Ağdam rayonunda qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yeni Yaşayış massivində yaşayan Xəlilova Bəsti Bayram qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək, həyat yoldaşı Əliyev Habil Rəhbər oğlunun 17 oktyabr 2025-ci il tarixdə Ağdam polisi tərəfindən həbs olunduğunu xatırlatmışdır. Bildirir ki, ərinin həbsinə səbəb olan faktla bağlı araşdırmanın aparılması rayon polis şöbəsinin rəisi tərəfindən şöbənin Xanlar adlı əməkdaşına tapşırılmışdır. Ərizə müəllifi qeyd edir ki, polis təhqiqatçısı Xanlar materialı icraata qəbul etdikdən sonra ailənin kürəkəni Aslanzadə Yadigar Şiraslan oğlu Habilin işi ilə maraqlanmaq üçün polis şöbəsinə gedərək təhqiqatçı ilə görüşmüşdür: “Xanlar kürəkənimə demişdir ki, burada təhqiqat bitəndən sonra bu iş Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinə gedəcək. Lakin hal-hazırda Habilin azad olunması üçün 7000 (yeddi min) manat pul verməlisiz ki, açım buraxım və həbs olunmadan istintaq aparım. Kürəkənim Yadigar o qədər pulumuzun olmadığını deyəndə Xanlar 5000 (beş min) manata razılaşdı. Oğlum Anarın “Mersedes – 190” markalı maşınını ucuz qiymətə sataraq 5000 manat pulu Yadigara verdik, o da həmin pulu aparıb Xanlara verdi. Dərhal Xanlar yoldaşımı istintaq bitənə kimi zaminə buraxdı. İki gün sonra Xanlar yoldaşıma zəng vuraraq şöbəyə çağırdı. Kürəkənim də Habillə birlikdə Ağdam polis şöbəsinə getdilər. Orada Xanlar həyat yoldaşıma deyib ki, “Gəncə Ağır Cinayətlər Məhkəməsində adam tapmışam, indi zəng vurub onunla danışacam”. Həmin vaxt Xanlar Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun köməkçisi Tural Qasımova zəng vurub və ona deyib ki, “məhkəməyə Əliyev Habil Rəhbər oğlunun cinayət işi gələcək, həmin cinayət işini sən götür, bunlar mənim yaxınlarımdır. Onu sənin yanına göndərəcəm, arxayın, çəkinmədən danışıb pulunu alarsan və kişini qandal verərək buraxarsan, buna mən cavabdehəm”. Sonradan Xanlar iş otağında həyat yoldaşım və kürəkənimlə xeyli söhbət edərək deyib ki, “mən uzun müddətdir Turalı tanıyıram, onunla çox işlər görmüşəm, heç nədən narahat olmayın, mən Turala görə başımla cavabdehəm”. Bundan sonra biz ayrılıb evə gəldik. Təxminən üç ay sonra Xanlar kürəkənim Yadigara zəng vurub bildirmişdir ki, “artıq iş Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsindədir, tam arxayın get Turalın yanına, məsələni həll elə”. Təxminən on gün keçdikdən sonra Tural 070 5222364 və 050 3876692 nömrəylə zəng vuraraq kürəkənim Yadigarı Gəncəyə çağırıb və bu işin həll olunması üçün 10000 (on min) manat pul istəyib. Lakin 8500 (səkkiz min beş yüz) manatla razılaşıblar. Ona görə də həyətdə olan 5 baş iribuynuzlu mal-qaranı dəyər-dəyməzə satıb və bankdan 5000 (beş min) manat pul götürərək həyat yoldaşımla, kürəkənim Yadigarla birlikdə Gəncə şəhərinə gedib Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında giriş qapısının koridorunda 7000 (yeddi min) manat pulu Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudovun köməkçisi Tural Qasımova vermişdir. Sonradan tanışlıq məhkəməsi olan günü hakim Faiq Mahmudovun köməkçisi Tural Qasımova 1500 (bir min beş yüz) manat məhkəmənin inzibati binasında vermişdir. Bütün bunlara baxmayaraq, Tural Qasımov məhkəmənin günü təyin olunanda hər dəfə kürəkənimə zəng vuraraq demişdir ki, “nə vaxt çağırsalar, ona baxmayaraq mən özüm nə zaman məsləhət bilsəm, sizə xəbər edəcəm, onda gedərsiz”. Bununla əlaqədar dəfələrlə həyat yoldaşım məhkəmə iclaslarına getməmiş, lakin axırıncı dəfə 17 mart 2026-cı tarixdə hakim dəyişilərək Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinin hakimi Bəhruz Müslümov iclası apararaq həyat yoldaşıma 3 il 11 ay 28 gün iş oxudu və məhkəmə zalından Əliyev Habili həbs etdi. Sonra Yadigar Turallla əlaqə saxladı. Tural isə Yadigara deyib ki, Apellyasiya məhkəməsinə müraciət etsin, oradan işini qurtaracam. Lakin Tural heç bir köməklik etmədiyi üçün mən kürəkənimdən tələb etdim ki, bir halda ki, mənim həyat yoldaşım həbs olunub, Turala verdiyi pulu qaytarsın. Yadigar Turala dəfələrlə zəng edib pulu istədikdə, Tural pulu qaytarmaqdan imtina edərək bildirmişdir ki, “mən ayda 100-150 (yüz, yüz əlli) manat pul ödəyə bilərəm, çünki sizdən aldığım pulu hakimlərə vermişəm, onlarsa pulu qaytarmırlar”. Bu vaxt kürəkənim şikayət olunacağını buldirmiş, Tural isə cavabında demişdir ki, əgər məndən şikayət etsəniz, heç 20 qəpik də verməyəcəm”.
Bəsti Xəlilova sonda redaksiyadan xahiş etmişdir ki, vəzifəli şəxslər Tural və Xanlar tərəfindən ailəsinin başına gətirilən bu işlər mediada ictimailəşdirilsin və toplanmış materialın qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilməsinə köməklik göstərilsin.
Güloğlan Pəlioğlu, hüquqşünas