Aktual məsələlərdən biri də tibbi xidmətlərin göstərilməsi zamanı vətəndaşların həyat və sağlamlığına dəyən zərərin kimlər tərəfindən ödənilməsidir. Praktikada bu məsələ çox zaman çətinliklər yaradır. Çünki burada məsuliyyətin kimə aid edilməsi, təqsirin olub-olmaması, vurulan zərərin ödənilməsi və s. kimi məsələlər bəzən düzgün araşdırılması vacibdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Yəni, tibbi müəssisəsi orada işləyən həkimlərin əməlləri üçün məsuliyyət daşıyır. Əgər klinikada çalışan həkim hər hansı səhv edirsə və bunun nəticəsində xəstəyə zərər dəyirsə, klinika bunun üçün məsuliyyət daşıyır. Klinika, öz növbəsində, həkimdən zərərin əvəzinin ödənilməsini tələb edə bilər (hüquq dilində bu “reqres hüququ” adlanır).
Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
Xəstəyə tibbi müdaxilədən əvvəl tibb müdaxilənin özü, riskləri və s. barədə öncədən məlumat verilməli, onun bu barədə razılığı alınmalı və bu hallar tərəflərin imzaladığı sənədlərlə rəsmiləşdirilməlidir.
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir.
Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Belə halla qarşılaşan vətəndaş ilk növbədə tibb müəssisəsinə, daha sonra müəssisənin tabe olduğu quruma (Əlaqə üçün: Səhiyyə Nazirliyi: 9103, TƏBİB: 1542) və sonda isə məhkəməyə müraciət edə bilər. Yəni tibb müəssisəsinin və müəssisənin tabe olduğu qurumun cavabı vətəndaşı qane etməzsə, vətəndaş “tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər. İşin mahiyyətindən asılı olaraq növbəti addımlar atılır. Yəni, vətəndaşın həyat və sağlamlığına zərər vuran həkimin əməlində cinayət tərkibi varsa, ona qarşı cinayət işi açılır. Əməldə cinayət tərkibi olmadıqda isə məsələ mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll oluna bilər.
Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir.
Vətəndaşlara tibbi xidmətlərin göstərilməsi zamanı şəxs vəfat edərsə, bu zaman hüquq mühafizə orqanlarına müraciət etmək lazımdır.
Həmçinin bunu da qeyd edək ki, fiziki şəxsin həyat və sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələblərə iddia müddəti şamil olunmur. Yəni vətəndaş ona tibbi xidmətlərin göstərilməsi zamanı sağlamlığına vurulmuş zərərlə bağlı müddətdən asılı olmayaraq istənilən vaxt iddia qaldıra bilər.
Tibb işçilərinin vətəndaşın həyat və sağlamlığına vurulmuş zərərlə bağlı məsuliyyəti bəzən onların öz vəzifələrinə laqeyd və etinasız yanaşmaları nəticəsində yaranır. Bununla bağlı qanunvericilikdə həmin tibb işçiləri üçün məsuliyyət nəzərdə tutulub.
Cinayət Məcəlləsinin 142-ci maddəsinə əsasən xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi nəticəsində onun sağlamlığına az ağır zərər vurmaya görə tibb işçisi 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ağa Nemətulla küçəsi, ev 7 ünvanda qeydiyyatda olan və yaşayan Şirzadova Şahnaz Zəfər qızı ərizə ilə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək, İslam Səfərli küçəsində fəaliyyət göstərən “Şah Dental” diş klinikasının stomatoloq həkimi Hikmət Bayramovdan şikayətlənib. Yazır ki, 15.07.2020-ci il tarixdə həmin klinikada dişlərini rentgen müayinəsi elətdirib və doktor Bayramovun təklifi ilə diş qapaqlarını sökdürüb. 2021-ci ilin Avqust ayının əvvəlində müalicə bitib. Müalicə aldığı müddətdə dişlərində kəsklin ağrılar baş verirmiş. Hətta ağrının şiddətindən huşdan getdiyi hallar da olurmuş. Qeyd edir ki, dişlərinə görə ümumilikdə 7000 (yeddi min) AZN pul ödəyib.
Ancaq implantlar qoyulandan sonra diş qapaqları yerindən atılıb, dişləri diş ətindən aralanıb. Hansı başqa stomatoloqa göstəribsə, deyiblər dişləri keyfiyyətsiz yığılıb, sökülüb yenidən yığılmalıdır: “Əgər biz dişləri söksək, dişləriniz sınacaq, sınandan sonra təzədən yığılması müəyyən vəsait tələb edir. Bu dişləri hansı həkimə düzəltdirmisinizsə, o da sökə bilər”.
Şahnaz xanım bildirir ki, dişlərinin dibində kista yaranıb, Hikmət həkim yaxşı müalicə etmədiyindən, təkrar ağrılar yaranıb. Şikayətçi onu da qeyd edir ki, iradlarını bildirmək üçün ailəvi dostu Vəkilova Zemfira xanımla birgə Hikmət Bayramovun yanına gedəndə nə qədər təəccüblü olsa da, həkim onu tanımadığını deyib və təhqiramiz ifadələr işlədib. Buna görə rəfiqələr Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq şikayət ediblər. Sonra da dəvət olunduqları 26-cı Polis Bölməsinə gedərək yazılı izahat veriblər. Lakin polis işçiləri onlara şifahi qaydada bildiriblər ki, məsələnin araşdırılması üçün prokurorluğa müraciət etsinlər. Bundan sonra Ş.Şirzadova rəsmi qaydada prokurorluğa müraciət edib. Prokurorluğun müstəntiqi Səyyad Abbasov şikayətçidən sübut istəyib. Şahnaz xanım həkimlə vatsap yazışmalarını skrin eləyib müstəntiqə göndərib. Bundan sonra müstəntiq ona məhkəmnəyə müraciət etməyi tövsiyə edib və bu qərarını işdə ölüm – itim olmaması ilə “əsaslandırıb”.
Ş.Şirzadovanın üz tutduğu Səhiyyə Nazirliyindən isə Aqşin Abbasov adlı məsul işçi ona məhkəmənin yolunu göstərib və bildirib ki, Nazirlik yalnız stomatoloqun lisenziyasının, cərrahlıq etməyə icazəsinin olub-olmadığını yoxlaya bilər, başqa heç nə. İşin qəliz tərəfi həm də ondan ibarətdir ki, Ş.Şirzadova həkimə pulu nağd şəkildə, özü də tam həcmdə birdəfəlik deyil, hissə-hissə ödəyib. Qəbz istəyində isə həkim verməyib. Ona görə də başqa sübutların kifayət etməyəcəyi təqdirdə vatsap yazışmalarının detallı araşdırılması, üstəgəl, növbəti həkim (həkim ekspert komissiyası) müayinəsi ilə doktor Bayramovun işinin rəsmən qiymətləndirilməsi vacib əhəmiyyət kəsb edir.
Mövzuya qayıdacağıq.
Xuraman Əhlimanqızı.