Dünyanın 124 ölkəsində nümayəndəliyi, illik gəliri 18 milyard dollar olan “TİENS”
şirkəti vətəndaşlarımızdan 13 manat pul yığaraq necə aldadır?
Bu yaxınlarda “facebook” sosial şəbəkəsində “Vakansiya iş” səhifəsinə gözüm sataşdı.
Səhifədə insanlara, xüsusən də adı naməlum olan “şirkət”in kadrlar idarəsinə ehtiyatda
olan zabitlərəehtiyac duyduqlarını və yüksək məvacibli, normal qrafikli və uğurlu karyera
və s. məlumatlar vəd edilirdi. Amma hansı “şirkət”in idarəsində, kadrlarında iş olması
haqqında heç bir məlumat verilmirdi. Səhifədə qeyd olunan nömrəyə zəng vurub,
ehtiyatda olan zabit olduğumu və iş axtardığımı qeyd etdim. Mənimlə danışan A.
müəllim sabah saat 10-da “28 May” metrosunun yuxarısında yerləşən “MEGAHAND”
mağazasının yerləşdiyi binanın III mərtəbəsinə yaxınlaşmağımı bildirdi. Sabahı qeyd
edilən vaxtda təyinat başında oldum. Orada 70-ə yaxın insanlar iş üçün gəlmişdi, amma
nədənsə III mərtəbədə boş obyektlər çox idi, hətta iş üçün müraciət edənlərin müraciət
etdiyi “Qəbul və məlumat ofisinin” hansı şirkətə, təşkilata aid olduğu da qeyd
edilməmişdi. Elə, naməlum “şirkət”in əməkdaşları gözə az dəyirdi. Nə isə...
Növbə mənə çatdı, məni ehtiyatda olan polkovnik qəbul etdi. Qısa “söhbətləşmədən”
sonra mən birbaşa 2 tur keçmiş oldum, həmçinin 5 günlük “təlimd”ə iştirak hüququ
qazandım. “Təlim” bitdikdən sonra birbaşa işlə təmin olunacağım barədə məlumat
verildi. Artıq “təlimin” 1-ci günündə Çinin “TİENS” şirkətinə müraciət etdiyimi anladım.
“Təlimçilər” başladılar adı çəkilən şirkəti reklam-tərif etməyə ki, “ay bu beynəlxalq
şirkət 1993-cü ildə yaradılıb, dünyanın 124 ölkəsində nümayəndəliyi var, 2002-ci ildən
Azərbaycanda fəaliyyət göstərir, bizim ölkə ilə 100 illik əməkdaşlıq müqaviləsi var, illik
gəliri 18 milyard dollardır, “TİENS” dünyada yeganə şirkətdir ki, öz işçilərini şəxsi
pulsuz xarici ölkələrə istirahətə göndərir, yeganə uğurlu karyera ancaq “TİENS”də qura
bilərsiz və s. bu kimi təbliğatlar”. Bütün “təlim” boyu bizə nə işlə məşğul olacağımız
barədə bir dənə də olsun bilgi verilmədi, ancaq “şirkət” tərifi və onun “təbii müalicəvi
vasitələrindən” söhbət açıldı. Hətta “təlimçilər” iştirak edənlərə suallar verməyə belə
icazə verilmirdi və qeyd edirdilər ki,“nə suallarınız varsa dəftərlərinizdə qeyd edin,
“təlimdən” sonra himayədarlarınıza yaxınlaşın, onlar sizə hər şeyi izah edəcəklər”.
Himayədarıma yaxınlaşıb suallarımı verəndə onun suallarım qarşısında həm
təəccübləndiyini, həm də karıxdığını gördüm. O, bəzi suallarıma “cavab” verməyə
çalışsada konkret cavablar verə bilmədi və əlavə etdi:“müəllim təlimləri uğurla
yekunlaşdırın sonra hər şey sizə tam aydın olacaq”.
Daha sonra bir tanışıma TİENS şirkətinin təlimində iştirak etdiyimi deyəndə, həmin
yoldaş mənə bu şirkətin fırıldağı, istismarçılığı ilə bağlı məlumat verdi. O, bildirdi ki,
2015-ci ildə ora müraciət etmiş, fırıldağı biləndən sonra aralanmışdı. Onun sözlərinə görə
həmin şirkət insanlardan üzlülük olaraq 10, müayinədən keçmək üçün isə 78 manat
alırdılar. Yoldaşın sözünə tam inanmasam da, şübhə qaldı. İnternetə baş vurdum və
TİENS-in fırıldağı barədə onlarla xəbərlər, aldadılmış insanların etirafı, jurnalist
araşdırmaları, azad sahibkarların adı çəkilən şirkətlə bağlı fikir və müsahibələrinə rast
gəldim. Lakin buna baxmayaraq, “təlim”də sona qədər müşahidəçi kimi iştirak etmək
qərarına gəldim. Artıq ikinci “təlimdə” həm tanışımın dediyi, həm də internetdə rast
gəldiyimi məlumatlar özünü doğrultdu. “Təlimçinin” sözlərinə görə üzv olmaq istəyən
hər bir kəs 13 manat pul ödəməli, kataloq, kitablar üçün isə 15 manat ödəniş etməli idi.
Birinci ödəniş məcburiydi, belə ki, bu ödənişdən sonra güya hər ödəyiciyə “şəxsi kod”
açılır və bu “kod” dünyanın 124 ölkəsində keçərlidir. İştirak etdiyim son 4-cü təlimdə isə
yalnız şirkətin “1001 dərdə dərman” olan dərman məhsulları, şampunları, aparatları
barəsində geniş təbliğatlar apardılar, iştirakçılara da əsas işlərinin yalnız şirkət
məhsullarının reklamı, təbliği oldunu izah etdilər. Onu da xüsusi vurğulayım ki,
“təlimçilərin” hamısı mahircəsinə insanları manipulyasiya etməyi bacarırlar, əsasən də
insanlara “bu şirkətin özündən çox sizin qazanmanızda maraqlıdır”,“şirkətə üzv olsanız
zənginləşəcəksiniz”, “bizim elə əməkdaşlarımız var ki, 1 saatına 1000 dollar pul
qazanırlar”, “siz niyə qazanmayasınız”, “dövlətin “dəmir qəfəsli” işlərində sürünərək, il
ərzində qazandığınız qəpik-quruşun 10 qatını bir saata şirkətdə əldə edə bilərsiniz” və s.
bu kimi gəlişi gözəl təbliğatlarla insanları tora salırlar.Tora düşən qurbanlarda əsasən
tələbələr və təqayüdçülərdir. 5 günlük təlimin 3 günü sırf şirkəti və onun məhsullarını
təbliğ etməkdir. 4-cü gün müraciət edənlərdən 13 manat pul yığılıb üzv “edilərək
(aldadılır)” razılaşmaya qol çəkdirilir. “Razılaşma”da qeyd olunanlar ancaq şirkət
məhsullarının reklamı, təbliği ilə bağlıdı. Hətta adı çəkilən “sənədin” 2-ci bəndində qeyd
edlir ki, “işə götürülən ilə işə götürənin heç bir öhdəliyi yoxdur”. Mən diqqətlə “sənədi”
oxudum və suallar verməyə başladım. Öz himayədarım suallarıma və iradlarıma cavab
verə bilmədi. O, məni konslagerdən qaçmış görkəmində olan bir“xanım”a yönləndirdi. O,
da öz-özlüyündə sual-iradlarıma öz təxəyyülü ilə izah etməyə çalışdı. Onun izahlarında
yalanlar, fırıldağ açıq-aydın görünürdü. Mən ona belə bir sual ünvanladım : bəs əmək
məcəlləsinə uyğun müqaviləniz hanı, axı mən ilk gündən sizə kadrlar işinə qəbul üçün
müraciət etmişəm, hətta kadrlar rəisi olan “polkovnik”də mənə şifahi vədd verib.
“Xanım” mənə:“biz dövlət idarəsi deyilik, özəl şirkətik bizim öz müxtariyyət və
qanunlarımız var” dedikdə, mən əlavə etdim ki, “Azərbaycan Respublikasında fəaliyyət
göstərən istənilən, xarici şirkət nə qədər müstəqil olsa da ölkənin Konstitusiyası, Əmək
Məcəlləsi, Vergi qanunlarının müdəalarını əsasında fəaliyyət göstərir, işçiləri də əmək
məcəlləsinə uyğun işə qəbul etməli, hər bir işçisinə görə vergi ödəməlidir və s.” bu cür
qanunları onların yadlarına salanda, həm qorxdular, həm də duruxdular. Sonda mənə belə
şərt qoydular ki:“əgər bu günkü təlimdə iştirak etmək istəyirsinizsə, çox xahiş edirik heç
kimə 13 manat vermədən keçdiyinizi deməyin, çünki hər kəs ödəniş edib”. Həmin gün
məni çıxmaq şərtiylə 28 nəfərdən 13 manat yığmışdılar ki, bu da 364 manat pul edir. Hər
gün müxtəlif zaman kəsiklərində bu qədər insanlardan pul yığılır. Son təlimdə də iştirak
etdim, sonda bu fırıldaqçıların haqqında yazmaq qərarına gəldim. Qısa araşdırmamdan
sonra bəlli oldu ki, bu fırıldaqçılar tez-tez məkanlarını da dəyişir. Məsələn əvvəllər Sahil
metrosunun yaxınlığında ofisləri var idi, sonra “Yeni Həyat Sağlamlıq Mərkəzi” Xan
Şuşinski 60 ünvanında, indi isə yuxarıda qeyd etdiyim ünvanda peyda olublar. Həmçinin
ehtiyatda olan zabitlərdən başqa, məktəb direktoru, direktor müavini, müəllimlər üçün də
“işə qəbul” üçün “cazibədar” elanlar yerləşdirirlər. Bu kateqoriyadan olan insanların
seçilməsi təsadüfi deyil, çünki onlar insanlarla çox təmasda olub və gələcəkdə də
şirkətədaha çox tanışlarını gətirə bilərlər.
Bu “şirkət”i tərifləyən, hələ də gözləri açılmayan insanlara aşağıdakı sualları verirəm
-Bir halda ki, TİENS şirkəti fırıldaqçılıqla məşğul deyilsə nə üçün açıq-aşkar fəaliyyətini
təbliğ etmir, əksinə “Vakansiya iş” adı ilə sosial şəbəkələrdə gizlənir, həmçinin hər dəfə
ofislərini dəyişməklə məşğuldurlar?
-Şirkət belə işsizləri düşünürsə niyə dövlətin məşğulluq idarələrində vakansiya yerləri
qoymur?
-Şirkət belə yüksək gəliri varsa vətəndaşlardan niyə pul yığır?
-Şirkətin məhsulları bu qədər insan sağlamlığına xeyrlidirsə niyə apteklərdə satılmır ?
-İnsanlara 1 saatda 1000 dollar qazandıran şirkət varsa ölkədə niyə yüz minlərlə işsizlər
ordusu var?
Əgər bu sualları özünüzə də versəniz, anlayacaqsınız ki, “TİENS” və onun “əməkdaşları”
fırıldaqçıdan başqa bir şey deyillər.
Ən böyük sual doğuran məqam da odur ki, görəsən adı çəkilən “şirkətin” və
əməkdaşlarının yuxarıda qeyd etdiyim fırıldaq, istismarçılıq kimi fəaliyyətlərinə DTK,
DİN, Səhiyyə və Vergilər nazirliyi niyə “tolerant” mövqe seçiblər?! Yoxsa adını qeyd
etdiyim dövlətin güc strukturları və nazirlikləri gözləyir ki, “şirkət” tərəfindən
zərərçəkmiş hər hansı vətəndaşın yaxını gedib, “xeyirxah misiyalı tiensçini” öldürməyini
və ya ağır yaralamağını gözləyir?!
Sonda Samuel Batlerin aforizmi ilə yazımı tamamlayıram
“Dünyada axmaqların sayı fırıldaqçılardan daha çoxdu, əgər belə olmasa idi,
fırıldaqdçılar yaşaya bilməzdi!”
Abdulla İsmayıloğlu