Azərbaycan İdeyası

Yeni tikilən binadan ev almaq istədi, məhkəməlik oldu

Tarix:15-08-2016, 12:16
Baxış Sayı:303

Yeni tikilən binadan ev almaq istədi, məhkəməlik oldu
Bakı şəhər sakini Kəmalə Cahangirovanın mənzilini sataraq yeni mənzil almaq arzusu ona baha başa gəlib.

Mənzil axtarışında olan qadına köməklik edəcəyini deyən Dürdanə Əhmədova və Mübariz Əliyevlə tanışlığı isə uzun illər onu polis, prokurorluq və məhkəmə qapılarında qoyub.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Mübariz Əliyev və Dürdanə Əhmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əlövsət Abbasov sədrlik edib.
Aldadılan qadın, çoxsaylı şikayətlər, məhkəmə qərarı
İttihama görə, Mübariz Əliyev və Dürdanə Əhmədova özgənin əmlakını ələ keçirmək məqsədilə bir qrup şəxs halında birləşərək Kəmalə Cahangirovaya Binəqədi rayonu, Naxçıvani küçəsi, 3 ünvanında yerləşən "İsmayıl-N" tikinti şirkəti tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış evindən 62 min dollar dəyərində mənzil alacaqlarını, həmin mənzilin dəyərini tikinti materialı formasında Mübariz Əliyevə məxsus zavodda istehsal edilən kərpic verməklə tikinti şirkətinə ödəyəcəyini vəd edərək aldadıblar. 2009-cu ilin noyabr ayından 2010-cu ilin mart ayınadək K.Cahangirovanın 42 min manat məbləğində pulunu ələ keçirməklə ona qarşı dələduzluq ediblər.
Aldanıldığını görən zərərçəkmiş Binəqədi polisinə və prokurorluğuna şikayət edib. İki il ərzində döymədiyi qapı qalmayıb. Nəhayət, 2015-ci ilin may ayında Dürdanə Əhmədova və Mübariz Əliyev şübhəli şəxs qismində saxlanılıblar. Onların barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham irəli sürülüb, polisin nəzarəti altına vermə qəti imkan tədbiri seçilib.
"Kəmalə pulu hissə-hissə verəcəkdi, mən də tikinti şirkətinə kərpic göndərəcəkdim"
Təqirləndirilən şəxs qismində dindirilən Mübariz Əliyev ifadəsində Kəmalə Cahangirovanı Dürdanə Əhmədovaya görə tanıdığını deyib: "Kəmalə yeni tikilmiş binadan ev bəyənmişdi, mənzil sahibi ondan pulun hamısını istəyirdi. Dürdanə mənzilin sahibi ilə danışmağımı xahiş etdi. Kəmalə və Dürdanə ilə birlikdə həmin binaya gedib İbad adlı şəxslə görüşdük. İbad Kəmalə ilə belə razılaşdı ki, mənzilinin dəyərini 50 faiz hissə-hissə nağd pula, 50 faizi isə kərpiclə ödənilsin. Müqavilənin bağlanması üçün İbad 2 min manat aldı, müqaviləni Kəmaləyə verdi. Kəmalə də söz verdi ki, hissə-hissə pul verəcək, mən də İbada kərpic göndərəcəyəm".
"Hamısını yalan danışır, mənə pul verməyib"
M.Əliyev, ifadəsinə görə, İbada 800 manat dəyərində kərpic göndərib, sonradan Kəmalə pul vermədiyinə görə mal göndərməyi dayandırıb: "İbad zəng vurub kərpic istəyirdi. Kəmalə pul vermədiyinə görə mən də İbada kərpic göndərə bilmədim. Bu səbəbdən də İbad müqaviləni ləğv etmək istədi, etiraz etmədim. İbadın yanına gedib müqaviləni təqdim etdik, 2 min manatı qaytardı, həmin pulu Dürdanəyə verdim. Bir müddət sonra İbad kərpicin pulunu da qaytardı. Dürdanə dedi ki, Kəmalədən 5 min manat faiz alıb, lakin 10 min manatlıq notarial sənədə imza atıb. Kəmalə pulu tələb etdiyinə görə Məhəmmədi kəndində yerləşən 12 sot torpağı etibarnamə ilə ona verdik. Sonradan Kəmalənin polisə şikayət etdiyini öyrəndik. Kəmalə yalan danışır, mənə pul verməyib".

