Azərbaycan İdeyası

Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.

Tarix:19-03-2024, 14:06
Baxış Sayı:171

Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məlum olduğu kimi, Abşeron yarımadasında son 25 ildə çoxlu sayda yaşayış massivləri salınıb. Həmin massivlərin çoxunda əmlak sahibi olan şəxslər bu vaxtadək Dövlət Reyestrindən çıxarış ala bilmirlər. Çünki yaşayış massivlərinin çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda salınıb.
Baxmayaraq ki, mövcud qanunvericiliyə görə Nazirlər Kabineti hər 5 ildən bir istifadə edilən torpaqların təyinatına baxmalı, zərurət olduğu təqdirdə torpaqların təyinatını dəyişə bilər. Amma 25 ilə yaxındır ki, üzərində fərdi evlər tikilən kənd təsərrüfatı torpalarının təyinatı dəyişdirilmir. Ona görə də vətəndaşlar əllərində olan ilkin sənədə əsasən əmlaklarını özəlləşdirə, Dövlət Reyestrindən çıxarış ala bilmirlər.
Amma haqqında söz açdığımız şəxs aldığı torpaq sahəsinə Çıxarış sənədini də əldə edib. Hərçənd...
Astara rayonu Şiyəkəran kəndində qeydiyyatda olan, hal-hazırda Abşeron rayonu Məmmədli kəndində yaşayan Əliyev Novruzəli Fərzi oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək bildirir ki, 27.01.2022-ci il tarixdə Şirinov Cavid Ənvər oğlu ilə bağladığı alqı-satqı müqaviləsi əsasında sonuncunun mülkiyyətində olan torpaq sahəsinin 0,03 ha hissəsini alıb. Novruzəli Əliyev 14.02.2022-ci il tarixdə həmin torpaq sahəsi üçün öz adına xüsusi mülkiyyət növü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 308013069661 reyestr nömrəsi ilə Çıxarış əldə edib. Ailə qurub və atasının köməkliyi ilə artıq xüsusi mülkiyyətində olan həmin 0,03 ha torpaq sahəsində qonşuluqda tikilən digər yaşayış evləri kimi, o da ev tikmək qərarına gəlib. 11 daş hündürlüyündə tikinti işlərini tamamladıqda Abşeron Rayon İcra Hakimiyyətinin Məmmədli ərazi nümayəndəliyində işlədiyini deyən bir nəfər özünü təqdim etmədən ona deyib ki, mülkiyyətində olan və üstündə ev tikmək istədiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğu səbəbindən fərdi yaşayış üçün evin tikintisini dayandırmalıdır. Sonra bildirib ki, evin tikintisini davam etdirmək üçün Abşeron RİH-dən müvafiq icazə almalıdır.
Novruzəli Əliyev redaksiyadan qeyd etdiyi faktları ictimailəşdirməyi, geniş oxucu kütləsinə çıxarmaqla aidiyyəti üzrə dövlət orqanlarına göndərməyi xahiş etmişdir. İstəyir ki, ona da inşasına başladığı tikintisini tamamlamağa, həmin evdə yaşamağa imkan verən hüquqi sənəd verilsin. O ki,qaldı torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmasına, belə olsaydı, Novruzəli Əliyevə Çıxarış sənədi verilməməliydi.
Vətəndaşların öz hüquqlarını və qanunu bilməməsi tikinti ilə bağlı icra hakimiyyətinin qeyri-qanuni tələblərinin normaya çevrilməsinə səbəb olub. Baxmayaraq ki, son zamanlar Şəhərsalma və Tikinti Məcəlləsinə edilmiş dəyişiliklər, dövlət başçısının müvafiq sərəncamları və tapşırıqları tikinti sahəsində qanunsuzluqların qarşısını almağa hədəflənsə də tikinti sahəsində icra hakimiyyəti orqanlarının hələ də özbaşınalığı davam etməkdədir.
Hal - hazırda qüvvədə olan qanun tələblərinə görə, fərdi mənzil tikintisi üçün icazə proseduru xeyli asanlaşdırılıb. 2015-ci il yanvarın 1-dən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, artıq vətəndaşlar fərdi yaşayış evinin tikintisi üçün əvvəlki kimi rayon və ya şəhər icra hakimiyyətlərindən icazə alması tələb olunmur, sadəcə yerli icra hakimiyyəti orqanını özünə aid torpaq sahəsində ev tikəcəyi barədə məlumatlandırmalıdır. Yəni, faktiki olaraq icazə “məlumatlandırma icraatı” ilə əvəz olunub. Təbii ki, “məlumatlandırma icraatı” üçün bir sıra şərtlər müəyyən edilib. Göstərilən tələblər daxilində yəni, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatının həyata keçirilməsi üçün tələb olunan sənədlər:-ərizə; şəxsiyyət vəsiqəsinin surəti; torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd (notariat qaydasında təsdiqlənmiş surəti); torpaq sahəsinin planı və ölçüsündən (notariat qaydasında təsdiqlənmiş surəti) ibarətdir.
Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər tərəfindən hazırlanmış memarlıq-planlaşdırma bölməsi (3 nüsxədə rəngli)icra hakimiyyətinə tikinti barədə yazılı xəbərdarlıq göndərərkən, memarlıq-planlaşdırma sənədləri də məktuba əlavə olunmalıdır. Yəni, tikiləcək evin fasadı və onun mərtəbələrinin quruluşunu əks etdirən plan-çertyoj (lahiyə) çəkilməlidir.Belə lahiyələr lisenziya əsasında fəaliyyət göstərən memarlar və ya tikinti-layihə işləri ilə məşğul olan müəssisələr tərəfindən müəyyən pul müqabilində hazırlanır. Qanuna əsasən, 15 gün ərzində həmin plan-çertyoja (layihəyə) yerli icra hakimiyyətindən irad tutulmazsa, tikintiyə başlanıla bilər. Qeyd etmək lazımdır ki, çertyoj-plana yerli icra hakimiyyəti orqanları yalnız bir dəfə irad tuta bilər. Əgər planın tikinti normativlərinə uyğunlaşdırılmalı olması barədə göstəriş olarsa, vətəndaş bu iradları aradan qaldırıb tikintiyə başlaya bilər. Umumiyyətlə, qanunda plan-çertyojun (lahiyənin) peşəkarlar tərəfindən hazırlanmışı haqda tələbin qoyulmasını məntiqə uyğundur. Əks halda, infrastrukturun təşkilində, planlaşdırmada, ümumi standartlaşmada anlaşılmazlıqlar yarana bilər.
Tikinti ilə bağlı hər hansı bir mübahisəni 2016-si ildən fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Apelyasiya Şurasına müraciət etməklə həll etmək mümkündür. Tikilmiş evin sökülməsi barədə hədələrə gəlincə, yerli icra hakimiyyətinin tələbinə əsasən, çertyoj-plana qanuni düzəlişlər edilmədən tikintiyə başlanılması vətəndaş üçün inzibati məsuliyyətə səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsinin 195-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş normalardan kənara çıxılmaqla evlərin tikilməsinə görə fiziki şəxslər yerli icra hakimiyyəti tərəfindən ancaq və ancaq 300-600 manatadək cərimə oluna bilərlər. Konkret olaraq icra hahimiyyətləri tikilinin sökülməsinə sərəncam verə bilməz. Bu hüquq Məhkəmə Hakimiyyətnə məxsusdur.
Müəyyən icra hakimiyyətləri məsuliyyətdən yayınmaq məqsədi ilə ərazi üzrə tikinti işlərinə nəzarət etmək üçün işə müqaviləsiz yəni ştatdankənar işçiləri xidmətə cəlb edirlər.Vətəndaşla ünsiyyətdə olan özünü müəyyən orqanın işçisi kimi təqdim edənlərin şəxsiyətini və vəzifəsini müəyyənləşdirmək vətəndaşın haqqıdır (bizim misalda, vətəndaş rayon polisinə “Məmmədli icra nümayəndəliyinin adını gizlədən işçisinin” kimliyini müəyyənləşdirmək üçün müraciət edə bilər – red.) Bu gələcəkdə müəyyən problemlərin qarşısını almaq üçün vacibdir.Belə hallarda həmin işçilər tikinti aparan şəxslərə özlərini və müvafiq sənədlərini təqdim etmədən icra hakimiyyətinin nümayəndələri kimi qələmə verərək ancaq və ancaq tikintini dayandırmağı tələb etməklə tikinti aparan şəxsi icra hakimiyyətinin müvafiq idarəsinə şəxsən gəlmələrini tələb edirlər. Əks halda, tikilini sökəcəkləri ilə hədələyirlər. Vətəndalardan icra hakimiyyətinin müvafiq inzibati binasında səsyazma və video çəkiliş qabiliyyəti olan və olmayan bütün mobil telefonlar alındıqdan sonra total yoxlama keçərək qəbula buraxılırlar və qeyri qanuni tələblər isə oradaca məcburi qanuni tələblərə çevrilir.
Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə “Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz”. Vətəndaş qeyri qanuni tələblərə görə hüquq mühafizə orqanlarına müraciət etməkdə haqlıdır.
Fiziki və ya hüquqi şəxsə məxsus ev və ya tkililərin məhkəmə qərarı olmadan icra hakimiyyəti orqanları tərəfindən sökülməsi qeyri qanunidir. Bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsinə “Əmlakı qəsdən məhvetmə və ya zədələmə” kimi qiymətləndirilərək cinayət məsuliyyəti yaradır. Tikilinin Məhkəmə qərarı olmadan sökülməsinə sərəncam vermiş vəzifəli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309-cu, 310-cu maddələrinə əsasən “Vəzifə səlahiyyətlərini aşma” və “Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə” kimi cinayət əməlinə görə məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının qanunlarına görə ölkəmizdə fərdi yaşayış ev tikmək üçün nə icazə,nədə hər hansı bir dövlət rüsumu və ya hər hansı bir ödəniş tələb olunmur. Sadəcə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən yerli icra hakimiyyət orqanına müvafiq sənədlər əlavə edilməklə “məlumatlandırma icraatı” şəklində rəsmi qaydada ərizə ilə ev tikmək məqsədi barədə məlumat verilir. Göstərilən Məcəllədən kənar tələblər qanuna ziddir, inzibati və cinayət məsuliyyəti yaradır.

“Əsli ilə doğrudur!”
Baş redaktor: Xuraman Quliyeva [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO