Azərbaycan İdeyası

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər Bölməsinin fəaliyyəti alqışa layiqdir

Tarix:4-07-2018, 15:18
Baxış Sayı:353

-------------------------------------------------------------------------------------
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada fəaliyyət göstərən və dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. Cəmiyyət dünyanın ən nəhəng humanitar qurumu olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ayrılmaz üzvüdür.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci il mart ayının 10-da təsis edilmişdir. Milli Cəmiyyət müsəlman şərqində ilk Demokratik Respublika olan Azərbaycan Cümhuriyyətinin (1918-1920) varislərindən sayılır. Milli Cəmiyyətin yaradılmasının təşəbbüskarı Azərbaycan Demokratik Cümhuriyyətinin hərbiyyə (müdafiə) naziri əvəzi, məşhur tarixi şəxsiyyət, General-Leytenant Əliağa Şıxlinski olmuşdur.
1920-ci ilin məlum aprel hadisələrindən sonra (Azərbaycan Demokratik Cümhuriyyətinin Sovet ordusu tərəfindən işğalı) bolşeviklərin lideri Vladimir İliç Leninin müvafiq tapşırığı əsasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinə məxsus olan bütün əmlak ondan alınaraq dövlətə təhvil verilmişdir. 1922-ci ilədək Azərbaycanda formal olaraq Kuznetsov adlı bir şəxsin rəhbərliyi ilə Rusiya Qızıl Xaç Cəmiyyətinin nümayəndəliyi fəaliyyət göstərmişdir. 1922-ci ilin oktyabr ayında Azərbaycan Sovet Respublikasının Xalq Komissarları Şurasının qərarı ilə yenidən Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Hilal Əhmər) yaradılmışdır. Kuznetsova isə bu Cəmiyyətə nəzarət etmək tapşırılmışdır. Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1925-1991-ci illər ərzində Ümumittifaq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyinin üzvü kimi humanitar fəaliyyətini davam etdirmişdir.
1991-ci ildə Sovetlər Birliyi dağıdıldıqdan sonra yenidən müstəqiliyə qovuşan Azərbaycan Respublikası özünün Milli Qızıl Aypara Cəmiyyətinə də Beynəlxalq Standartlara uyğun şəkildə müstəqillik vermişdir. Hələ 1992-ci ildə Xocalı Soyqırımından dərhal sonra Beynəlxalq Qızıl Xaç Komitəsi özünün mandatına uyğun olaraq Azərbaycana gəlmiş və burada nümayəndəliyini yaratmış, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə tərəfdaş qismində humanitar fəaliyyətlər həyata keçirməyə başlamışdır. 1992-1995-ci illər ərzində Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsi ilə 600-dək vətəndaşımız erməni əsirliyindən azad edilib vətənlərinə qaytarıldı. Bu proses bu günədək də davam edir. Məlum müharibə Ermənistan Respublikasında tarixi torpaqlarında yaşayan 300 minədək soydaşımızın oradan qovulması ilə qaçqın və işğal olunmuş 20 % Azərbaycan torpaqlarından 700 minədək vətəndaşımızın köçürülməsi ilə məcburi köçkün statusunu almışdır. Bu çətin anlarda İran və Türkiyə Qızıl Aypara Cəmiyyətlərinin Azərbaycan Qızıl Aypara Cəmiyyətinə və ümumiyyətlə Azərbaycan Dövlətinə dəstəyi böyük olmuşdur. Digər ölkələrin də Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri də Azərbaycanın bu dar günündə öz yaxın dəstəyini vermişdir. İran və Türkiyə Milli Qızıl Aypara Cəmiyyətləri sayı 100 minlərlə ölçülən qaçqın və məcburi köçkünlərimizə sığınacaq olaraq çadır şəhərcikləri yaratmış və vətəndaşlarımızın gündəlik təlabatlarını ödəmişlər. Humanitar böhranın miqyasını görən Azərbaycan Qızıl Aypara Cəmiyyəti yardım üçün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına rəsmi müraciət etmişdir. Müraciətə 1994-cü ildə müsbət cavab gəlmişdir. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası Azərbaycanda nümayəndəliyini yaradaraq bütün qaçqın və məcburi köçkün şəhərciklərinin idarəolunması və təmin olunması işini öz üzrəinə götürmüşdür. Sözsüz ki, o uzun və keşməkeşli illər ərzində burada Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də rolu əvəzolunmaz olmuşdur.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən müstəqil, neytral və qərəzsiz təşkilat kimi rəsmən tanınması, həmçinin Milli Cəmiyyətimizin Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyasının daimi bərabərhüquqlu üzvü olması üçün dövlətin özünün təşkilatı rəsmən tanıması lazım idi. Bu niyyətlə də 1994-cü il 25 noyabr tarixində Azərbaycan Respublikası Milli Məclisinin 926 nömrəli qərarı qəbul edildi. Bu qərara əsasən Azərbaycan Respublikası özünün Milli Qızıl Aypara Cəmiyyətini ölkə ərazisində fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına aid olan yeganə rəsmi humanitar qurum kimi tanımışdır. Bu qərardan sonra Milli Qızıl Aypara Cəmiyyətimiz öncə 1995-ci ilin noyabr ayının 1-də Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən rəsmən tanındı və elə həmin ayın 27-də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin bərabərhüquqlu üzvü seçildi.
1999-cu ildən bu günədək Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti hörmətli ziyalı, ictimai xadim, tanınmış bəstəkar, millət vəkili, fəlsəfə doktoru Novruz Aslanovdur.
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamı ilə hər ilin 10 mart tarixi Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 11 nəfər şəfqət bacısı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən ali medalı sayılan Florens Naytingeyl medalı ilə təltif olunmuşlar. Bunlar aşağıdakılardır:
Səriyyə Talışxanova (1979-cu ildə), Rəşidə Qasımzadə (1983-cü ildə), Qızbəs Əsədova (2005-ci ildə), Dürrə Məmmədova (2005-ci ildə), Firuzə Əliyeva (2005-ci ildə), Zəhra Məmmədova (2007-ci ildə), Səadət Məmmədova (2007-ci ildə),Lamara Axundova (2007-ci ildə), Gültəkin Qafarova-Əsgərzadə (2009-cu ildə), Umleyla Aslanova (2009-cu ildə) və Vəfa Əmirova (2011-ci ildə).
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakı şəhərində yerləşən Baş Qərargahdan, Gənclər komitəsindən, 7 Regional Mərkəzdən (Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Sabirabad, Lənkəran, Qarabağ), Naxçıvan Muxtar Respublikası Komitəsindən, 83 rayon bölməsi və iri dövlət müəssisələrində və təhsil ocaqlarında fəaliyyət göstərən bölmələrdən ibarətdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvlərinin sayı 300 mindən, könüllülərinin sayı 20 mindən çoxdur.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Hallara Hazırlıq və Cavabvermə, Sağlamlıq və Qayğı, Axtarış Xidməti, Gənclər və Könüllülər, Humanitar Yardım, Miqrasiya, İnformasiya və Beynəlxalq Əlaqələr, Gəlirgətirmə şöbələri, İlk Yardım, Beynəlxalq Humanitar Hüququn yayımı, İcmaların İnkişafı, Silahlara Qarşı Mübarizə sektorları fəaliyyət göstərir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsi təşklatın qabaqcıl struktur vahidlərindən biridir. Mətanət Məhərrəmovanın rəhbərlik etdiyi Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsi əlil uşaqların sosial inteqrasiyası, "Mərhəmətli olmağa tələsin!” layihələri, maarifləndirici seminar və təlimlər həyata keçirir. Bununla yanaşı fövqəladə hallara hazırlıq üzrə "Mobil dəstə”nin fəaliyyəti, humanitar yardımlar, qanvermə aksiyaları da bölmənin fəaliyyət istiqamətlərinə daxildir.Qızıl Aypara Cəmiyyətinin fəaliyyət istiqamətlərindən biri də fövqəladə hallara zamanı hadisə yerində olmaq və zərərçəkmiş insanlara yardım etməkdir.
Ünsiyyətdə olduğumuz Vəfa Mustafazadə bölmənin qabaqcıl əməkdaşlarındandır. Bizimlə söhbətində bildirdi ki, Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Hallara Hazırlıq üzrə Mobil dəstəsi Sumqayıt Regional Fövqəladə hallar və Mülki Müdafiə şöbəsinin il ərzində Sumqayıt şəhərində keçirdiyi bütün təlim məşqlərində iştirak edir. Mobil dəstənin funksiyası çadırların qurulması, şərti hadisə yerindən FHN-in əməkdaşlarının hadisə yerindən uzaqlaşdırdığı yaralılara ilk yardımın göstərilməsi və xərəklərlə təcili tibbi yardım maşınlarına çatdırılmasıdır.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi bəzi müəssisə və təşkilatların, eləcə də ayrı-ayrı xeyirxah şəxslərin köməkliyi ilə Ramazan bayramında iftar sufrələri, Novruz, Qurban bayramında, Ahıllar Günü və digər əlamətdar günlərdə humanitar aksiyalar təşkil edir, ianə edilən qurban ətləri və ərzaq bağlamalarını bölmənin qeydiyyatımızda olan ahıl, kimsəsiz insanlara paylayır.
Könüllüləri cəmiyyətin sütunu adlandıran Mətanət xanım qürurla qeyd edir ki, gənclərlə işləyən təşkilatlar arasında könüllü sayına görə QAC ən ön sıralarda olan cəmiyyətdir. Cəmiyyətin gördüyü işlər sosial şəbəkələrdə və KİV-də işıqlandırılır. Bölmə rəhbəri tədbirlərin, aksiyaların keçirilməsində könüllülərin əvəzsiz xidmətini vurğulayır. Aktiv könüllülər Cəmiyyət tərəfindən fəxri fərman, təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılır. 2 fevral - Azərbaycan Gənclər Günü, 12 avqust-Ümumdunya Gənclər günü və 5 dekabr - Könüllülər Günü münasibətilə bu tipli tədbirlər keçirilir. Gənclər və İdman Baş idarəsinin təşkil etdiyi yay düşərgələrində Cəmiyyətin aktiv könüllüləri də iştirak edir.

Mətanət Məhərrəmova deyir ki, Aypara Cəmiyyəti gənclər üçün bir həyat tramplinidir. Burada onlar cəmiyyətə faydalı vətəndaş olaraq yetişdirilir.
Sumqayıt Bölməsinin rəhbəri və mobil dəstə üzvləri Fövqəladə Fəlakətlərə hazırlıq və cavabvermə üzrə beynəlxalq seminarlarda Respublika Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyətinin tərkibində uğurla iştirak edir, başqa ölkələrin (Türkiyə, Avstriya və s.) müvafiq qurumları ilə qardaşlıq müqavilələri imzalayır, iş birliyi yaradır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO