"Sentyabr-oktyabr aylarında Dağlıq Qarabağda vəziyyətin yenidən gərginləşməsini gözləmək olar".
Sfera.az anspress-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Ermənistan xüsusi təyinatlı kəşfiyyat dviziyasının yaradıcısı və komandiri Vova Vardanov deyib.
Onun sözlərinə görə, avqustda Azərbaycanda Türkiyə ordusunun dəstəyi ilə xüsusi təyinatlılarının hazırlanması üzrə kurslar başa çatır:
"Daha sonra hazırlıq keçmiş həmin xüsusi təyinatlıları yeni hərbi döyüş əməliyyatları üçün döyüş bölgələrinə göndərirlər. Lakin bütün bunlarla yanaşı, daha güclü gərginliyi bu ilin payızında gözləmək lazımdır. Çünki qarşı tərəf yağmurlu hava şəraitindən istifadə edə bilər və hücum etməyə cəhd göstərə bilər. Onlar bilirlər ki, Ermənistan ordusu bu cür hava şəraitində onlara cavab vermək üçün hərbi texnika çıxarmağa çalışsa, həmin texnika palçığa batacaq. Azərbaycan tərəfi bütün bunları yaxşı bilir", - deyə Vardanov bildirib.
Son dövrlər Ermənistanın istər siyasətçiləri, istərsə hərbçiləri tərəfindən sentyabr-oktyabr aylarında cəbhədə gərginlik yaranacağı barədə çoxsaylı fikirlər səsləndirilir. Belə fikirlərdən birini təxminən bir həftə əvvəl İrəvandakı Regional Araşdırmalar Mərkəzinin direktoru, politoloq Riçard Kirakosyan yerli mətbuata müsahibəsi zamanı səsləndirib. Kirakosyan bildirib ki, çox güman ki, Azərbaycan ordusu Ermənistana hücum edəcək. Ancaq ola bilsin ki, bu daha kiçik miqyasda və daha az intensivliklə olacaq.
"Azərbaycan ancaq diplomatik prosesə tam şəkildə qayıtmaqdan daha çox, istənilən halda problemin hərbi həlli yolunu tapmağa çalışacaq. Ehtimal ki, Azərbaycanın bu hücumu yaxın aylarda olacaq. Onları bu hücumdan heç nə saxlaya bilməz. Rusiya, ABŞ və Fransa kimi güclü dövlətlərin həmsədrlik etməsinə baxmayaraq Minsk Qrupunun imkanları məhduddur, onların münaqişənin özünə və münaqişə tərəflərinə çox az təsir rıçaqları var".
Politoloq bildirib ki, Azərbaycan bir və ya iki işğal edilmiş rayonun qaytarılması üçün yenidən çalışacaq. Çünki Azərbaycanın aprel döyüşlərində əsas məqsədi zəbt olunmuş ərazilərin geri qaytarılmasından daha çox, Dağlıq Qarabağın statusuna yönəlmişdi. Lakin bu 1-2 rayonu geri qaytarmaq o qədər də asan deyil. Ola bilər ki, Minsk Qrupu və xüsusən də Rusiya Ermənistana 1-2 rayonu Azərbaycana qaytarmaq barədə təzyiq göstərsin", - deyə Kirakosyan əlavə edib.
Riçard Kirakosyan bildirib ki, burada Ermənistanın və Dağlıq Qarabağın istənilən halda birtərəfli güzəştlərə gedəcəyi ağlabatan deyil. Onun sözlərinə görə, işğal olunmuş ərazilərin böyük bir hissəsi zaman keçdikcə Dağlıq Qarabağın statusu və təhlükəsizliyinə təminat müqabilində Azərbaycana geri qaytarılacaq:
"Ancaq bununla belə, Laçın (Laçın dəhlizi, həmçinin Laçın rayonu) və Kəlbəcər danışıqların predmeti ola bilməz. Təəssüf ki, bu gün Ermənistan və Dağlıq Qarabağ arasında tərəfdaş yoxdur. Rusiyanın siyasəti silah satmaqdan ibarətdir. Bununla belə bu gün Rusiya tərəfindən Azərbaycana Dağlıq Qarabağın Ermənistanın təhlükəsizliyi üçün real təhlükə olduğu bildirilir".
Azərbaycanın Ermənistana hücum edəcəyi barədə dəfələrlə cəfəng fikirlər səsləndirən erməni politoloqlar özləri də bilirlər ki, Azərbaycan tərəfi aprel döyüşlərində də hücum edən tərəf deyildi və qarşı tərəfin diversiya-kəşfiyyat hücumunun qarşısını alırdı.
Lakin qarşı tərəfin hökumət nümayəndələri və hərbçiləri dünya ictimaiyyətinin təfəkküründə Azərbaycanı təcavüzkar tərəf kimi qələmə vermək üçün ordumuzun hücum edəcəyi barədə fikirlər səsləndirirlər. Ancaq unutmaq lazım deyil ki, Azərbaycan ordusu öz işğal edilmiş torpaqlarını geri qaytarmağa çalışır və yaranan hər hansı bir insident də məhz Azərbaycan torpaqlarında baş verir. Bu fikirləri Azərbaycanın hökumət nümayəndləri də dəfələrlə səsləndiriblər.