KORRUPSİYA-Q.AZ
-----------------
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində “Açıq qapı” formatında növbəti, sayca 5-ci görüş "Ülfət" Əlillərin Sosial Problemlərinin həllinə Yardım İctimai Birliyinin nümayəndələri ilə keçirilib.
Görüşdə Prezident İlham Əliyevin həssas qruplardan olan vətəndaşlara xüsusi qayğısından, həmin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan bəhs olunub.
Fondun şöbə müdiri Firdovsi Bədəlov dövlət başçısının imzaladığı sərəncam və fərmanlar nəticəsində cari ilin ötən dövründə minimum əməkhaqqının, pensiyanın minimum məbləğinin, sosial müavinət və təqaüdlərin əhəmiyyətli dərəcədə artırıldığını vurğulayıb, qeyd olunan artımlar barədə ətraflı məlumat verib. Pensiya təyinatlarının elektron qaydada həyata keçirildiyi, bu cür proaktiv xidmətlərin sosial təminat sisteminin bütün sahələrini əhatə edəcəyi bildirilib. Əmək, məşğulluq, sosial təminat sahələrində innovativ yanaşmaların tətbiqi və şəffaflığın təminatı, vətəndaş məmnunluğuna nail olunması üçün aparılan islahatlar diqqətə çatdırılıb. Şöbə müdiri bildirib ki, 2019-cu ilin birinci rübü ərzində aktiv məşğulluq üçün ölkə üzrə 7000, Sumqayıt şəhəri üzrə 350 ailəyə 5000 manatadək vəsait ayrılıb, bu gün Sumqayıtda 2700 ailə ünvanlı sosial yardımdan yararlanır. İmtiyazlı vətəndaşların məşğulluğunun təminatı məsələlərinə toxunan Firdovsi Bədəlov qeyd edib ki, ƏƏSMN ilə SOCAR Polimer Zavodu arasında bu sahədə peşə hazırlığı kurslarının təşkili barədə razılıq əldə olunub.
Görüşdə iştirak edən qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ölkəmizdə sosial sahədə aparılan islahatlardan, əhalinin rifah halının yaxşılaşdırılması üçün atılan addımlardan razılıqla bəhs edərək, sosial müdafiə sahəsinə göstərilən xüsusi qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Görüşdə Sumqayıt şəhərində həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparılıb. QHT-lərin qaldırdıqları məsələlər də müzakirə olunub, bu məsələlərin həlli sahəsində qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görüləcəyi bildirilib.
Maraqlı təkliflər səsləndirilib. Sumqayıt şəhər sakini Ceyhun Dadaşov təklif edib ki, mənzil növbəsi gözləyən ümumi əlillər növbələrinin nə vaxt çatması məsələsində qeyri-müəyyənliklə üzləşdiklərindən bu məsələ tənzimlənməlidir. Məsələn, təsbit olunmalıdır ki, tutaq ki, 10 müharibə əlili evlə və ya avtomobillə təmin olunanda 11-ci mənzil, yaxud, maşın ümumi əliliyi olana verilməlidir. C.Dadaşov həmçinin bildirdi ki, bir çox əlillər onlar üçün tanınmış imtiyazlardan yararlanmaq üçün yetəcək qədər hüquqi savada malik deyillər, bu üzdən onların arasında hüquqi maarifləndirmə işləri aparılmalıdır.
Sonra təklif səsləndi ki, 1994-cü ildə Bakı Metropolitenində törədilmiş terror aktı zamanı zərər çəkmiş, sağlamlığını itirmiş vətəndaşların da problemləri diqqət mərkəzində saxlanılmalıdır.
