Son dövrlər “Korrupsiya və Qanun” qəzetində təhsil dələduzları barədə dərc edilən tənqidi yazılar səmərə verməkdədir. Əlbəttə, əgər buna səmərə demək olarsa! Səmərə dediyimiz həmin məqalələrin ictimai maraq doğurmasıdır. Təəssüf hissi doğuran hal təhsil dələduzları ilə üzləşən vətəndaşların redaksiyamıza müraciətlərinin sayının artması, daha acınacaqlısı isə əlaqədar qurumların dələduzlar barədə lazımi ölçü götürməməsidir.
Bu günlərdə Şirvan şəhər Hacıqəhrəmanlı qəsəbəsində yaşayan Əliyeva Nərgiz Əlimirzə qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək məruz qaldığı dələduzluq əməli nəticəsində maddi və mənəvi-psixoloji ziyana düşdüyünü bildirib.
Vətəndaş N.Əliyeva yazır ki, müəllimlərin birinci sertifikasiyasında iştirakı gənc oğlunun vəfat etdiyi ərəfəyə düşdüyündən, sarsıntı hissi keçirdiyi üçün hazırlaşa bilmədiyi imtahandan kəsilib. Həyat yoldaşı Əliyev Rəfayıl Nuru oğlunun Zahid adlı tanışı onları Adilov Zaur İldırım oğlu ilə tanış edib və bildirib ki, həmin şəxs rüşvət müqabilində onu növbəti imtahandan uğurla keçirə bilər. “Yerlər doludur, vaxt daralıb” deyən Zaurun tələsik tələbi ilə N.Əliyeva 2024-cü ilin may ayının 6-da təcili olaraq yarısını bankdan faizlə götürdüyü, yarısını da qohum-əqrəbadan, dost-tanışdan borc tapdığı 8 (səkkiz) min manat məbləğində pulu ərinin iştirakı ilə Zaura verib. Ərizədə vurğuladığı kimi, pulu Zaura verəndə paralel olaraq Zahidlə də telefonla danışıb, telefonunda Zahidin və Zaurun məsələ ilə əlaqəli sübut kimi xidmət edəcək səs yazıları da var.
Nərgiz xanım yazır ki, Zaur Adilov nə vəd etdiyi işi düzəldib, nə də aldığı pulu geri qaytarıb, onu məktəb rəhbərliyinin və kollektivin yanında nüfuzdan salıb. Bu azmış kimi, Zahid ona və həyat yoldaşına “yoxa çıxan” Zaurun ev ünvanını səhv verib (Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 42), azdırıb. Üstəlik, Zaur onun işi ilə Elm və Təhsil Nazirliyinin “məsul işçisi” Vaqif Məmmədovun məşğul olduğunu deyib, başqa telefon nömrəsindən zəng vuraraq özünü Vaqif Məmmədov kimi təqdim edərək, yalandan “ürək-dirək” verib.
Sonda şikayətçi redaksiyamızdan məsələni mediada ictimailəşdirməyi və əlaqədar dövlət orqanlarına çatdırmağı xahiş edib.
Şikayətçidən əlavə məlumat olaraq öyrəndik ki, Zahidov Zahid Şakir oğlu kimi tanıdıqları şəxs onlara Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətində işlədiyini deyibmiş. FHN-nin Yanğından Mühafizə Xidmətinə gedib rəisinin birinci müavini Cabir İsgəndərov ilə görüşdük. Təsdiqlədi ki, Zahid həqiqətən onların əməkdaşıdır. Onun haqqında başqa şikayətlərin də olduğunu bildirdi. Həmçinin söz verdi ki, rəisi söhbətin kursunda saxlayacaq və yaxın günlərdə Zahidin pulu qaytarması üçün əllərindən gələn köməkliyi göstərəcəklər. Növbəti dəfə əlaqə saxlayıb vədini ona xatırladanda İsgəndərov bildirdi ki, xəstəxanadadır. Çıxıb özü zəng edəcək. Zəngini gözləsək də, bizimlə əlaqə saxlamadı. Özümüz zəng vurub məsələnin nə yerdə olduğunu soruşanda isə bildirdi ki, artıq Zahidi işdən çıxarıblar, çünki elə bir işçi onların sırasında qala bilməz. İşdən çıxarılma səbəbini soruşanda isə bildirdi ki, Zahiddən öz xahişi ilə işdən çıxarılma haqda ərizəsi alınıb. Halbuki, əgər onu məhz barəsində cəmiyyətdəki narazılıqların artmasına, işlədiyi qurumun nüfuzuna xələl gətirdiyinə görə işdən çıxarılmışdırsa, rəsmi səbəb də elə göstərilməliydi. Hazırki halda belə çıxır ki, Zahidi işdən çıxarmaqla onun həm özünün sosial rifah səviyyəsini ağırlaşdırıblar, həm də borcunu qaytarmaq imkanını daha da məhdudlaşdırıblar. Bir sözlə, “qaş düzəltmək əvəzinə vurub göz çıxarıblar”.
Mövzuya qayıdacağıq.
X.Ə.Quliyeva