Azərbaycan İdeyası

“Ramiz Mehdiyevi özümə düşmən hesab edirəm”

Tarix:14-10-2016, 11:36
Baxış Sayı:263

“Ramiz Mehdiyevi özümə düşmən hesab edirəm”
“Mən fəxr edirəm ki, övladım oğurluq edib, narkomaniya ilə məşğul olub, başqasının evini yıxıb zindana atılmayıb”

Azərbaycanda insan haqlarının kütləvi şəkildə pozulmasına, prokurorluq sistemindəki qanunsuzluqlara etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verən, bu addımından az sonra həbs olunan Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsinin toplantısı keçirilib. Toplantıda Rüfətin atası YAP-ın qurucularından olan sabiq deputat, Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Eldar Sabiroğlu da iştirak edib.

“Övladım həm də mənim qurbanımdı”

“Mən fəxr edirəm ki, övladım oğurluq edib, narkomaniya ilə məşğul olub, başqasının evini yıxıb zindana atılmayıb. O, azad fikrinə, özgür düşüncəsinə görə bu gün həbsxanadadı. Eyni zamanda, övladım həm də mənim qurbanımdı”, – deyə Eldar Sabiroğlu Rüfətin həbsi barədə danışarkən bildirib. Eldar Sabiroğlu hesab edir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev onun barəsində tənqidi yazılarına görə bu yolla ondan intiqam alır: “Mənim Azərbaycan hakimiyyətinin yüksək eşelonunda oturmuş birisi haqqında yazdığım silsilə yazılar və siyasi hekayətlərim ötərigi ola bilməzdi. Mən Ramiz Mehdiyevi nəzərdə tuturam. O adamın nə qədər intiqamçı olduğunu bildiyimdən, dərk edirdim ki, buna görə nə zamansa mənə “dərs veriləcək”.
Allahdan arzu edərdim ki, o “dərs” mənim özümə verilsin, mənim intiqamımı oğlumdan almasınlar. Amma o cür şəxslər insanı övladı ilə imtahana çəkirlər. Ramiz Mehdiyevi özümə düşmən hesab edirəm. Mən onun haqqında üç hekayət yazdım. Nəticəsini də gözləyirdim. Amma belə sərt şəkildə oğlumdan intiqam alınması barədə heç fikirləşmirdim. Hərçənd, Rüfətin anası deyirdi ki, “övladıma ziyan verəcəklər”. Lakin mən öz məsləyimdən dönmədim. Bu gün də acısını çəkirəm.

Amma eybi yox, o acı bir gün şirinliyə qovuşar. Biz əlimizdə silah dövlətə qarşı hansısa təxribatla məşğul deyilik. İstəyirik ki, ölkədə azad söz, özgür fikir bərqərar olsun. Mən ata kimi, oğlumun müdafiəsilə bağlı görülən işlərə görə təşəkkür edirəm. Ata üçün çox ağırdı. Amma neyləməli ki, düşmüşəm, gərək çəkəm, axıra qədər ləyaqətlə gedəm.Bizi ayırdılar, amma inanıram ki, bu ayrılıq müvəqqəti olacaq. Tanrıdan bütün günahsız insanların azadlığa çıxmasını, özgürlüyə qovuşmasını arzu edirəm”.

“Əliyevin xəbəri olmadan belə addım atılmazdı”

Amma Eldar Sabiroğlu düşünür ki, oğlunun həbsinə dövlət başçısı razılıq verib: “Yanvarın 15-də Rüfəti qondarma bir qərarla həbsxanaya atanda yüksək rəhbərliyin göstərişi ilə beş gündən sonra o, azadlığa çıxdı – ev dustaqlığına buraxıldı. 8 sentyabrda da yüksək səviyyədə verilmiş siyasi göstərişlə də oğlumu 9 il həbsə məhkum etdilər. Şübhəsiz, mən inanmıram ki, cənab prezident İlham Əliyevin xəbəri olmadan belə bir addım atılaydı”.
“Rüfətin yeganə günahı Azərbaycanda azad və ədalətli cəmiyyət görmək istəyidir”

Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Eldəniz Quliyev deyir ki, Rüfətin yeganə günahı Azərbaycanda azad və ədalətli cəmiyyət görmək istəyidir. Eldəniz Quliyevin dediyinə görə, bu gördüyü işə görə ona qarşı təzyiqlər var. Həbsxanadan təşəkkür məktubu… Rüfət Səfərovun vəkili Bəhruz Bayramov onun həbsdən yazdığı məktubu toplantı iştirakçılarının nəzərinə çatdırıb. Hazırda Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında saxlanılan Rüfət Səfərov məktubunda yazır: “Vəkilim Bəhruz bəy Hüquqlarımı Müdafiə Komitəsinin yaradılması barədə mənə məlumat verdi. Özümə borc bilirəm ki, başda komitənin sədri Eldəniz bəy olmaqla, hüquqlarımı müdafiə edən ictima-siyasi xadimlərə öz təşəkkürümü bildirim. Azərbaycan cəmiyyətinin dəyərli ziyalılarından belə dəstək almaq, heç şübhəsiz, doğru yolda olduğumu təsdiqləyir və məni ruhlandırır. Sizlərə uğurlar arzu edirəm”.

“Sanki əsirlikdə idik…”

Daha sonra Rüfət Səfərovun həbsi, onun barəsində çıxarılmış hökmdən danışan vəkil Bəhruz Bayramov onun “azad sözün qurbanı” olduğunu bildirib. Rüfətlə həm də yaxın dost olduğunu qeyd edən müdafiəçi öz fikirlərini azad şəkildə ifadə etdiyinə görə onun barəsində qondarma ittihamlarla saxta cinayət işi başlandığını vurğulayıb: “Rüfətin fikirlərinə görə saxta cinayət işi quraşdırıldı. Bu işdə o qədər pozuntulara yol verilib ki, saymaqla bitməz. Guya, Rüfət Səfərov istefa verib, vəzifədən çıxandan sonra bir neçə nəfər müraciət edib, Rüfətin müstəntiq işlədiyi dövrdə onlardan rüşvət aldığını bildiriblər. Onların hamısı da hazırda dövlət qulluğunda işləyən vəzifəli şəxslərdir və əminik ki, təzyiq altında Rüfətə qarşı ifadə verməyə məcbur olublar.
Zərdab rayonunun Mədəniyyət və Turizm İdarəsinin rəisi guya Rüfətə 3000 manat pul verib. Amma bu adamı nə istintaqda Rüfətlə üzləşdirdilər, nə də məhkəməyə çağırıb dindirdilər. Məhkəməyə teleqram vurdu ki, “xəstəyəm, gələ bilmirəm”. Məhkəmə də istintaqdakı ifadəsini elan etməklə kifayətləndi. Hər şey aydın deyilmi?! Rüfət istefa verəndən sonra onun apardığı işləri Baş Prokurorluq bir daha yoxlayıb. Əgər Rüfətin qəbul elədiyi qərar doğru deyildisə, niyə bu adanlar haqqında çıxarılmış qərarlar qüvvədə saxlanıldı?” Müdafiəçi deyir ki, Azərbaycanın məhkəmə tarixində Rüfətin işindəki qədər biabırçı hadisələr olmamışdı. Lənkəran Ağır Cinayətlər Məhkəməsində Rüfət Səfərov barədə hökmə imza atanların üçü də hakimlikdən əvvəl prokurorluqda işləyib: “O qədər biabırçı pozuntulara yol verildi ki… Sanki əsirlikdə idik. Rüfətə son söz deməyə, mənə müdafiə çıxışına hazırlaşmağa imkan verilmədi. Biz o məhkəmədə bir yox, faktiki dörd prokurorla mübarizə aparmağa məcbur olduq”.

“Prokurorluqda inqilabi hadisə”

İstiqlalçı deputat Mətləb Mütəllimli Rüfət Səfərovu “Azərbaycanın ən ləyaqətli gənclərindən biri” adlandırıb və onun ölkədə insan haqlarının tapdanmasına, prokurorluq sistemindəki qanunsuzluqlara görə müstəntiq vəzifəsindən istefa verməsini “prokurorluqda inqilabi hadisə” kimi qiymətləndirib: “Rüfətə qədər heç kim könüllü şəkildə o cür vəzifədən, karyeradan imtina etməyib. Onun bu addımı böyük cəsarət tələb edirdi. Rüfəti təkcə haqsızlığa etiraz etdiyinə görə yox, həm də hüquq-mühafizə sistemində çalışan, narazı olan digər əməkdaşlara dərs vermək üçün cəzalandırdılar”.

“Rüfətin addımı tarixi hadisə idi”

Komitənin üzvlərindən keçmiş siyasi məhbus, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Rüfət Səfərovun prokurorluqdakı pozuntuları, ölkədə insan haqlarının tapdanmasını əsas gətirib müstəntiq vəzifəsindən istefa verməsini “tarixi hadisə” adlandırıb: “Xüsusən Azərbaycanda, YAP-ın qurucularından, bu dövləti YAP-ın səltənətinə çevirənlərdən birinin övladı olan müstəntiqin bu addımı şübhəsiz ki, tarixi hadisə idi. Belə oğul böyütdüyünə görə Eldar müəllimə təşəkkür edirəm. Rüfət atasının günahlarını “yudu”.

Ə.Zeynallı hesab edir ki, komitə siyasi motivlərlə həbs olunmuş bütün şəxslərin məsələsini diqqətdə saxlamalıdır: “Əgər siyasi məhbusları müdafiə edənlərin hamısını bir araya gətirə biləriksə, bunu eləməliyik. Məsələn, bu gün Əli İnsanovun ətrafında yaşananlar gerçək bir faciədir. Əli İnsanov bir məhkumun faciəsidir. Hər birimizi həbs edib, bu şəkildə ömürlük azadlığa çıxmaq şansımızı əlimizdən ala bilərlər.
“Ramiz Mehdiyevi özümə düşmən hesab edirəm”
Əli İnsanov 11 il həbsdə qalandan sonra onu 71 yaşında yenidən məhkum edirsinizsə, bu artıq ölüm hökmü deməkdir – istər Əli İnsanova bundan sonra bir il verilsin, istər on il. Yaxud Fuad Qəhrəmanlı. Adam heç bir cinayət törətmədiyi halda, Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Eləcə də Taleh Bağırzadə və ətrafında olanlar. Bu adamların da heç bir cinayəti yoxdur, sadəcə, Konstitusiya ilə təminat verilən birləşmək hüququndan istifadə ediblər, fikirlərini ifadə ediblər. Dövlətin gücündən istifadə edib, 5-6 adamı öldürüb, onlarla adamı həbsxanaya salmaq ağlasığmazdı”.

“Rüfət ləyaqətlə yaşamağı seçdi”

Komitənin üzvü, tanınmış jurnalist-şairə Səadət Cahangir çıxışında vurğulayıb ki, Rüfət Səfərov çirkin sistemdə sona qədər qalıb işləməkdənsə, həbsxananı seçdi: “Rüfət ləyaqətlə yaşamağı üstün tutdu. Bu addımı ilə də təkcə özü üçün yox, bütövlükdə cəmiyyət üçün çox böyük şey elədi”.

“Rüfət də həbsxanalardakı siyasi girovlardan biridir”

Hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib ki, Rüfət Səfərovun hökuməti tənqid edən fikirlərinə görə həbs olunduğu kimsədə şübhə doğurmur və onun adı “siyasi məhbus” siyahısına daxil edilib: Azərbaycan hakimiyyəti heç bir qayda-qanun tanımadığı üçün onun siyasətini dəstəkləməyən adamları əzmək, sıradan çıxarmaq yolunu tutub. Azərbaycanda həbsxanalar təkcə günahsız adamlarla yox, həm də siyasi girovlarla doludur. Rüfət Səfərov da onlardan biridir. Bu gün ölkədə tam bir anarxiya, qisasçılıq mühiti var.

Təsəvvür edin, özləri xirtdəyə qədər çamur, korrupsiya içində olanlar günahsız adamları belə cinayətlərdə ittiham edir. Beynəlxalq Bankən keçmiş rəhbəri Cahangir Hacıyev maliyyə nazirinin 350 milyon dövlət vəsaitini mənimsəməsindən danışdı. Amma heç bir tədbir görülmür”, Oqtay Gülalıyev həmçinin komitənin aktiv fəaliyyətinin vacibliyini vurğulayıb. Toplantı iştirakçıları komitənin fəaliyyətinin daha da aktivləşməsi barədə razılaşıblar. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Azərbaycanda hakim intihar etdi
Azərbaycanda hakim intihar etdi
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb