Sadiq oxucularımız xatırlayarlar, “Korrupsiya və Qanun” qəzetinin 05 may 2026-cı il tarixli № 2 (124) - ci sayının 3-5-ci səhifələrində “Keçmiş gəlin qaynananın mənzilini necə ələ keçirdi, yaxud, nəvə Nihad necə dönüb Niko oldu?” sərlövhəsi altında Məhkəmə-Hüquq Şurasına ünvanlanmış Açıq Məktub dərc olunmuşdu.
Xatırladaq ki, Bakı şəhəri, Nərimanov rayonu, Fəxrəddin Əsədov küçəsi, ev 12, mənzil 70 ünvanda yaşayan ərizə müəllifi Kərimova Xədicə Gülağa qızı bildirir ki, cavabdehlər Kərimova Natəvan Aslan qızı və Kərimov Nihad Maqsud oğluna qarşı “müqavilənin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsi 2(008)-2674/2023 saylı 12.07.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunub. Sonra qarşı tərəf apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6582/2023 saylı 07.11.2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin sonda Ali Məhkəmə Xədicə Kərimovanın ziyanına qərar çıxarmışdır.
Ali Məhkəmənin Aparatının Xədicə Kərimovaya ünvanladığı 13(102)-79/2025 saylı 05 mart 2025-ci il tarixli məktubundan görünür ki, onun Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3659/2024 saylı 23.12.2024-cü il tarixli qərarından verdiyi əlavə kassasiya şikayətinə Mülki Prosessual Məcəllənin 10.8-1 və 426-cı maddələrinə əsasən Ali Məhkəmənin Plenumu tərəfindən təyin edilən 5 hakimdən ibarət məhkəmə tərkibi yazılı icraat qaydasında , yəni məhkəmə iclası keçirmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaqdır. Ali Məhkəmədə Xədicə Kərimovanın şikayətinə yazılı icraat qaydasında baxılaraq, şikayətində göstərilən dəlillərin kassasiya instansiyası məhkəməsinin qərarının Ali Məhkəmənin Plenumunun baxışına çıxarılması üçün əsas hesab edilə bilmədiyi qərarına gəlinmişdir. Ali Məhkəmə 9 aprel 2025-ci il tarixli 13(102)-79/2025 saylı qərardadı ilə kassasiya şikayətinin Ali Məhkəmənin Plenumuna göndərilməsindən imtina edilmişdir. Ali Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, əlavə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilmişdir.
Şikayətçi Ali Məhkəmənin qərardadı ilə razılaşmayaraq bildirib ki, əlavə kassasiya şikayətində o və vəkili heç də maddi və prosessual hüquq normalarının pozulmasına istinad etməyiblər, şikayətləri AR Mülki Prosessual Məcəlləsinin 424-cü maddəsində nəzərdə tutulmuş əsasa istinad edilməklə əsaslandırılmışdır. Belə ki, həmin Məcəllənin 421.1-ci maddəsinə görə Plenum müstəsna olaraq hüquqi məsələlər üzrə işlərə baxır. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə kassasiya qərarlarının ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
Həmin Məcəllənin 424.2.6-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarı bu Məcəllənin 418.6-cı maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuşsa, kassasiya qərarlarının ləğv edilməsi üçün əsasdır. Xədivə Kərimova bu qənaətdədir ki, şikayətində istinad etdiyi əsas və ona uyğun formalaşan mövqeyi ilə bağlı eyni hüquqi mövqe AR Ali Məhkəməsinin “ər-arvad arasında bağışlama müqaviləsi, əqdin etibarsızlığı, əmlak bölgüsü” barədə mülki işlər üzrə 2(102)-387/2025 saylı 28.01.2025-ci il tarixli Qərarında öz əksini tapmışdır.
Ali Məhkəmənin baxılmış iki mülki işdə yuxarıda qeyd edilən əsasla bağlı gəldiyi fərqli mövqeyi anlaşılmır. Xədicə Kərimova hesab edir ki, məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından məhkəmənin gəldiyi nəticə yolverilməzdir.
Təəssüf ki, Ali Məhkəmənin qeyd olunan imtina qərardadından şikayətin verilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Bununla belə şikayətçi hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3659/2024 saylı 23.12.2024-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 26-cı və 60-cı maddələrinə, həmçinin AR Mülki Məcəlləsinin 416-cı, 418.1-ci və 418.1.1-ci maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası da Kərimova Xədicə Gülağa qızının şikayətinə dair 19 avqust 2025-ci il tarixli Qərardadında göstərir ki, mübahisələndirilən məhkəmə qərarının Konstitusiyaya və qanunlara uyğun olmayan normativ hüquqi akta əsaslnması halı müəyyən edilməmişdir və bu səbəbdən qərarın Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması Konstitusiya Məhkəməsinin səlahiyyətləri xaricindədir. Odur ki, şikayətin Konstitusiya Məhkəməsinin Plenumunun icraatına qəbul edilməsindən imtina edilmişdir.
Xədicə Kərimova haqlı sual verir ki, əgər Konstitusiya Məhkəməsinin səlahiyyəti bu qədər məhduddursa, bu təsisat nəyə görə yaradılıb? O, bildirir ki, Ali Məhkəmənin ədalətsiz qərardadı onu təkcə əmlakından məhrum etməyib, həm də keçirdiyi stress, çəkdiyi mənəvi iztirablar onsuz da qeyri-qənaətbəxş olan səhhət durumunu daha da ağırlaşdırıb.
Yada salaq ki, Xədicə Kərimovanın mənzil bağışladığı nəvəsi Nihad Kərimov sonra həmin mənzili öz anası Natəvan Kərimovaya bağışlayıb. Natəvan Kərimova isə daha əvvəl Xədicə Kərimovanın oğlu Maqsuddan boşanıbmış. Yəni, boşanma qüvvəyə minməklə boşanan tərəflər arasında əmlak bölgüsü məsələsi də çoxdan çözülübmüş. Fakt budur ki, Xədicə Kərimova ilə keçmiş gəlini Natəvan Kərimovanın münasibəti artıq qaynana – gəlin münasibəti çərçivəsindən çıxmışdır. Başa düşüləndir ki, heç bir qaynana öz əmlakını hətta dolayı yolla belə boşanmış gəlinə bağışlamaz. Belə olan halda çəkdiyimiz misalda nəvənin hərəkəti nənəyə qarşı nankorluq kimi qiymətləndirilməlidir. Ali Məhkəmənin hakimi bu açıq-aşkar nankorluq faktını daxili inamı ilə təsbit etməli və bağışlanma müqaviləsinin ləğvi üçün əsas saymalı idi.
Xuraman Quliyeva