"O, mənə pulu faizlə vermişdi"
Təqsirləndirilən şəxs qismində dindirilən Dürdanə Əhmədova ifadəsində qızıl alveri etmək üçün 2009-cu ildə Kəmalədən 5 min manat faizə pul götürdüyünü, aralarında kredit müqaviləsi bağlandığını deyib: "Pulun əvəzində girov istədi, daşınmaz əmlak qoymağı tələb etdi. Təklif etdi ki, borcun əvəzinə ona torpaq sahəsi verilsin. Kəmaləyə dedim ki, Mübarizin mənə 80 min borcu var, borcun əvəzinə Məhəmmədidə torpaq sahəsi vermək istəyir. Gedib baxdıq, torpaq xoşuna gəldi. Borcun əvəzinə Kəmaləyə 12 sot torpaq verəcəyimi dedim, razılaşdı.
Kəmalə Mübarizlə bizdə tanış olmuşdu. Mübarizin kərpic sexi olduğunu bilirdi. Yeni tikilən evlərdən mənzil almaq istədiyini Mübarizə demişdi. Kəmalə ilə Mübariz birlikdə həmin binaya gedib İbad adlı şəxslə danışmışdılar, mənzilinin dəyərinin yarısının Kəmalə, yarısı isə sonradan Mübariz tərəfindən kərpic şəklində verilməsi barədə razılaşdılar, müqavilə bağladılar. Amma sonradan Kəmalə mənzilin pulunu vaxtında vermədiyinə görə İbad müqaviləni ləğv etdirdi və ev satmaq istəmədiyini dedi. Kəmalə yalan danışır, faizlə borc verdiyi puldan başqa mənə heç bir pul verməyib".
"Məndən davamlı olaraq pul istəyirdilər"
Zərərçəkmiş şəxs qismində dindirilən Kəmalə Cahangirova ifadəsində göstərib ki, 2009-cu ildə həyat yoldaşından ayrıldıqdan sonra yaşadıqları mənzili satıb hərəsi özünə ayrıca ev almağı qərarlaşdırıb. Bu məqsədlə də ev alqı-satqısı ilə məşğul olan İlqar adlı şəxsə müraciət edib. İlqar isə öz növbəsində onu Dürdanə və Mübarizlə tanış edib: "Dürdanə dedi ki, Mübariz ev almaq üçün sənə kömək edər, onun əlində variantlar çoxdur. Mübariz arxayın şəkildə "hansı yeni tikilmiş binada mənzil bəyənirsən, alacağam" dedi. Mübarizə dedim ki, pulun bir hissəsini ona əvvəlcədən, yerdə qalan hissəsini isə ayda 1000 manat olmaqla hissə-hissə verəcəyəm, razılaşdı. O vaxt 8-ci mikrorayonda yeni tikilən binalardan xoşum gəlirdi. Evi təzə satan vaxtlarda həmin binaya gəlib İbad adlı şəxslə söhbət etmişdim. İbad pulun hamısını ödəmək lazım olduğunu dediyinə görə evi ala bilməmişdim. Çünki əlimdə cəmi 45 min manat var idi. Mənzilin pulu isə 49 min 600 təşkil edirdi. Həm də təmirə külli miqdarda pul lazım olacaqdı. Mənzilin tam dəyərini şirkətə ödəmək sərf etmirdi. Fikirləşdim ki, pulu Mübarizə hissə-hissə verim, əlimdəki pulla isə mənzili təmir edim".
Zərərçəkmişin ifadəsinə görə, Mübarizə həmin binadan ev almaq istədiyini deyib. O da, öz növbəsində, evdən 3 min manat pul və şəxsiyyət vəsiqəsini gətirməyi tapşırıb. İlkin olaraq 3 min manat, qalan məbləğin əvəzində İbada kərpic veriləcəyini deyib. Birlikdə mənzilə baxmağa gəliblər. 18-ci mərtəbədəki qiyməti 62 min dollar, sahəsi 65 kv.m olan mənzili bəyənib. İbadla aralarında alqı-satqı müqaviləsi bağlanıb. Bir daha Mübarizlə razılaşıb ki, ilk dörd-beş ay ərzində Mübarizə 50 min dollar ödəyəcək, yerdə qalan məbləği isə hər ay 1000 dollar olmaqla Mübarizə verəcək. Bir neçə dəfə Mübariz ondan kərpicin istehsalı üçün pul lazım olduğunu deyib. Bu hal dəfələrlə təkrarlanıb. Buna görə K.Cahangirova Dürdanəyə iradını bildirib. Dürdanə isə ona Mübarizin İbada gündə altı-yeddi maşın kərpic göndərdiyini deyib.
Məhkəmə zalında qandallanan qadın
Zərərçəkmişin dediyinə görə, yeni mənzildə təmir işlərinə başlamaq istərkən İbad adlı şəxs ona müqaviləni ləğv etmək istədiyini, Mübarizin kərpic göndərmədiyini bildirib. Mübariz Əliyevlə əlaqə saxladıqda sonuncu ona: "Narahat olma, bir az başım qarışıqdır, problemi yoluna qoyacağam", - deyib. Problemin həll olunmadığını görən zərərçəkmiş onlara verdiyi pulları tələb edib. Bu dəfə isə Mübariz pulların Dürdanədə olduğunu, Dürdanə isə Mübarizdə olduğunu deməklə məsuliyyəti bir-birinin üstünə atıblar. Əli hər yerdən üzülən K.Cahangirova hüquq-mühafizə orqanlarına müraciət edib.
Sözügedən cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Məhkəmənin hökmü ilə M.Əliyevə bəraət verilib, D.Əhmədova isə 8 il müddətinə azadlıqdan məhrum olunub. Qadın məhkəmə zalında həbs edilib.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq