngə 2, ev 29 b ünvanda qeydiyyatda olan Xəlilov Famil Məhərrəm oğlu yazır ki, 2003-cü ildə Tağıyeva Sevinc Əmirxan qızı ilə rəsmi nikaha giribmiş. Ötən illər ərzində biri qız, biri oğlan olmaqla iki övladları dünyaya gəlib. Amma tədricən Sevinclə münasibətlərində çat əmələ gəlib.
Familin ərizəsindən oxuyuruq: "Aramızda yaranan münaqişələrin səbəbkarları çox zaman yoldaşımın anası və bacıları olurdu. Dəfələrlə ona izah edirdim ki, iki uşağımız var, səbəbsiz yerə ailədə mübahisə yaratmasın, özbaşına çıxıb vaxt-bivaxt anası-bacısıgilə, qohumlarının evinə getməsin. O isə bəzən gecəyarı, hətta saat 3-də, 4-də gedir, səhərə qədər evə gəlmirdi. Zəng edirdim, "hardasan" sualını eşidəndə, gah o qohumun, gah bu qohumun qonağı olduğunu söyləyirdi. Açarı da mənə vermirdi. Məcbur qalıb açarın nüsxəsini çıxardım, onu da oğurladı. Aramızda söz-söhbət daha da gərginləşdi. 2013-cü ildən bu yana faktiki olaraq onunla yaşamırdım, ondan öncə də aylarla evə gedə bilmirdim. Bütün günü söz-söhbət olurdu..."
Famil boşanmayla əlaqədar Nəsimi rayon Məhkəməsinə ərizə ilə müraciət etdiyini, hazırda keçmiş həyat yoldaşının onun yaxınlarını küçə söyüşləri ilə təhqir etdiyini, hədə-qorxu gəldiyini qeyd edir.
Famil artıq könlünü başqa bir qızla bağlayıb. Yazır ki, Sevinc Tağıyeva həmin qızın da kirayə yaşadığı evə hücum çəkərək, əşyalarına od vurmuş, onlara təqribən 1000-1500 manat civarında maddi ziyan vurmuşdur: "Bu haqda dəfələrlə "102" xidmətinə və Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə ərizə yazsam da, heç bir nəticə olmamışdır. Onlar (polislər) hadisə yerinə gələndə bizə dedilər ki, ya 3000 manatdan yuxarı zərər dəysin, yaxud da sizlərdən biri xəsarət almış olsun ki, cinayət işi qaldıraq. Hazırda biz çox təhlükəli vəziyyətdə yaşayırıq. Keçmiş həyat yoldaşım istədiyim qızın iş yerinə də gedərək onu təhqir etmişdir. Baş verən hadisənin nəticəsi olaraq qızı işdən çıxardılar. Hal-hazırda işindən məhrum olan xanım cəmiyyət arasına da çıxa bilmir. Sevinc qızın üzünə yandırıcı maddəylə xəsarət yetirəcəyini deyir".
Familin ərizəyə qoşma etdiyi Xətai RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqinin 08 aprel 2017-ci il tarixli qərarından görünür ki, Familin istədiyi qız - İsgəndərova Günay Zakir qızı 16. 03. 2017-ci il tarixdə Xətai RPİ-nin 35-ci PB-nə müraciət edərək həmin gün yaşadığı mənzildə həyat yoldaşı Xəlilov Familin keçmiş arvadı Sevinc tərəfindən söyülüb təhqir edildiyi və Sevincin 2 uşağı Nəzrinlə Emin tərəfindən daşa basılaraq mənzilin pəncərə şüşələrinin sındırıldığı barədə məlumat vermiş, onların barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin tarixdə Tağıyeva Sevinc Əmirxan qızı da polis bölməsinə Günaydan şikayət etmişdir ki, guya G. İsgəndərova 10-15 gün əvvəl ona telefonla zəng edərək küçə söyüşləri ilə təhqir edib, ölümlə hədələyib.
PB-nin təhqiqatçısı ərizəni araşdıraraq izahatları alıb toplamış, sonra da materiallar rayon prokuroru tərəfindən götürülərək qərar qəbul edilməsi üçün RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Şöbənin baş müstəntiqi, polis mayoru Rəhman Kərimov tərəflərin verdikləri ərizələr üzrə cinayət işinin başlanılmasının rədd edilməsini qərar almışdır. Qərarını onunla əsaslandırmışdır ki, əvvəla hadisə zamanı sındırılmış şüşənin qiyməti 50 manatdır. Bu məbləğ isə 3000 manatdan yuxarı olmadığından, cinayət məsuliyyəti yaradan "əmlakı qəsdən məhv etmə" cinayət tərkibini yaratmır. Müstəntiq bu qənaətə gəlmişdir ki, nə ictimai qayda pozulmamış, nə cəmiyyətə açıq hörmətsizlik ifadə olunmamış, nə də hadisə zamanı ərizəçinin sağlamlığına zərər vurulmamışdır. Üstəgəl, qərarda qeyd olunmuşdur ki, mənzilin pəncərə şüşələri inzibati məsuliyyətə cəlb edilmək üçün qanunla müəyyən edilmiş yaş həddinə çatmayan uşaqlar tərəfindən sındırıldığından, fakt özü inzibati məsuliyyət də yaratmır.
Beləliklə, müstəntiq ərizə verən tərəflərin şikayətlərini qarşı-qarşıya qoyaraq bir növ balans yaratmağa çalışmışdır. Halbuki Sevinc Tağıyevadan soruşa bilərdi ki, niyə Günay İsgəndərovadan məhz onu təhqir etdiyi gün yox, 10-15 gün sonra şikayət edib. Yoxsa, təhqir edildiyinə görə Günayla özbaşına haqq-hesab çəkmək üçün onun yaşadığı evə hücum çəkib? Əcəba polis adlı asayişi qoruyan bir təsisatın mövcudluğunu Günay İsgəndərovanın şikayəti onun yadına salıb?
İkincisi, aydın məsələdir ki, daş pəncərəyə təkcə onun şüşəsini qırmaq məqsədilə atılmır, otağın içindəki adama xəsarət yetirmək məqsədilə atılır. Bu isə xəsarət yetirməyə cəhddir. Uşaqları isə oraya anası Sevinc gətirmişdir, öyrədərək gətirmişdir. Məsuliyyətə də o cəlb olunmalıdır.
K.Q