“Korrupsiya və Qanun” qəzetinin 01.12.2023-cü il tarixli sayca 10 (102)-cu nəşrində “Sumqayıt polisində soyğunçuluq: Qonşularını üzünə durğuzub 25 min pulunu aldılar” sərlövhəli məqalə dərc olunmuşdu. Sumqayıt şəhəri, məh. – 45, ev 6/79, mən. – 3 ünvanda qeydiyyatda olan, 1981-ci il təvəllüdlü Abdurəhmanov Pərviz Arif oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək, polis əməkdaşları tərəfindən şərlənərək pullarının mənimsənildiyini bildirmişdir.
Vətəndaş Abdurəhmanov onu polis idarəsində təpiklə döymüş, elektroşokdan istifadə edərək bütün bədəninə xəsarət yetiriblər. Hədsiz dərəcədə təhqiramız sözlər işlədərək bədəninə ağır və qalıcı zədələr endirdilər. Polislərdən Eldənız, Elnur, Cavidan və s. adlarını çəkmiş, Sumqayıt Səhər Polis İdarəsində işləyən Əsgər adlı müstəntıqdən şikayətlənmiş Pərviz Abdurəhmanov yazıb ki, narahat edilməməsi, bir də bu vəziyyətə düşməməsi və heç bir hadisə olmamış kimi polis idarəsindən rahatlıqla getməsinin müqabilində ondan 25000 (iyirmi beş min) manat əvəzinə 15000 (on beş min) avro xarici valyuta rüşvət məcburi aldıqdan sonra izahatı alınaraq buraxılıb. Pulu verəndən sonra üzünə durğuzulan yalançı “zərərçəkən” və yalançı “şahidlər” sözlərini dəyişiblər.
“Sumqayıt Şəhər Baş Polıs İdarəsı əməkdaşları tərəfindən deyil, tanımadığım şəxslər tərəfindən döyüldüyümü deməyə isə məni polis əməkdaşlarının “biz istəsək, sən heç vaxt azadlığa cıxmazsan” sözlərı ilə hədə - qorxu gəlmələri vadar etdi. – “sən şıkayət etsən, biz də səndən şikayət edərik. Sonunda sənə yox, biz polislərə inanacaqlar. Kimə nə şikayət edirsən et, sonunda prokuror bu işə baxacaq, o da bizimlə birlikdə hər gün çay içir” – dedilər”.
Pulunu geri almaq və onu döyən polis işçilərinin cəzalandırılmasına nail olmaqda israrlı görünən şikayətçi məruz qaldığı hüquqpozma və soyğunçuluq faktının KİV- də ictimailəşdirilməsini və aidiyyəti qurumlara çatdırılmasını redaksiyamızdan xahiş etmişdir.
Xatırladaq ki, iş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı Təhməzli Bəhram Namiq oğlunun icraatında olan HK- 1/1365 saylı iş üzrə 03 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının preambulasında Pərviz Abdurəhmanov elə təqdim olunurdu ki, sanki o, yaşadığı məhəllədə xuliqanlıq etməyi özündə bir növ vərdişə çevirmiş, necə deyərlər, “yetdiyinə yetirmiş, yetmədiyinə daş atırmış”.
Məqsədlərinə nail olandan sonra isə onun üçün “xilasedici” nüanslar tapmağa çalışıblar. Materialdakı şahid ifadələrində ara-sıra gözə dəyən “Hadisə zamanı ucadan səs-küy olmamışdır”, “Pərviz onun (Gülgünün) koftasını cırmamış, əsəbi olduğu üçün ərizəsində belə yazmışdır”, “Pərviz Fuadı söysə də, ucadan söyməmişdir” kimi ifadələr də bu məqsədə xidmət edib.
Sumqayıt polisinin istintaq təcrübəsində əcaib presendentlər tətbiq edib - “Şikayətçi hirsli olduğu üçün şər atıb”; “şübhəli şəxs söyüb, amma ucadan söyməyib”; “vurub, amma xəsarət yetirməyib...”
Məqalənin dərc olunduğu qəzet nüsxələrini müşayiətedici məktublarla aidiyyəti qurumlara göndərib obyektiv araşdırma aparılmasını və nəticə barədə redaksiyamızın məlumatlandırılmasını xahiş etmişdik. Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsindən 18.12.2023-cü il tarixli cavab məktubunda bildirilir ki, Prezident Administrasiyasından daxil olmuş müraciətimizə baxılıb: “Müəyyən olmuşdur ki, Pərviz Abdurəhmanov tərəfindən döyülmələri ilə bağlı Fuad Quliyev və Gülgün Nəsirovanın şikayətləri üzrə Sumqayıt şəhər Polis İdarəsinin istintaq şöbəsində araşdırma aparılaraq 9 oktyabr 2023-cü ildə əməldə cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2 maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. P. Abdurəhmanovun şəhər prokuroruna, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququ vardır”.
Məktubda həmçinin bildirilib ki, qəzetin müraciəti Sumqayıt şəhər prokurorluğuna göndərilib.
Biz də bilirik və məlum məqalədə göstərmişik ki, P.Abdurahmanovun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi haqda qərar çıxarılıb. DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Emin Məmmədov məktubunda bunu bir daha xatırlatmaq əvəzinə, heç olmasa belə yazsaydı, hardasa məntiqli alınardı: “Polis əməkdaşları… tərəfindən döyülməsi ilə bağlı Pərviz Abdurəhmanovun şikayəti üzrə DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsi araşdırma aparmış, şikayətdə qeyd olunan xüsusatlar təsdiqini tapmamışdır”.
Mövzuya qayıdacağıq.
Baş redaktor: X.Ə.Quliyeva