Azərbaycan İdeyası

“ÖZ BACILARININ HAQQINI HƏYASIZCASINA YEMƏKDƏN ÇƏKİNMƏYİBLƏR”

Tarix:8-12-2020, 12:51
Baxış Sayı:380


Qəbələnin Bum qəsəbəsində vəzifəli şəxslər dövlət aktları ilə təsdiq olunmuş torpaq sahələrinin xəritəsini dəyişdirirlər
Qəbələ rayonunun Bum kənd sakini Rəşidov Məhəmməd Cəlal oğlu “Korrupsiya və Qanun” qəzeti redaksioyasına ərizə ilə müraciət edərək, ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin qayınları tərəfindən zəbt olunaraq əkildiyini, şikayət etdiyi yerli hüquq-mühafizə orqanlarının işi obyektiv araşdırmadıqlarını bildirmişdir.
Rəşidov Məhəmməd Cəlal oğlu məhkəməyə müraciət edərək Eyyubov Tərlan Tapdıq oğluna, Eyyubov Fərhad Tapdıq oğluna və Məmmədov Eynulla Muxtar oğluna qarşı “Torpağa mülkiyyət hüququna dair JN-1048,KOD 40600038 saylı Dövlət Aktına əsasən mülkiyyətində olan torpaq sahəsindən cavabdehlərin çıxarılması, onlara həmin torpaq sahəsində hər hansı bir işlərin görülməsinin qadağan olunması və ona vurulmuş 5000 manat maddi və 3000 manat mənəvi zərərin cavabdehlər tərəfindən ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Həmçinin, 13.11.2017-ci il tarixdə iddiaçı məhkəməyə iddianı təmin etmə tətbiqinə dair ərizə ünvanlayaraq, iddianın təmini tədbiri olaraq işə mahiyyəti üzrə baxılıb qurtarana kimi mübahisə predmeti olan torpaq sahəsindən istifadə edilməsinin, əkin məqsədi ilə və digər aqrotexniki işlərinin və suvarma işlərinin aparılmasının cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qəbələ rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(025)-2353/2017 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, iddia üzrə mahiyyəti üzrə baxılıb həll edilənədək Dövlət Akti ilə Rəşidovlar ailəsinin mülkiyyətinə verilmiş olan 1,86 ha torpaq sahəsindən istifadə edilməsinin qadağan edilməsi, qərardadın dərhal icra edilməsi Qəbələ rayon İcra şöbəsinə həvalə edilmişdir. Lakin həmin qərardaddan cavabdeh Eyyubov Fərhad Tapdıq oğlunun nümayəndəsi Ədilov Cəbrayıl Məcid oğlu məhkəməyə şikayət vermişdir ki, guya Rəşidov həmin torpaqları aralarındakı razılıq əsasında onlara vermiş, bu barədə müvafiq aktlar tərtib olunubmuş. Qardaşların nümayəndəsi əkinə çəkilən zəhmətin hədər gedəcəyini əsas göstərərək, qərardadın ləğv edilməsini, icraatının dayandırılmasını xahiş etmişdir. Amma Qəbələ rayon Məhkəməsi 29 noyabr 2017-ci il tarixli 2(025)-2353/2017 nömrəli qərardadı ilə Eyyubovların nümayəndəsinin verdiyi şikayət ərizəsini təmin etməmiş və şikayət ərizəsi 2(025)-2353/2017 saylı mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi də öz növbəsində şikayətin dəlillərini iş materialları ilə birgə tədqiq edib bu qənaətə gəlmişdir ki, Qəbələ rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli 2(025)-2353/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
MƏHKƏMƏ DƏVƏTNAMƏSİNƏ ETİNASIZ YANAŞAN VƏZİFƏLİ ŞƏXSLƏR
Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsənquliyev Təbiyyət Aydın oğlu 30.05.2019-cu il tarixdə icraatına daxil olmuş Məmmədov Eynulla Muxtar oğlunun və Tərlan və Fərhad Eyyubov qardaşların öz bacıları Qətibə Rəşidovaya və kürəkənləri Məhəmməd Rəşidova məxsus torpaq sahəsindən çıxarılmalarına və onların həmin torpaq sahəsində hər hansı bir işləri görmələrinin qadağan edilməsinə dair 09.04.2019-cu il tarixli Qəbələ rayon Məhkəməsinin qətnaməsindən irəli gələn icra sənədinə əsasən həyata keçirdiyi icra hərəkətlərinin nəticələrinə dair çıxardığı qərarda bildirir ki, birinc dəfə 15.08.2019-cu il tarixdə icra təyin etmiş, lakin ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və yerli bələdiyyənin əməkdaşları prosesdə iştirak etmədiklərinə görə icra prosesi təxirə salınmışdır (Söz yox ki, Ünvan Reyestri Xidmətinin əməkdaşları adi vətəndaşlar üçün bəlkə də həyati dərəcədə əhəmiyyətli olan mülki mübahisələrinin həll olunduğu məhkəmə və icra proseslərində iştirak etməyə tələsməyə bilərlər və təəssüf ki, bu etinasızlıqlarından ötrü onlara “gözünüz üstündə qaşınız var” deyən yoxdur).
