Azərbaycan İdeyası

İLİN-GÜNÜN BU VAXTINDA MEYVƏ-TƏRƏVƏZİN QİYMƏTİ NİYƏ BAHADIR?

Tarix:11-07-2019, 16:04
Baxış Sayı:189

Son günlər cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri meyvə-tərəvəzin qiymətinin real dəyərindən baha olmasıdır. Mövcud vəziyyət ona görə narazılıqla qarşılanır ki, yay mövsümündə, məsələn, pomidorun kiloqramının 1.20-2 manata, yaxud gilasın qiymətinin 7-8 manata satılması anormaldır.
Bəs, nə baş verir? İlin-günün bu vaxtında meyvə-tərəvəzin qiymətinin “əl yandır”masının səbəbi nədir?
Korrupsiya-q.az xəbər verir ki, bu sualla Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov cavab verib.
Ekspert bildirib ki, meyvə-tərəvəzin qiymətinin baha olmasının bir neçə səbəbi var: “İlk səbəb hökumətin inzibati yollarla qiymət siyasətinə qarışa bilməməsidir. Bildiyimiz kimi, hazırda bazar iqtisadiyyatıdır, dövlət ancaq iqtisadi yolla, yəni qanunvericiklə, fərmanlarla, fermerlər üçün şərait yaratmaqla qiymət siyasətinə qarışa bilər”.
Meyvə-tərəvəzin xarici ölkələrə idxalının da qiymətlərin baha olmasına təsir etdiyini qeyd edən iqtisadçı vurğulayıb ki, Xaçmaz kimi geniş sahələrdə pomidor əkilən bölgələrdə məhsul yetişməyənə qədər qiymətlər baha olacaq: “Əgər kənd təsərrüfatı məhsulları – meyvə-tərəvəz idxal olunarsa və idxalda güzəştə gedilərsə, qiymət ucuzlaşar. Ancaq bu, fermerlərimizə zərər verər. Ona görə də hökumət olaraq, dövlət olaraq çalışmaq lazımdır ki, fermerlərə kömək edilsin. Məhsuldarlığı artırmaqla məhsul bolluğuna gətirib çıxarmaq lazımdır ki, qiymətlər aşağı düşsün”.
S.Rəhmanovun fikrincə, qiymətlərin düşməsi üçün, həmçinin yol xərcləri azaldılmalıdır: “Fermerlər məhsulu şəhərə gətirənə, burada satana qədər xeyli xərc çəkirlər. Buna görə də rayonlarda şirkətlər qurulmalıdır və həmin şirkətlər fermerdən məhsulu alaraq şəhərə gətirməlidir. Bu zaman hökumət xüsusi qiymət müəyyənləşdirə bilər ki, həmin şirkətlər məhsulun üzərinə daha çox faiz qoymasın”.
“Başqa məhsulların qiyməti qalxdıqca, təbii ki, kənd təsərrüfatı məhsullarının da qiyməti qalxacaq. Fermer il boyu qazanc götürə bilmir, qazanc ancaq məhsul yetişən dövrdə əldə edilir. Ona görə də fermer çalışacaq ki, məhsulunu elə qiymətə satsın ki, ilin digər aylarında dolana bilsin” – deyə müsahibimiz vurğulayıb.
İctimai Birlik rəhbəri bu məsələdə dövlətin rolundan da danışıb: “Əkən baha qiymətə satmaq, alan da ucuz qiymətə almaq istəyir. Burada hökumətin rolu ancaq ondan ibarət ola bilər ki, əməkhaqlarını, pensiyaları artırsın. Pomidor bu gün Azərbaycanda, təxminən 1 dollardırsa, Rusiyada 3 dollardır. Heç ruslar demirlər ki, pomidor bahadır. Hökumət bu məsələni yoluna qoymaq üçün insanların güzəranını yaxşılaşdırmalıdır”.
Həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin də hansı işləri həyata keçirməli olduğunu qeyd edib: “Bir neçə il öncə sarımsağın qiyməti 7-8 manata idi. Keçən il bütün fermerlər sarımsaq əkdi və nəticədə sarımsaq bol oldu. Məhsulun çoxu satılmadı, tullandı. Kənd Təsərrüfatı Nazirliyi fermerlərlə sıx işləməlidir, onlara elə proqnozlar verməlidir ki, fermer gələn il hansı məhsula daha çox tələbat olacağını bilsin”.
Həmsöhbətimizin qənaətincə, güzəşt olmadığı halda, fermerlər məhsullarını xarici bazarlara çıxararaq daha çox gəlir götürməyə çalışacaqlar: “Əks halda qiymət artımının qarşısını almaq mümkün olmayacaq. İqtisadi yolla, proqnozlarla qiymət artımının qarşısını almasaq, inzibati yollara əl atsaq, sovet hökumətinin gününə düşərik”.

OXŞAR XƏBƏRLƏR
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025