Qobustan rayonu, Qobustan şəhəri, T.İsmayılov – 63 ünvanda qeydiyyatda olan, Binəqədi rayonu, 7-ci mikr.-n, A.Kunanbayev – 26, mən. – 41 ünvanda yaşayan Alıyev Azər Gülmalı oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək Əlizadə Ceyhun Elxan oğlunun dələduzluq əməlinə məruz qalaraq maddi ziyana düşdüyünü bildirmişdir.
Yazır ki, 2020-ci ilin yanvar ayında ona qarşı dələduzluq etmiş, saxta sənədlər vermiş, hal-hazırda həbsdə olan Zaur Elbrus oğlu Hüseynovun və onunla bir yerdə olan Elman Süleymanovun yanında, Əhməd Rəcəbli küçəsində yerləşəön “Qobustan Plaza”da Əlizadə Ceyhun Elxan oğlu ilə tanış olub:
“O vaxt Zaur Hüseynov onu da aldadıb saxta sənəd vermişdi. Sonradan mən Zaur Hüseynovu mənim 60 (altmış) min manat pulumu alıb mənə saxta sənəd verdiklərinə görə onların haqqında Baş Prokurorluğa məlumat verdim. Sonra bu, Ceyhun mənə yaxınlaşdı və mənə dediklərinin həqiqət olduğuna inandırmaq məqsədi ilə mənlə daima onların dələduzluqları haqqında danışırdı və Zaur Hüseynovun onun da 1600 (bir min altı yüz) manat pulunu mənimsədiyini və ona saxta etibarnamə verdiyini dedi və onlara qarşı tədbir görəcəyini bildirdi. Bu məqsədlə müəyyən adamlarla danışdığını bildirdi. Mənə də məsləhət gördü ki, 5000 (beş min) manat verim, həmin adamlar mənimn üçün də iş görsünlər. Xeyli vaxt üstündən keçəndən sonra, yəni, bu müddət ərzində məni hər gecə telefon vasitəsilə qoymurdu evdə oturmağa ki, “Azər əmi, nə oldu, düzəltmədin pulu?” Demə bu Zaurla, Elmanla birgə plan cızırmışlar mənə qarşı. Mənə telefonla Zaurla danışığın göstərir ki, “bax, başımı xarab edib məni çağırır guya hansısa məsələni həll etməyə”. 2020-ci ilin sentyabr ayında Ceyhun mənə dedi ki, bir iş var, 3000 (üç min) manat pul lazımdır. Mən də heç yerdə işləmirdim. Bununla iş görmək üçün üç min manat kredit götürdüm. 02 oktyabr 2020-ci il tarixdə Ceyhun, mən və mənim tanışım hacı Ədalət bir yerdə “28 may” metrosunun yanındakı telefon dükanından telefon almağa getdik. Ceyhun mənim əlimdən pulu saymaq məqsədilə alıb qaçdı. Mağazaya alver məqsədilə girib yox oldu. Mən Nəsimi RPİ-nin 22-ci PB-nə müraciət etdim. Sonra onu tapıb gətirdilər. Ona 2021-ci ilin may ayına qədər vaxt verildi ki, pulu ödəsin. Ödəmədi və 2021-ci ilin iyun ayında Nəsimi rayon məhkəməsinin qərarı ilə ona 6 (altı) ay iş verildi. Ondan sonra Ceyhunun anası, qaynanası, yoldaşı, qardaşı, atası mənlə telefonla danışdılar. Xahiş etdilər ki, mən onun körpə balalarının olduğunu nəzərə alaraq həbsdən buraxılmasına kömək edim. Mən də bir insan kimi onların xahişlərini, körpə uşaqları, pulu qısa bir müddətə qaytaracaqları vədlərini nəzərə alaraq məhkəməyə gəldim və dedim ki, mənim pulum ödənilib. Məhkəmə onu buraxdı və o, mənə elə məhkəmə zalında söz verdi ki, qısa bir zamanda mənim pulumu qaytaracaqlar. 2021-ci ilin avqust ayında həmin puldan 1000 (bir min) manat qaytardılar. İndi mənə 2000 (iki min) manat borcu qalıb və həmin pulu qaytarmaq istəmir. Mənə məlum oldu ki, bu da onlar kimi dələduzluqla məşğuldur”.
Korrupsiya və Qanun.