Bundan sonra icra məmuru növbəti dəfə 27.08.2019-cu il tarixdə, daha sonra isə 22.10.2019-cu il və 26.12.2019-cu il tarixlərdə icra prosesləri təyin etmişdir. İcra məmurunun qərarlarında göstərir ki, həmin proseslərdə Rəşidova məxsus torpaq sahəsinin sərhədləri GPS aləti vasitəsilə ölçülərək müəyyənləşdirilmiş, lakin Rəşidov bununla razılaşmayaraq başqa ərazidə yerləşən torpaq sahəsini tələb etmişdir. İcra məmuru qərarlarında qeyd edir ki, tarixləri yuxarıda qeyd olunan icra prosesləri video çəkiliş vasitəsilə lentə alınıb, eləcə də 26.12.2019-cu il tarixdə Eyyubov qardaşlarından izahat alınıb ki, həmin gündən etibarən Rəşidovun mülkiyyətində olan torpaq sahəsinə girməyəcəklər. Onlar həm də izahatlarında göstəriblər ki, Rəşidova məxsus JN-1048 nömrəli Dövlət Aktı ilə təsdiqlənən torpaq sahəsinin dəqiq yerini belə bilmirlər. Qəribədir ki, icra məmuru qardaşların izahatındakı bu sonuncu məqamla bir vaxtlar Fərhad Eyyubovun nümayəndə vasitəsilə verdiyi apellyasiya şikayətində guya onlarla Rəşidov arasında həmin torpaq sahəsini onlara verməsinə dair hansısa razılığın olduğu barədə yer alan iddia ilə ziddiyyət təşkil etdiyini nəzərdən qaçırmışdır. Rəşdovun bildirdiyinə görə razılığa cəhd olunsa da, razılıq əldə olunmamış, daha doğrusu, Əyyubov qardaşları sözlərini tutmamışlar: “Xatırladım ki, yuxarı təşkilatlara 2012-ci ildə müraciətlərimdən sonra Fərhad Eyyubov təklif etdi ki, gəlin ərazimizi dəyişək, siz keçin şimala, biz keçək cənuba. Buna da razılaşdıq. O da torpağımızın sənədini bizdən aldı ki, “kupça”nı alıb gətirəcək. Gətirmədi. Biz tələb edəndə dedi ki, mən ona kredit almışam. Bizim torpağın pasportunu bizə qaytarmadı... Təbiyyət Həsənquliyev məhkəmə qərarının icrasını yubadaraq torpağın bölgü xəritəsinin qanunsuz yollas dəyişdirilib ərazinin cənubunda bölgüyə getməmiş 16 hektar ərazini şimala keçirib cavabdehlərə 140000 manata satılmasına şərait yaradıbdır”.
QEYBƏ ÇƏKİLƏN VİDEO ÇƏKİLİŞLƏR
Rəşidov isə redaksiyaya verdiyi məlumatda bildirir ki, heç bir video-çəkiliş olmayıb. Əgər belə bir video-material ortaya qoyularsa, onun haqlı olduğu, icra məmurunun isə cavabdehlərin lehinə mövqe tutduğu aşkarlana bilər.
İcra məmuru həmçinin 02.04.2020-ci il tarixdə icraatına daxil olmuş Qəbələ rayon Məhkəməsinin 2(025)-16/2019 nömrəli, 09.04.2019-cu il tarixli icra sənədini guya tam icra etdiyini qeyd edərək, icra sənədinə xitam vermişdir. Rəşidovların və qonşularının da torpaq sahələrinin eskizlərinin dəqiq əks olunduğu bölgü xəritəsinə məhəl qoymayan icra məmuru qərarında bildirmişdir ki, “tələbkar ona məxsus torpaq sahəsini qəbul etməyərək başqa tələblər irəli sürsə belə, borclular onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılaraq hər hansı törədə biləcəkləri manelərə son qoyulmuşdur”. Buradan belə nəitcə hasil olur ki, cavabdeh Eyyubov qardaşlarının Məhəmməd Rəşidovun, ya da icra məmurunun hesabınca başqasının torpaq sahəsini zəbt edərək əkdikləri birmənalı şəkildə təsdiqini tapmışdır. Yəni, onların qovulduqları torpaq sahəsinin sahibi onları məhkəməyə verib qanunsuz istifadə edib qazanc əldə etdiklərinə görə kompensasiya tələb edə bilər.
Rəşidov Məhəmməd Cəlal oğlu və Rəşidova Qətibə Tapdıq qızı Şəki İnzibati Məhkəməsinə Qəbələ rayon İcra və Probasiya şöbəsinə qarşı ərizə ilə müraciət edərək icra məmurları Həsənquliyev Təbiyyət Aydın oğluna və qeyrilərinin Qəbələ rayon Məhkəməsinin 2(025)-16/2019 nömrəli, 09.04.2019-cu il tarixli qətnaməsinin olduğu kimi icra edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Lakin Şəki İnzibati Məhkəməsi özünün 05 mart 2020-ci il tarixli qərardadı ilə icra məmurlarının hərəkətlərinin ( o cümlədən, hərəkətsizliklərinin) inzibati qaydada inzibati məhkəmə icraatında mübahisələndirilməsini mümkün saymamışdər.
Bundan sonra Rəşidov və həyat yoldaşı “cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması” tələbi ilə iddia qaldıraraq Qəbələ rayon Məhkəməsinə müraciət etmişlər. Müraciətdə iddiaçılar Qəbələ rayon Məhkəməsinin icra vərəqəsinin icra olunması üsulundan narazılıqlarını ifadə etmiş, icra məmurunun icra hərəkətlərini lazımi qaydada yerinə yetirməməsindən şikayətlənmişlər. Lakin Qəbələ rayon Məhkəməsi iddia ərizəsində cavabdehlərin ünvanının düzgün göstərilmədiyini əsas götürərək 25.08.2020-ci il tarixli Qərardadla ərizənin geri qaytarılmasını qərara almışdır. Di gəl, Məhəmməd Rəşidov bildirir ki, ərizənin geri qaytarılması, Qərardadın surətinin ona çatdırılması ləngidilmişdir ki, bu da icra məmurunun hərəkətlərindən şikayət etmə müddətinin ötməsi ilə nəticələnmişdir. Belə ki, “İcra haqqında” Qanuna görə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.
TELEFONLA ADAMI HƏDƏLƏMƏK VƏ CƏZASIZ QALMAQ OLARMIŞ!..
Beləliklə, ortada Məmmədov Eynulla Muxtar oğlunun və Tərlan və Fərhad Eyyubov qardaşların öz bacıları Qətibə Rəşidovaya və kürəkənləri Məhəmməd Rəşidova məxsus torpaq sahəsindən çıxarılmalarına və onların həmin torpaq sahəsində hər hansı bir işləri görmələrinin qadağan edilməsinə dair 09.04.2019-cu il tarixli məhkəmə qətnaməsi vardır. İcra məmuru da guya həmin qətnaməni icra edib, cavabdehləri iddiaçının torpaq sahəsindən çıxarıb. Lakin, Rəşidovlar ailəsi icra prosesinin guya aparıldığı torpaq sahəsinin koordinatları onlara dövlət aktı ilə verilmiş sahə ilə üst-üstə düşmədiyinə əmindir.
Qətibə Rəşidovanın Qəbələ Məhkəməsinin sədrinə yazılı şəkildə verdiyi məlumatda göstərilir ki, onun Eyyubov qardaşları aqrar islashatların getdiyi 1996-cı ildən indiyə kimi öz bacılarının haqqını həyasızcasına yeməkdən çəkinməyiblər. Onlar hətta öz bacılarını telefonla hədələyiblər də. Lakin Qəbələ polisi Qətibə Rəşidovanın bu barədə şikayətini araşdırarkən belə nəticəyə gəlıib ki, qardaşlarının hədəni icra edəcəklərinə real əsaslar yoxdur, çünki hədə telefonla edilib (?) Beləliklə, polisin vəzifəli şəxsləri (təhqiqatçı Tural Mehdizadə və digərləri) insanın sağlamlığına təhlükə kəsb edən faktı aşkarlamalarına baxmayaraq gizlətmişlər.
Məhəmməd Rəşidov və Qətibə Rəşidova cütlüyü Qəbələ rayon Məhkəməsinin sədrinə ərizə ilə müraciət edərək, icra məmuru Həsənquliyevin tez-tez istinad etdiyi icra proseslərini əks etdirən video-çəkilişlərin məhkəməyə təqdim olunmasının təmin edilməsini xahiş etmişdir. Lakin Rəşidovun bildirdiyinə görə bu ərizəsi cavabsız qalmışdır.
EYNİ ZAMAN ANINDA İKİ MÜXTƏLİF MƏKANDA OLMAQ MÜMKÜNMÜŞ!..
Redaksiyamıza ünvanladığı ərizəsində Rəşidov daha bir mühüm məqamı da vurğulayır. Yazır ki, avqustun 15-də Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin məsləhətçisi, zona üzrə kurator Ruhin Xəlilovun qəbulunda olublar. R.Xəlilov onları dinləyəndən sonra Qəbələ İcra və Probasiya şöbəsinə zəng vuraraq T.Həsənquliyevlə danışıb. T.Həsənquliyev dəstəyin o başından deyib ki, işin icrası həmin günə təyin olunub. Bu vaxt R.Xəlilov ondan soruşub: “Bu günə təyin olunubsa, bəs vətəndaş mənim qəbulumda nə gəzir, niyə xəbəri yoxdur?”
Məhəmməd Rəşidovun şikayətləndiyi daha bir neçə vəzifəli şəxs vardır. Qəsəbə icra nümayəndəsi Eynulla Məmmədov ona məxsus torpaq sahəsinin Eyyubov qardaşları tərəfindən əkilib-becərildiyini bildiyi halda, məhkəməyə bunun əksini, yəni, torpağın onlar tərəfindən istismar edilmədiyi barədə arayış vermişdir. Rəşidovun sözlərinə görə, Ünvan və Reyestr Xidmətinin mühəndisləri Aqil Quliyev və Vasif Bədəlli əraziyə baxış keçirərkən özləri ilə heç bir GPS cihazı gətirməmişlər. İddia edir ki, adları çəkilən vəzifəli şəxslərin bu razılaşdırılmış hərəkətləri sahibkar Fərhad Eyyubovun ərazinin xəritəsinin öz xeyrinə dəyişdirilməsinə yönəlik qanunsuz hərəkətlərinin müdafiəsi üçün görülən tədbirdir. Rəşidov həmçinin bildirir ki, F.Əyyubov onlardan başqa daha 62 ailənin mülkiyyət hüquqlarını pozub. F.Əyyubov qəsəbənin rəhbər vəzifəli şəxslərinin – icra nümayəndəsinin və bələdiyyə sədrinin korruptiv hərəkətləri barədə yuxarı instansiyalara məlumat verdiyinə görə ondan qorxub hərəkətlərinə göz yumurlar: “Hətta təkcə bələdiyyə sədri Əddin Həsənovun bələdiyyənin balansında olan 110 hektar fındıq bağının kənar şəxsə qanunsuz icarəyə verməsinə, torpaqların icarə müqaviləsi olmadan əkilməsinə, subsidiya ödənişlərinin saxtalaşdırılmasına, torpaq vergisinin ödənişi sahəsində qanunsuzluqlara hüquqi qiymət verilməsi kifayətdir ki, həmin vəzifəli şəxslər məsuliyyətə cəlb olunsunlar”.
Redaksiya olaraq, məsələni diqqət məırkəzində saxlayıb əlaqədar qurumların mövzuya münasibətini öyrənməyə çalışacağıq.

Baş redaktor: Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı