Son vaxtlar Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) ən çox məcburi köçkünlər tərəfindən zəbt olunmuş mənzillərin boşaldılması ilə bağlı məhkəmə qərarlarının icrası barədə şikayətlər göndərilib. İndiyədək Avropa Məhkəməsində evləri məcburi köçkünlər tərəfindən zəbt edilmiş onlarla nəfər Azərbaycan vətəndaşının mülkiyyət hüququnun pozulması ilə bağlı şikayətinə baxıb və bu müraciət əsasında Azərbaycan dövləti on minlərlə avro həcmində cərimə edib. Qeyd edək ki, «Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na edilmiş əlavələrə əsasən, mövcud problemin yaxın illər ərzində həllini tapması gözlənilir. Şəxsi mənzillərdə məskunlaşan köçkünlər üçün Bakı, Sumqayıt və Abşeronda hündürmərtəbəli binalar tikiləcək.
Ələt qəsəbəsi, ev-15, mənzil-55 ünvanda kirayə yaşayan Qulam Museyibovun da evi zəbt olunub.
"Mən 50 il müəllim işləmişəm. Hal-hazırda təqaüddəyəm. 1993-cü ildə növbə əsasında Bakı şəhəri, Yeni Yasamal-1, ev-9, mənzil-68 ünvanda mənzil almışam. Mənzili 02-07-1994-cü ildə özəlləşdirmişəm.
Həmin vaxtdan mənzili Şuşa qaçqınları zəbt edib. O vaxtdan bəzi müxtəlif təşkilatlara müraciət etməyimə baxmayaraq, mənzil boşalmadı. Yasamal rayon Xalq Məhkəməsi 26 iyun 1996-cı il tarixli 2-887 saylı qərarı ilə evin boşalması haqqında qərar qəbul etdi. Bu günə qədər qətnamə yerinə yetirilməyib.
Mən 11 nəfər ailə üzvlərimlə həmin mənzildə qeydiyyatdayam. Mənim iş yerim Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşdiyinə görə orada kirayə qalıram. Böyük oğlum 2002-ci ildə evlənib, 3 azyaşlı məktəbli uşağı var. Heç bir kommunal şəraiti olmayan barak evdə kirayə yaşayır. Kiçik olumun da 2 uşağı var. O da ailəsi ilə birlikdə kirayədə qaldığım 2 otaqlı mənzildə mənimlə yaşayır. Təqaüddə olduğuma görə kirayə haqqını çətinliklə verirəm. Artıq 22 ildir ki, biz özümüz qaçqın olmuşuq. 2012-ci ildə dövlət nümayəndələri televiziya ilə məlumat verdi ki, 2013-cü ilin axırına qədər vətəndaşların mənzilləri boşaldılacaq. 2014-cü ildə Qaçqınkomun nümayəndəsi elan verdi ki, vətəndaşların mənzilləri 2014-2016-cı illərdə növbə ilə boşaldılacaq. Artıq qaçqınlar üçün kifayət qədər mənzillər tikilib. Mənim artıq 73 yaşım var. Mən də istəyirəm ki, heç olmasa, 1 il də olsa, aldığım evimdə yaşayım.
Yaşamaq haqqında bizə şamil edilən konstitusiya hüququndan məhrum olmuşuq. Maraqlıdır ki, hazırda əvvəlcə tələbə yataqxanalarını boşaldırlar. Halbuki tələbə 4 il əziyyət çəkir, amma sonra rahat evinə qayıdır. Ancaq biz vətəndaşlar 22 ildir əziyyət çəkirik.
Dünya təcrübəsində qaçqınların vətəndaşların hesabına təminatına rast gəlməmişəm. Məncə əvvəlcə vətəndaşların evlərinin boşaldılması məqsədəuyğun olardı. Bizə göndərilən cavab məktublarından görünür ki, evlərin boşaldılması qeyri-müəyyən vaxta qalıb. Konkret hansı vaxta qaldığını demək istəmirlər"
Bütün vətəndaşlarının şəxsi mülkiyyətinin qorumasının dövlətin bilavasitə borcu olduğunu qeyd edən Q. Museyibov redaksiyanın köməyi ilə bu qəbildən olan mənzillərdən köçkünlərin nə vaxt çıxarılaçağını öyrənmək istəyir.
Bəs, görəsən, müharibə şəraitində yaşayan Azərbaycan barəsində Avropa Məhkəməsi səviyyəsində məcburi köçkünlər tərəfindən zəbt olunmuş mənzillərin boşaldılması ilə bağlı qərarın çıxarılması nə dərəcədə ədələtlidir? Ümumiyyətlə, bu prosesi tənzimləmək mümkündürmü?
Məsələyə münasibət açıqlayan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Müzəffər Baxışov deyib ki, Azərbaycan ərazisinin işğal olunması nəticəsində evlərindən didərgin düşmüş məcburi köçkünlərin yaşayış problemlərinin başqa mülkiyyətçilərin hesabına həll edilməsi yolverilməzdir. Onun sözlərinə görə, məcburi köçkünlərin problemləri, o cümlədən yaşayış hüququnun təmin edilməsi məsələlərinin həlli kobud şəkildə mülkiyyətçilərin üzərinə atılıb: "Bu problemlər təcili şəkildə öz həllini tapmalıdır. Şəxsi mənzil sahiblərinin mülkiyyət hüquqları uzun müddət pozulub. Hətta elə ailələr var ki, öz mənzilləri ola-ola 20 ildən çoxdur ki, başqa yerlərdə kirayədə yaşayırlar. Həmin mülkiyyətçilərin mülkiyyəti özlərinə qaytarılmalı, qaçqınlar isə dövlət hesabına yerləşdirilməlidir".
Vəkil hesab edir ki, məcburi köçkünlərin şəxsi evlərdə məskunlaşması zamanı sui-istifadə hallarına da yol verilib: «Çox hallarda rayon icra hakimiyyətləri məcburi köçkünə hər hansı yataqxana və digər sahə təklif edirdi. Lakin məcburi köçkünlərin bir hissəsi təkliflə razılaşmırdı. Burada sui-istifadə halları da az olmayıb».
Müzəffər Baxışov onu da vurğulayıb ki, mövcud problemi həll etmək üçün heç də bütün mülkiyyətçilərin Avropa Məhkəməsinə müraciət etməsinə ehtiyac yoxdur: "Bu məsələni birinci Azərbaycan məhkəmələri həll edə bilərlər, ikincisi isə dövlət orqanları məcburi köçkünlərin yerləşmə məsələsini özü həll etməlidir. Artıq bu istiqamətdə işlər görülür. Sadəcə bir qədər səbrli olaraq gözləmək lazımdır».
Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri, hüquqşünas Əlməmməd Nuriyev də şəxsi evlərdə məcburi köçkünlərin məskunlaşması nəticəsində ev sahiblərinin hüquqlarının pozulduğu qənaətindədir. Onun sözlərinə görə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycanla bağlı mövqeyindən sonra artıq ölkədə məcburi köçkünlərin həmin evlərdən çıxarılması prosesi gedir: «İndi məcburi köçkünlər məskunlaşdıqları şəxsi mülkləri boşaldırlar və onların evlə təmin edilməsi məsələsi istiqamətində aidiyyəti qurumlar iş aparır».
Hüquqşünas mülkiyyət hüquqları pozulan insanların İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etməsinin normal saysa da, burada obyektiv səbəblərin nəzərə alınmalı olduğunu da vurğulayır. «Bildiyiniz kimi, bu günə qədər Avropa Məhkəməsi bir neçə işə baxıb və qərar verib. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin şəxsi mülkiyyət hüququ ilə bağlı qərarında qeyd edilib ki, dövlət qaçqın və məcburi köçkünləri evlə təmin etmək öhdəliyini daşıyır. Amma burada obyektiv səbəblər mütləq nəzərə alınmalıdır. Yəni, nəzərə alınmalıdır ki, öz dədə-baba torpaqlarından didərgin düşən insanların da mülkiyyət hüququ pozulub. Hesab edirəm ki, bu məsələyə fərdi qaydada yanaşılmalıdır».