Sadiq oxucular xatırlayarlar, bu ilin iyul ayında hepatit “B” virusu ilə bağlı qaraciyər serrozu və bununla əlaqədar orqan köçürülmüş xəstələr sırasından bir qrup vətəndaş – Məmmədova Təranə Sərdar qızı və qeyriləri (cəmi 16 imza) “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək bildirmişdilər ki, öz şəxsi vəsaitləri hesabına əldə etməli olduqları “İmmunoqlobulin” iynəsinin müəyyən səbəblərdən ölkəmizə idxalının dayandırılmasından şikayətləniblər.
Şikayətçilər bildirirdilər ki, bu iynəni vurdurmasalar, virusun orqanizmdə aktivləşməsi ehtimalı çoxalır, o üzdən təhlükə altındadırlar: “Öz vəsaitimiz hesabına o preparatı İrandan 300 manata, Türkiyədən 2000 manata tədarük edirdik. Lakin indi bu iynənin ölkəyə daxil olması dayandırılıb. Həmin iynəni pensiyamız hesabına, tanışların, qohumların köməkliyi ilə əldə edirdik. Dərmanların təcili əldə edilməsi və müalicəmizin davam etdirilməsi üçün bizə köməklik göstərilməsini xahiş edirik”.
Redaksiyaya verilən məlumatda həmçinin qeyd olunurdu ki, İranda həmin dərmanın 1 tabletini dövlət öz xəstə vətəndaşına rəsmi üsulla bizim məzənnə ilə 1, 5 - 2 manata verir. Açıq aptek satışında isə 6400000 (altı milyon dörd yüz min) İran tüməni ödəməklə almaq olar.
Şikayətlə əlaqədar redaksiya adından Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanova məktubla müraciət edərək, “Korrupsiya və Qanun” qəzetinin 31 iyul 2023-cü il tarixli 06(98) nömrəli nəşrində dərc olunmuş “İranda 2 manata olan immunoqlobin bizdə niyə 2000 manata satılır?” başlıqlı məqalədə ehtiva olunan məsələnin – adı çəkilən iynəyə ehtiyacı olan xəstələrin, tezliklə iynə ilə təmin olunmalarına köməklik göstərilməsini xahiş etdik.
TƏBİB-dən redaksiyamıza göndərilmiş 29 avqust 2023-cü il tarixli cavab məktubunda bildirilirdi ki, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tarif qiymətlərinin tənzimlənməsi və pərakəndə satışına nəzarət TƏBİB-in səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə Tarif Şurasına və Səhiyyə Nazirliyinə müraciət etməyimiz məqsədəuyğun hesab olunur.
Ardından Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzindən aldığımız 04 sentyabr 2023-cü il tarixli məktubda isə bildirilir ki, müraciətimizə Mərkəzin Əczaçılıq müfəttişliyi şöbəsində baxılıb. Məktubda sözügedən dərman vasitələrinin “Azərbaycan Respublikası dərman vasitələrinin Reyestrinə” daxil edildiyi, qiymətlərinin Tarif Şurası tərəfindən tənzimləndiyi və ölkə apteklərində satıldığı bildirilib: “Qiymətləri barəsində Tarif (qiymət) Şurasının elektron səhifəsində bütün məlumatlar yerləşdirilmişdir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, müraciətdə qaldırdığınız məsələnin obyektiv araşdırılması məqsədilə dərman vasitəsinin istehsalçı ölkəsini, dərman formasını və dozasının ətraflı və tam yazılması sizdən xahiş olunur”.
Beləliklə, bu iki məktubun heç birində məqaləmizin qayəsini təşkil edən və sərlövhəyə çıxardığımız suala cavab tapa bilmədik: “İranda 2 manata olan immunoqlobulin bizdə niyə 2000 manata satılır?”
Sonda onu da qeyd edək ki, Tarif Şurasının dərman vasitələri cədvəlinə baxıb immunoqlobulin iynəsinin qiymətlərinə göz atdıq. Maraqlıdır ki, siyahıda yalnız İsveçin “Oktafarma” şirkətinin istehsal etdiyi immunoqlobulin iynələri qeyd olunub. Qiymətləri isə həqiqətən dodaq uçuqladır. Təsəvvür edin, 1 qramlıq bir ampul 47.20 manata, 20 qramlıq 20 ədəd flakon isə 6498.67 manata!
Maraqlıdır, görəsən kim qərar verir ki, “immunoqlobulin” İrandan deyil, məhz İsveçdən alınmalıdır? Yaxud, həmin dərman vasitəsi İsveçin özündə neçəyədir?
N.Hümbətova