Görüşdə iştirak edən KİV nümayəndələrindən "Korrupsiya və Qanun" qəzetinin baş redaktoru Xuraman Quliyeva çıxışında qeyd etdi ki, rəhbərlik etdiyi qəzet sosial müdafiəyə ehtiyacı olan şəxslərin qayğılarını daim diqqət mərkəzində saxlayır, həmin problemləri ictimailəşdirir, həllinə nail olmaq üçün aidiyyati orqanlar qarşısında məsələ qaldırır. Baş redaktor bildirdi ki, bu sahədə ən ciddi narazılıqlar yerli rayon, şəhər icra hakimiyyətlərinin həssas kateqoriyadan olan insanların müraciətlərinə qeyri-həssas yanaşmaları, ələlxüsus da mənzil növbəsində olan şəhid ailələrinə, əlillərə münasibətdə ayrı-seçkiliyə yol vermələri, növbəli ardıcıllığı əks etdirən siyahının əlçatan informasiya resurslarına yerləşdirilməməsi səbəbindən baş verir: "Şahidi olmuşuq ki, sosial müdafiəyə ehtiyacı olan, uzun illər boyu hökumət strukturlarının qapısını döyən, yardım əvəzinə yalnız boş vədlər görən vətəndaş məşəqqətli həyata dözməyib dünyasını dəyişib. Olub ki, maddi vəziyyəti acınacaqlı olan şəxsdən ötrü yaşadığı rayonun icra hakimiyyətinə müraciət etmişik, icra hakimiyyəti isə ona vur-tut iyirmi manat birdəfəlik yardım göstərib, bununla da işini bitmiş hesab edib. Buna nə ad vermək olar?"
Qeyd edək ki, DSMF Sumqayıt şəhər Şöbəsində hər həftənin cümə günü vətəndaş cəmiyyətləri ilə "Açıq qapı" formatında görüşlərin keçirilməsi artıq gözəl bir ənənəyə çevrilib. Bundan başqa, Şöbədə hər müfəttişin kabinetinin qapısına elan vurularaq vətəndaşların nəzərinə çatdırılıb ki, korrupsiya hüquqpozmaları ilə rastlaşdıqları təqdirdə mütləq müdiriyyətə və yuxarı orqanlara xəbər versinlər. Şəffaflığın təmininə xidmət edən bu təcrübənin yayılması tövsiyə olunmalıdır.
"Korrupsiya və Qanun"
-------------------------------------------------------------------------------------------------
4.
TANINMIŞ XANIM VƏKİL ÖLDÜRÜLMÜŞ ELŞƏN MƏMMƏDOVUN HƏYAT YOLDAŞINA NİYƏ "TƏMƏNNASIZ" KÖMƏKLİK GÖSTƏRİR?
- TƏRANƏ ƏLİYEVANIN SUBORDİNASİYA VƏ PEŞƏ ETİKASI QAYDALARINI POZMAQ SİNDROMU İRSİDİR?
Məlum olduğu kimi, valideynlərin başına gələn hadisələr övladların yaddaşında silinməz izlər buraxır, bəzən hətta komplekslər yaradaraq onların xasiyyətlərində müsbət və ya mənfi cizgilər formalaşdırır. Həmin hadisələr ictimai əhəmiyyət daşıyırsa, eşitmək istəyib-istəmədiklərindən asılı olmayaraq zaman-zaman gündəmə gətirilərək övladlara xatırladılır. Bu xatirələr hərdən övladların hərəkətləri üçün motivasiya təşkil edir. Məsələn, qəhrəmanın övladı həyatda alnı açıq, üzü ağ gəzməyə, məğrur olmağa, müəllimin övladı oxumağa bir növ borclu düşür.
Tanınmış vəkil Təranə Əliyeva da mərhum atası Telman Əliyev barədə bəzi xatirələrin yada salınmasını istəmir. Ələlxüsus da, özü ilə münasibəti yaxşı olmayan şəxslərin dilindən səslənəndə.
Rəhmətlik Telman Əliyev sovet dönəmində 11 il Azərbaycan SSR daxili işlər nazirinin müavini olub. Məlumata görə, Sov.İKP MK-nın birinci katibi Brejnevin qızı və yeznəsi ilə dostluq edib. Onları Bakıya qonaq çağıraraq Mərdəkanda istirahət etmələrini təşkil edib. Lakin bu barədə daxili işlər nazirini və Azərbaycan SSR KP MK-nın birinci katibini xəbərdar etməyib. Söz yayılıbmış ki, məhz bu hərəkəti (hərəkətsizliyi) ilə subordinasiya qaydalarını pozduğuna görə vəzifəsindən kənarlaşdırılıb. Bu məlumatı Telman Əliyevin rəhbərliyi altında işləmiş sabiq milis işçisi Valeri Tatarintsev ictimailəşdirib.
Kriminal aləmin mənsublarının hüquqlarının müdafiəsinə qalxan vəkillər barədə cəmiyyətdə ictimai rəy birmənalı deyildir. Lakin, əlbəttə ki, burada qanunsuz heç nə yoxdur və vəkilin öz seçimidir. Belə vəkillərdən biri də yuxarıda adını çəkdiyimiz keçmiş nazirin qızı Təranə Əliyevadır. Bu günlərdə redaksiyamıza onun barəsində şikayət xarakterli məktub daxil olub. Məktubun müəllifi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 48, mənzil 6 ünvanda yaşayan vətəndaş Qəribə Əjdər qızı Məmmədovadır.
Q.Məmmədova yazır ki, Təranə Əliyeva onun 2016-cı ildə Tiflis şəhərində öldürülmüş oğlu Elşən Məmmədovun ailəsini dağıdıb, Elşənin həyat yoldaşı Ülkər Rzayevaya məkrli məqsədlə himayədarlıq edir, onu dilə tutaraq 4 azyaşlı uşağı ilə birlikdə gəlini olduğu evi tərk etməyə, sonra isə məhkəmədə mülki iddia ilə mənzil və qızıl tələbi irəli sürməyə təhrik edib. Şikayətçinin sözlərinə görə, Təranə Əliyeva Suraxanı rayon məhkəməsinin 6 iyun tarixli iclasına gələrək tələb edib ki, mərhumun qardaşı Əjdərə məxsus olan ev də alınaraq Ülkər Rzayevaya verilməlidir.
Qeyd edək ki, Q.Məmmədova ərizə ilə Daxili İşlər Nazirliyinə də müraciət edib və hazırda həmin iş üzrə Bakı şəhər Polis İdarəsinin İstintaq Təhqiqat İdarəsində araşdırma aparılır. O da məlumdur ki, Təranə Əliyeva bu məsələ ilə əlaqədar sosial şəbəkədə və bəzi elektron KİV-də açıqlamalar verib. Məsələn, Lent.az saytına verdiyi informasiyada Q.Məmmədovanın yuxarı instansiyalara yazdığı şikayətnamələrdə onun atasının keçmiş nazir müavini olması barədə xatırlatdığı üçün irad tutub, bu məsələlərin bir-birinə aidiyyəti olmadığını deyib.
Doğrudur, bu məsələlərin hüquq müstəvisində bir-birinə aidiyyəti yoxdur. Amma Təranə Əliyeva özü də bu məsələlərə aydınlıq gətirərkən kriminal aləmin mənsublarına vəkil kimi funksional vəzifələrinə aid olmayan, yəni, əlavə qeyri-prosessual xidmətlər göstərdiyini etiraf edib. Q.Məmmədova ilə tanışlıqlarının tarixçəsini danışarkən Lent.az saytına deyib ki, Elşəni 2005-ci ildən vəkili olduğu kriminal "avtoritet"in dostu kimi tanıyıb, sonra da onun ailəsi ilə tanış olub: "Elşənin uşaqlarının ad günü olanda xahiş edib mənə pul verirdilər ki, onun uşaqlarını gedib təbrik edim. Mən də həmişə anası Qəribə ilə görüşüb pulu ona verirdim..."
Göründüyü kimi, T.Əliyeva müvəkkili olduğu şəxsə təkcə vəkillik deyil, həm də "təmənnasız" kuryerlik xidməti göstərirmiş. Necə ki, Ülkər Rzayevaya "heç nə ummadan" köməklik göstərir. Başqa sözlə, öz peşə fəaliyyətinin sərhədlərini aşan vəkil indi özgələrinin sözlərinə sərhəd cızır. Onun bu "təmənnasızlığının" əsl səbəbini öyrənməyə çalışırıq.
Mövzuya qayıdacağıq.
---------------------------------------------------------------------------------------------------------------------
5.
"NİKOYLBANK"IN REKETLƏRİNİN ƏMƏLİNƏ HÜQUQİ QİYMƏT VERİLMƏLİDİR -
DOLLAR KREDİTLƏRİNƏ GÖRƏ KOMPENSASİYA DARTIŞMALARI BANKIN FƏALİYYƏTİNDƏ DEBİTORLARA MÜNASİBƏTDƏ DİGƏR HÜQUQPOZMALARA DA YOL VERİLDİYİNİ ÜZƏ ÇIXARIB
Azərbaycan Prezidentinin dollar kreditlərinə görə kompensasiyaları nəzərdə tutan sərəncamı həm borc məngənəsində sıxılan vətəndaşlar, həm də kreditorlar tərəfindən böyük məmnunluqla qarşılandı. Bu sərəncam bir tərəfdən onu göstərdi ki, dövlət başçısı Azərbaycan vətəndaşının sosial rifahı ilə qayğılanır, digər tərəfdən onların hüquqlarının qorunması məsələsini diqqət mərkəzində saxlayır.
Həqiqətən də kreditorlar borcu bəhanə edərək vətəndaşları incidir, onların üzərinə əlavə şişirdilmiş faizlər yükləyirdilər. Ona görə də məlum sərəncam həm sosial, həm də hüquqi əhəmiyyət daşıyır desək, yanılmarıq. Təsadüfi deyil ki, kompensasiya məsələsi bankların fəaliyyətində müştərilərə münasibətdə bir sıra başqa hüquqpozmaları, qanunsuzluqları da üzə çıxarmaqdadır.
Redaksiyamıza Bakı şəhəri Nizami rayonu Rüstəmov küçəsi ev 19 mənzil 9 ünvanda qeydiyyatda olan, hazırda Nəsirəddin Tusi küçəsi 2942 Q, mənzil 204 ünvanda yaşayan Süleymanov Taleh Hidayət oğlunun ərizəsi daxil olmuşdur. T.Süleymanov yazır ki, 30.05.2013-cü il tarixdə Badamdar qəsəbəsindəki avtomobil bazarında satışa çıxarılmış 99 EL 260 dövlət nömrə nişanlı avtomobili bəyənmişdir. Avtomobili satan Abbasov Fəraiz Razi oğlu və həmin vaxt onun yanında olan , sonradan bank işçisi olduğu məlum olmuş bir nəfər T.Süleymanova bildirmişlər ki, avtomobil əmlak kimi bankın sərəncamındadır. Müştəriyə təklif olunmuşdur ki, əvvəlcədən 3000 manat ödəniş etsin, sonrakı 36 ay ərzində ayda 335, 40 dollar ödəniş etməklə borcu bağlaya bilər. Razılığa gələrək bazarın yaxınlığında yerləşən notariat kontoruna getmiş, F.Abbasovun adından T.Süleymanovun adına iki il yeddi ay iyirmi doqquz gün müddətinə etibarnamə rəsmiləşdirmişlər.
T.Süleymanov bildirir ki, 28.06.2013-cü il tarixdən etibarən avtomobilə görə aylıq ödənişi keçirməyə başlamış, lakin hərdən ödənişdə gecikmələri olmuşdur.
Yazır ki, 02.10.2015-ci il tarixdə Babək prospektində maşını idarə etdiyi vaxt bir başqa maşın qarşısına keçib onu saxlatdırmışdır. Maşından düşüb onların "NikoilBank"ın Badamdar qəsəbəsindəki filialının müdiri Emin Axundovun işçiləri olduğunu öyrənmişdir. Onlardan əllərində məhkəmə qərarının olub-olmadığını soruşmuşdur. T.Süleymanov yazır ki, hadisə yerində bankın problemli kreditlər üzrə ekspert-mütəxəssisi kimi təqdim olunan Qasımov Zahid Nahid oğlu ona belə cavab vermişdir: "Bizdə məhkəmə də, prokuror da Emin Axundovdur. Hər dəfə borclu maşını tapıb aparanda bizə 100 dollar mükafat verir. Sən bu akta qol çəkməlisən".
T.Süleymanov bildirir ki, aktı imzalamaqdan imtina etsə də, ona fiziki güc tətbiq edərək, qol çəkdirmiş və avtomobili əlindən alaraq aparmışlar. Sonra F.Abbasovdan öyrənmişdir ki, üç nəfər bank işçisi Fəraizin yaşadığı ünvana gedərək onu avtomobildən ötrü notarial qaydada özlərinə sərf edən başqa şəxsin adına etibarnamə verməyə məcbur etmişlər.
T.Süleymanov ərizəsində bildirir ki, o vaxta qədər avtomobil üçün ödədiyi 9542 dollar pulun itməməsi üçün özünə vəkil tutmuş, lakin hüquq müdafiəçisi seçimində də aldanmışdır. Vəkilin bankla əlbir olmasından şübhələndiyi üçün aralarında mübahisə yaranmış, insident polisdə qeydə alınmışdır. Növbəti dəfə banka gedəndə ona 500 manat məbləğində bir, 700 manat məbləğində ikinci ödəniş etməsini tələb etmişlər. O ödənişləri etmiş, lakin ona heç bir qəbz verilməmişdir. Savadsızlığından istifadə edib yeni bir sənədə qol çəkdirmişlər. Bu dəfə 90 PL 652 nömrə nişanının ona verildiyini, maşını Ayna Sultanova heykəli yaxınlığında yerləşən "Tom - Cerri" təmir sexindən götürə biləcəyini demişlər. İzah etmişlər ki, maşını başqasına satıblarmış, həmin şəxs maşını əzdiyi üçün indi təmirdədir. Ondan aldıqları 700 manat da usta puludur. Məlum olub ki, avtomobili 06.05.2016-cı il tarixdə 709 saylı müqavilə ilə lizinqə salıblar.
Dərd gələndə batmannan gəlir. Bütün bunlar azmış kimi, T.Süleymanovun başına başqa qəza gəlib. Ərizədən oxuyuruq: "Həmin avtomobili 9269,20 manata yenidən lizinqlə mənə satdılar. Yenidən 4 ay ödəniş etdim. 22.03.2017-ci il tarixdə ikinci mərtəbədən yıxıldım, sağ bud sümüyüm sındı. İş qabiliyyətimi müvəqqəti itirdim. İl yarım əsa ilə gəzdim. Artıq ödəniş edə bilmədiyi üçün yuxarı instansiyalara yazdığı müraciətnamələr yazmağa məcbur olmuş, düşdüyü vəziyyətə görə köməklik göstərilməsini xahiş etmişdir.
Bir müddət sonra bankın filial direktoru E.Axundov T.Süleymanovu yanına çağıraraq onun banka olan 3500 manat borcunu sildiyini, adına yeni cədvəl açdığını bildirmişdir. Sonra məlum olmuşdur ki, direktor siləcəyini vəd etdiyi məbləği yeni açdığı cədvələ əlavə etmişdir.
"Əslində mənə verilən birinci lizinq müqaviləsinin vaxtı 31.05.2019-cu il tarixdə bitib. Həmin müqaviləyə əsasən mən "Mersedes Benz C 220 CDİ" markalı (bank nömrəsi: VVDB 2021331 F97 5019), 2000-ci il buraxılışlı, tünd göy metallik rəngli avtobobil üçün ilkin olaraq 3000 AZN, sonradan 9542 USD, daha sonra 2240 (500+700+1040) AZN ödəmişəm. İkinci lizinq müqaviləsi üzrə 6184 AZN vermişəm. Onu da qeyd edim ki, mənə verilən ilk iki lizinq müqaviləsinin bağlanılma !qüvvəyə minmə) tarixi eynidir. Halbuki, birinci müqaviləyə 2016-cı ildə, ikinciyə 2017-ci ildə imza atmışam. Beləliklə, 30.05.2013-cü il tarixdən 25.05.2019-cu il tarixədək 19 ilin avtomobili üçün məndən 27645,40 AZN alınmış, hələ bundan sonra da 3640 manat ödəməyim tələb olunur. E.Axundov əmək qabiliyyətini itirmiş adama bu qədər haqsızlıq edirsə, görəsən, sağlam borclulara necə divan tutur!"
Ərizə müəllifi yazır ki, problemli dollar kreditlərinə görə kompensasiya nəzərdə tutan Prezident sərəncamı qüvvəyə minəndən sonra banka gedərək tanıdığı Natiq adlı bank işçisindən ona nə qədər kompenasiya düşdüyünü öyrənmək istəmiş, lakin ikinci onu qovmuşdur. Sonra öyrənmişdir ki, 30 may 2013-cü il tarixli birinci müqavilə üzrə ödənişi o həyata keçirərək borcu bağladığı halda, hesablanılmış 3463,09 AZN məbləğdə kompensasiya ona deyil, Abbasov Fəraiz Razi oğluna şamil olunmuş, məhz ikincinin banka olan borcu bağlanmış, üstəlik, 9777, 06 AZN nağd pul almışdır. Həmin nağd pulu Fəraiz Abbasov Taleh Süleymanova vermişdir. Taleh ona təklif etmişdir ki, banka gedib sənədləri, o cümlədən alınan kompensasiya sənədlərini onun adına keçirsinlər. Lakin Fəraiz buna razı olmamışdır.
T.Süleymanov redaksiyadan xahiş edir ki, məsələ KİV-də ictimailəşdirilsin, bankın fəaliyyətindəki qanunsuz əməllər ifşa olunsun. Ümid edir ki, aidiyyəti orqanlar bu məsələ ilə məşğul olub ədalətli qərar versələr, o, artıq ödədiyi pulları geri ala, avtomobili öz mülkiyyətinə keçirə biləcək.
Ərizə müəllifi redaksiyaya bir sıra sənəd surətlərini - "Nikoyl İKB" ASC-nin 6 saylı filialı ilə bağladığı kredit-ipoteka müqavilələri, ödəniş cədvəllərini, ödəniş qəbzlərini, yazışmaları təqdim etmişdir. Ərizəyə qoşma edilmiş həmin sənədlər arasında Nəsimi rayon prokurorluğunun vətəndaş T.Süleymanova cavab məktubu da vardır. Rayon prokurorluğu vətəndaşa pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsi üçün mülki iddia ilə məhkəməyə müraciət etməyi məsləhət görmüş, təəssüf ki, avtomobilin onun əlindən döyülərək zorla alınması faktına hüquqi qiymət verməmişdir. Belə görünür ki, NikoylBankın qarşısında vəkil də, prokuror da aciz durumdadır. Yalnız ona görə ki, bankın pulu var? - Başqa cür izah edə bilmirik!
"Korrupsiya və Qanun"
---------------------------------------------------------------------------------------------------------------------------
6.
ÖLÜMÜNDƏN SONRA PENSİYA HESABINDAN PUL SİLİNİB
Az qala bütün ömrü boyu rüşvətxor məmurlara, ədalətsiz hakimlərə, süründürməçi bürokratlara qarşı mübarizə aparmış, şərə-böhtana məruz qalaraq məhbəsə düşəndən sonra da azafdlıqsevər əqidəsindən dönməmiş, qələmə sarılıb cəmiyyətin mənfi ünsürləriylə döyüşmüş, Məhəmməd Gəncəvi təxəllüsü ilə imza atdığı tənqidi məqalələri ilə "Korrupsiya və Qanun" qəzetinin də oxucularının rəğbətini qazanmış Mirzəyev Məhəmməd Qalamirzə oğlu Bakıda kirayə yaşadığı Yeni Ysamal - 3 massivindəki 235 saylı ünvandakı mənzildə dünyasını dəyişdi. Mərhumun cəsədi martın 5-də aşkarlanıb. Hadisədən xəbər tutan qohumları meyiti morqdan götürüblər. Ölümün səbəbi axıradək dəqiq bilinməsə də, Məhəmməd kişinin məhz yuxarıda təsvir etdiyimiz xarakterinə görə məsələni ciddi araşdırmağa dəyərdi...
Rəhmətlik Məhəmməd müəllimin bacısı Şövkət xanımın redaksiyamıza verdiyi məlumata görə, ölümü müşayiət edən ikinci qaranlıq məqam isə dəfn pulunu almaq üçün müraciət etdikləri DSMF Şöbəsində aşkarlanmış faktdır. Şöbədən öyrəniblər ki, Mirzəyev Məhəmməd Qalamirzə oğlunun pensiya hesabından mart ayında almalı olduğu ikiqat pensiya məbləği silinib. Şövkət xanım onu da bildirdi ki, müəyyən səbəbdən qardaşı xeyli müddət pensiya almayıb. Ona görə də son aylar Fondun ona əvvəlki borclarının da bağlanması üçün hər ay iki aylıq pensiya məbləğini alırmış. Mart ayı üçün hesablanmış məbləğ də əvvəlki aylarda olduğu kimi, ayın ortalarında, yəni, təqvimin 10-cu və 20-ci günləri arasında hesabına yatırılmalı imiş. Belə olan halda, pensiya vəsaitinin "yoxa çıxma" səbəbini hüquq-mühafizə orqanları araşdırmalıdırlar ki, ölünün pulunu yeyən tapılsın.
Mövzuya qayldacağıq.